AZ

İcra başçısı Qazax Rayon Mərkəzi Xəstəxanasının direktorunu təqaüdə çıxması münasibətilə Fəxri Fərmanla təltif edib

Ən çətin anlarda, özümüzü narahat hiss etdiyimiz ən ağır günlərdə onlara üz tuturuq. Gecənin hansı vaxtı, gündüzün hansı zamanı müraciət etməyimizdən asılı olmayaraq, həmişə bizi diqqətlə dinləyir, şəfalı əlləri ilə ağrılarımızı yüngülləşdirir, dərdlərimizə məlhəm olurlar. Haqqında söhbət açdığımız bu insanlar ağxalatlı peşə sahibi olan tibb işçilərimiz, həkimlərimizdir. Səhiyyə sahəsində uzun illər səmərəli fəaliyyət göstərən, rayonun ictimai həyatında fəal iştirak edən həkimlərimizdən biri də məhz Məmmədova Sevda Abbas qızıdır.

Dekabrın 13-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin sabiq direktoru Məmmədova Sevda Abbas qızını təqaüdə çıxması münasibətilə təbrik edib, onu səhiyyə sahəsində uzun illər səmərəli fəaliyyətinə və rayonun ictimai həyatında fəal iştirak etdiyinə görə Fəxri Fərmanla təltif edib.

Bu münasibətlə Qazax Rayon İcra Hakimiyyətində təşkil olunmuş tədbirdə rayon rəhbərliyi, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

İcra başçısı Rəcəb Babaşov uzun müddət dövlətə, dövlətçiliyə layiqincə xidmət göstərən Sevda həkimə səmimi təbriklərini çatdırıb, onun fəaliyyəti dövründə öz işinə hər zaman məsuliyyətlə yanaşdığını, doğma el-obası, rayonu üçün daim can yandırdığını bildirib. İcra başçısı əhalinin sağlamlığının keşiyində dayanan həkimlərimizin əməyinin danılmaz olduğunu qeyd edib. Ulu Öndər Heydər Əliyevin səhiyyə sahəsinə, bu sahədə çalışan insanlara göstərdiyi qayğıdan söz açan icra başçısı həmin qayğının, səmimi münasibətin bu gün onun layiqli davamçıları ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən olduğu kimi davam etdirildiyini bildirib. Dövlətin, ölkə rəhbərinin qayğısı sayəsində səhiyyə sahəsinin ildən-ilə inkişaf etdiyini, ölkəmizdə səhiyyə sisteminin təkmilləşməsinə göstərilən qayğı, həyata keçirilən ardıcıl tədbirlər nəticəsində bu sahədə əhaliyə göstərilən xidmətin ildən-ilə əhəmiyyətli dərəcədə yaxşılaşdığını vurğulayıb. Son illər ölkəmizdə səhiyyə sahəsinə göstərilən dövlət qayğısından danışan icra başçısı bunun əyani təzahürü olaraq ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə 2020-ci ilin 3 martında istifadəyə verilən Qazax Rayon Mərkəzi Xəstəxanasını göstərib. Rayon rəhbəri mənfur düşmənlə 168 km sərhəddi olan Qazax rayonunda belə yüksək səviyyədə xəstəxananın tikintisinə görə qazaxlıların, xüsusilə də səhiyyə sahəsində çalışan insanların ölkə başçısı İlham Əliyevə bu gün də minnətdarlıq etdiklərini söyləyib.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında ölkəmizdə koronavirus (COVID-19) infeksiyasına qarşı aparılan mübarizə tədbirlərindən, əhalinin vaksinasiyası sahəsində görülən işlərdən söz açan icra başçısı bu işdə, əhalinin peyvəndlənməsi sahəsində uğurun əldə olunmasında həkimlərin, tibb işçilərinin böyük əməyi olduğunu vurğulayıb. Xəstə yaxınlarının ümid yerinə çevrilən həkimlərin və tibb işçilərinin koronavirus infeksiyası ilə mübarizə tədbirlərində, xüsusilə də əhalinin vaksinasiya olunmasında gördükləri işlərin danılmaz olduğunu söyləyib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən danışan icra başçısı bizlərə şanlı qələbəni bəxş edən qəhrəman oğullarımızı unutmadığımızı, onlarla hər zaman fəxr edib, qürur duyduğumuzu bildirib. 44 günlük savaşda əldə etdiyimiz Zəfərə görə Ali Baş Komandana, Azərbaycan Ordusunun əsgər və zabitlərinə, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu qeyd edib. İcra başçısı istər koronavirus pandemiyası ilə mübarizədə, istərsə də 44 günlük Vətən müharibəsi dövründə ölkəmizin tibb işçilərinin, o cümlədən də Sevda həkim başda olmaqla, Qazax səhiyyəsində çalışan həkimlərimizin öz vəzifə borclarını ləyaqətlə yerinə yetirdiklərini bildirib. Həkimlərimizin həm ümumbəşəri təhlükə ilə mübarizədə, həm də döyüş cəbhəsində yaralanan əsgərlərin sağaldılaraq həyata qaytarılmasında böyük fədakarlıq göstərdiklərini vurğulayıb.

Sevda Məmmədova çıxış edərək Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova ona göstərdiyi qayğıya və etimada görə öz dərin minnətdarlığını bildirib. Bundan sonra da bir həkim kimi əhalinin sağlamlığının keşiyində dayanacağını, həmçinin, rayonun ictimai, siyasi, mədəni, kütləvi tədbirlərində yaxından iştirak edəcəyini, gənc kadrların onun iş təcrübəsindən yararlanmaları üçün əlindən gələni əsirgəməyəcəyini qeyd edib.

Poliqon.info

phrase_var_article.chosen
73
poliqon.info

1phrase_var_article.sources