2024 Arktika İqlim Hesabatı təqdim olunub. Metbuat.az xəbər verir ki, hesabatda Şimal Qütbündəki Arktika tundrasının atmosferə qəbul etdiyindən daha çox karbon buraxdığı qeyd edilib. Hesabatda bildirilir ki, Arktika tundrasında təbiətin dəyişdiyi müşahidə edilir. Məlumata görə, Arktikada son illərdə müşahidə olunan dramatik dəyişikliklər rekord qıran temperatur və intensiv meşə yanğınları ilə bağlıdır. Normalda min illər boyu donmuş torpaqlarda karbon qazını saxlayan və zərərsizləşdirən Arktika tundrası indi əks funksiyanı yerinə yetirmiş kimi görünür. ABŞ Milli Okean və Atmosfer İdarəsindən bildirilib ki, temperatur və meşə yanğınları artdıqca, Arktika tundrası topladığından daha çox karbon buraxır. Bu, iqlim dəyişikliyinin təsirlərini daha da pisləşdirəcəyini göstərir. Arktikada 11 fərqli ölkədən 97 elm adamının iştirakı ilə aparılan araşdırmalar hava istiliyinin və yağıntıların artması kimi dramatik dəyişiklikləri ortaya qoyur. Hesabatda deyilir ki, Arktikada ardıcıl 11-ci ildir ki, temperatur qlobal orta göstəricidən daha yüksək qalxır. Tədqiqatçıların fikrincə, hazırda qlobal tempdən dörd dəfə çox istiləşmə müşahidə olunur.