Bakı, 13 dekabr, AZƏRTAC
Auditorlar Palatasının sədri Vahid Novruzovun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistan İqtisadiyyat və Maliyyə Nazirliyi və Özbəkistan Milli Mühasiblər və Auditorlar Assosiasiyasının birgə təşkilatçılığı ilə Daşkənd şəhərində keçirilən “Mühasibat uçotu və audit: cari vəziyyət və inkişaf perspekltvləri” mövzusunda beynəlxalq konfransda iştirak edib.
Auditorlar Palatasından AZƏRTAC-a bildirilib ki, tədbirdə Özbəkistanın müvafiq nazirliklərinin rəhbərləri, bir çox ölkələrin audit və mühasibatlıq qurumlarının nümayəndələri tərəfindən “Özbəkistan Respublikasında mühasibat uçotu və auditin inkişafı”, “Cinayət gəlirlərinin leqallaşdırılmasına qarşı mübarizədə auditorların rolu”, “Mühasibatlıq peşəsinin davamlı inkişafı üçün strateji planlaşdırma: Strateji planlaşdırma alətlərindən istifadə etməklə”, “Auditor fəaliyyəti üzərində dövlət nəzarəti”, “Rəqəmsal üfüqlər: Texnologiya, innovasiya, süni intellekt və mühasibat uçotunun gələcəyi”, “Müasir şəraitdə mühasibat uçotu və audit sistemlərinin inkişafına elmi dəstək”, “Rusiya Federasiyasında auditor fəaliyyətinin inkişafı: Nəticə və Perspektivlər”, “Beynəlxalq Mühasiblər Federasiyasının siyasətinə uyğun olaraq Qazaxıstan Respublikasında auditin inkişafının müasir tendensiyaları”, “Kiçik auditor şirkətlərində auditin keyfiyyətinə nəzarət sistemlərinə təsir edən amillər”, “Audit peşəsində daxili nəzarət: Rusiya və beynəlxalq təcrübə”, “Qırğızıstanda beynəlxalq mühasibatlıq standartlarının inkişafı” mövzularında məruzələr dinlənilib və tədbir çərçivəsində müxtəlif nominasiyalar üzrə təltiflər təqdim edilib.
Beynəlxalq konfransda “Ekoloji audit yaşıl iqtisadiyyatın mühüm amil kimi” mövzusunda çıxış edən Auditorlar Palatasının sədri Vahid Novruzov ekoloji audit anlayışının, məqsədlərinin, Azərbaycanda ekoloji auditin qanunvericilik əsaslarının, mexanizmləri və proseslərinin, üstünlüklərinin, praktiki tətbiqində yaranan problemlərin və onların həlli yollarının, beynəlxalq təcrübənin, yaşıl iqtisadiyyatda auditorların rolu və vəzifələrinin, auditin təkmilləşdirilməsi yollarının səmərəsi və inkişafı üçün COP29-un rolunu vurğulayıb.