AZ

6-cı futbolçu ''Antalyaspor''dan FİFA-ya şikayət etdi!

Türkiyə çempionatında bu mövsüm maddi sıxıntılar yaşayan və heç cür borclardan qurtula bilməyən klublardan biri də ''Antalyaspor''du.

Xal cəzası almamaq üçün həm vergi, həm də futbolçulara olan borcu ödəməyə çalışan Antalya təmsilçisində daha bir futbolçu pulunu ala bilmədiyinə görə FİFA-ya şikayət edib.

Söhbət mövsümün əvvəlində ''Standard''dan icarəyə götürülən Mussa Cenepodan gedir. Ona son iki ayda maaş verilməyib.

Malili futbolçunun 120 min avro alacağı var. Bu məbləğ 1 ay ərzində ödənilməsə, onun müqaviləni birtərəfli qaydada ləğv etmək haqqı olacaq. Qeyd edək ki, Cenepo bu mövsüm pulunu ala bilmədiyinə görə ''Antalyaspor''dan FİFA-ya şikayət edən 6-cı (!) futbolçudu. Daha öncə Sem Larsson, Erdal Rakip, Əmrə Uzun, Ramzi Safuri və Sander van de Streek də eyni addımı atmışdı. İlk 4 futbolçuya olan borc artıq ödənilib.

İndi klubun Van De Streeklə yanaşı Cenepoya da borcu qalıb. Cenepo sonuncu dəfə antalyalıların heyətində noyabrın 4-də ''Samsunspor''a qarşı oyunda meydana çıxıb. O vaxtdan bu yana 26 yaşlı futbolçu hər dəfə bir bəhanə ilə oynamaqdan imtina edir. Elə son turda ''Konyaspor''la oyundan öncə də, o, ağrılarının olduğunu demişdi. Aydın məsələdi ki, Ceneponun əsas ''ağrısı'' pulunun ödənilməməsidi. Bu futbolçu daha öncə 2019-23-cü illərdə ''Sauthempton''da forma geyib.

Xatırladaq ki, ''Antalyaspor''u Aleks de Souza çalışdırır.

ƏLİ

Seçilən
10
football-plus.az

1Mənbələr