AZ

BDU-da “Heydər Əliyev mühazirələri” layihəsi davam edir

Bakı Dövlət Universiteti (BDU) və Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının birgə həyata keçirdiyi “Heydər Əliyev mühazirələri” layihəsinin növbəti qonağı YAP Veteranlar Şurasının üzvü Zərifə Quliyeva olub.

BDU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən BDU rektorunun elm və təhsil üzrə müşaviri, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə Ulu Öndər Heydər Əliyevin adının dövlətçiliyimizin rəmzinə çevrildiyini qeyd edib. O bildirib ki, nadir idarəçilik və liderlik keyfiyyətlərinə, fitri istedada, yüksək vətənpərvərlik hissinə malik olan Ulu Öndər müstəqil Azərbaycanın siyasi, iqtisadi, hüquqi, sosial-mədəni əsaslarını yaradan və inkişafını təmin edən qüdrətli şəxsiyyətdir. Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının gələcəyinə istiqamətlənmiş strategiyasında təhsil sahəsinin inkişaf etdirilməsi prioritet istiqamətlərdən biri olub.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətinin yaranması və inkişafında əvəzsiz xidmətlərindən, böyük xilaskarlıq missiyasından bəhs edib, zəngin dövlətçilik təcrübəsinin əhəmiyyətini diqqətə çatdırıb. O qeyd edib ki, Ümummilli Liderin ideyaları bu gün də yaşayır və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə həyata keçirilir.

Daha sonra məruzə ilə çıxış edən YAP Veteranlar Şurasının üzvü Zərifə Quliyeva Ümummilli Lider Heydər Əliyevin mənalı ömür yolundan, həyat və fəaliyyətinin mühüm məqamlarından danışıb. Ulu Öndərlə bağlı xatirələrini bölüşən YAP Veteranlar Şurasının üzvü bildirib ki, Heydər Əliyev tarix yazan və yaradan bir şəxsiyyətdir: “Ulu Öndər bütün varlığı ilə xalqını, Vətənini sevirdi, doğma Azərbaycanın yüksəlməsi üçün var qüvvəsi ilə çalışırdı. Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti bir tarixdir”.

Zərifə Quliyeva qeyd edib ki, müstəqil dövlətimiz özünün yeni inkişaf dövrünü yaşayır. Bu dönməz inkişafın möhkəm təməli Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub: “Bu, bir həqiqətdir ki, Heydər Əliyev 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə Azərbaycanın rəhbərliyinə qayıdandan sonra müstəqilliyimiz məhz onun qətiyyəti, zəngin təcrübəsi, güclü iradəsi, xalqına bağlılığı sayəsində əbədi xarakter aldı, dövlətimiz bütün sahələrdə inkişafa, yüksəlişə doğru irəlilədi”.

Daha sonra qonaq gənclərin suallarını cavablandırıb.

Seçilən
35
1
yeniazerbaycan.com

2Mənbələr