AZ

İRİA ölkəmizdə innovasiya ekosisteminin fəal oyunçularını mükafatlandırıb

Bakı, 13 dekabr, AZƏRTAC

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilin yekunlarına və innovasiya sahəsində fəallığı ilə seçilən oyuçuların mükafatlandırılmasına həsr olunmuş "digital.azerbaijan: Nailiyyətlər və IDDA Awards 2024" mərasimini keçirib.

AZƏRTAC xəbər verir ki, açılış nitqində İRİA-nın sədri İnarə Vəliyeva bildirib ki, əsas məqsəd Azərbaycanı regionda rəqəmsal sahədə lider dövlətə çevirməkdir. "Hazırda ölkəmizdə sənədlər rəqəmsallaşır və artıq kağıza ehtiyac qalmır. Bizim səylərimiz insanların növbələrdə vaxt itirməməsi, bütün xidmətlərin rəqəmsallaşmasıdır. Agentliyin bütün rəqəmsal xidmətlərinin mərkəzində vətəndaş məmnuniyyəti dayanır", -deyə İ.Vəliyeva əlavə edib.

İki hissədən ibarət tədbirin birinci hissəsində İRİA-nın il ərzində fəaliyyətinin yekununa dair hesabatlar təqdim edilib. İlk olaraq İRİA-nın İnvestisiyalar və ekosistemə dəstək şöbəsinin müdiri Ağahüseyn Əhmədov innovasiya sahəsində görülən işlər, yaradılan yeni imkanlar və ekosistemin inkişafına yönəlmiş təşəbbüslər barədə danışıb.

Tədbirin davamında İRİA-nın sədr müavini Şahin Əliyev çıxış edib. O, Agentlik tərəfindən kibertəhlükəsizlik sahəsində, xüsusilə yeni və peşəkar kadrların hazırlanması istiqamətində görülən işlərdən, il ərzində həyata keçirilən təlim proqramları, gənclərimizin yerli və beynəlxalq yarışlarda aktiv iştirakı, bu sahəyə yönələn təşəbbüslər və gənc mütəxəssislərin yetişdirilməsi barədə ətraflı məlumat verib.

Daha sonra ölkədə rəqəmsallaşma, vətəndaşyönümlü rəqəmsal xidmətlərin inkişafı və ümumilikdə rəqəmsal hökumət sahəsində il ərzində görülən işlərin hesabat təqdimatı ilə İRİA-nın sədr müavini Rəşad Xalıqov çıxış edib.

Tədbirin ikinci hissəsində “IDDA Awards” müsabiqəsinin mükafatlandırılma mərasimi keçirilib. İRİA-nın İnnovasiya ekosistemi departamentinin müdiri Yevgeniya Bikmurzina açılış nitqində bütün müsabiqə iştirakçılara təşəkkürünü bildirib. “Hər bir iştirakçı ekosistemə dəyər qatır. Məqsədimiz fəallığı ilə seçilən oyunçuların nailiyyətlərini ölkə miqyasında tanıtmaqdır”, - deyə Y.Bikmurzina əlavə edib.

11 nominasiya üzrə müsabiqəyə qoşulan iştirakçılara arasından "İlin Startapı", "İlin Rezidenti", "İKT-də İlin Qadını" və digər kateqoriyalar üzrə qaliblər elan edilib.

Qeyd edək ki, “IDDA Awards” müsabiqəsinin keçirilməsində əsas məqsəd ekosistemin ən perspektivli innovatorlarını tanıtmaq, onların fəaliyyətini dəstəkləmək, ölkə innovasiyasının inkişafında aktiv iştirak edən oyunçular arasında rəqabət mühiti yaratmaqdır. Bu il “IDDA Awards” üzrə mükafatlandırma 11 nominasiya üzrə həyata keçirilib. Seçim və ictimai səsvermə nəticəsində hər nominasiya üzrə 5 finalçı seçilib.

Tədbirdə Azərbaycanın tanınmış texnologiya bloqerləri, ekosistem oyunçuları, startapçılar və İKT icmasının üzvləri iştirak edib.

Seçilən
7
azertag.az

1Mənbələr