“Liverpul”un misirli hücumçusu Məhəmməd Salah noyabr ayı üçün İngiltərə Premyer Liqasının ən yaxşı oyunçusu seçilib.
Arena.az məlumat verir ki, bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb.
Salah “Liverpul”un heyətində noyabrda keçirdiyi 3 oyunda 4 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.
Ötən ay “Liverpul” “Brayton” (3:2), “Aston Villa” (2:0) və “Sauthempton”a (3:2) qalib gəlib.
Qeyd edək ki, Salah üçün bu mükafat karyerasında 6-cı olub. Cari mövsümdə isə o, ilk dəfədir ayın ən yaxşısı seçilir. Premyer Liqanın cari mövsümündə Salahdan öncə Erlinq Haland (“Mançester Siti”) avqustun, Koul Palmer (“Çelsi”) sentyabrın, Kris Vud (“Nottingem Forest”) oktyabrın ən yaxşısı elan edilmişdi.
Premyer Liqanın 15 turundan sonra “Liverpul” 14 oyuna topladığı 35 xalla vahid liderdir.
Xatırladaq ki, Məhəmməd Salah 2017-ci ilin iyul ayından “Liverpul”da çıxış edir. İngiltərə nəhəngi həmin vaxt Salahın “Roma”dan transferi müqabilində 42 milyon avro məbləğində xərc çəkmişdi.
Salah cari mövsümdə “qırmızılar”ın heyətində bütün yarışlarda 22 oyuna çıxıb. O, bu oyunlarda 16 qol vurub, 12 məhsuldar ötürmə verib.
Misirli hücumçunun “Liverpul”un heyətində ümumi statistikası isə belədir: 371 oyun, 227 qol, 100 məhsuldar ötürmə.
Salah “Liverpul”la bütün mümkün ali klub yarışlarının qalibi olub. O, “Liverpul” və “Roma”dan başqa, “Fiorentina”, “Çelsi”, “Bazel” və “Əl-Mukavilun” klublarında çıxış edib.
Məhəmməd Salah hazırda kapitanı olduğu, 2011-ci ilin sentyabr ayında debüt etdiyi Misir yığmasının heyətində 101 oyun keçirib, 58 qol vurub, 33 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 32 yaşlı misirli cinah hücumçusunun transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.