Berlin, 14 dekabr, AZƏRTAC
Futbol üzrə Almaniya çempionatının - Bundesliqanın 13-cü turunun dekabrın 13-də keçirilən açılış matçında "Frayburq" doğma meydanda "Volfsburq"u qəbul edib.
AZƏRTAC xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada ev sahibləri 3:2 hesabı ilə qalib gəlməklə qonaqların ardıcıl dörd oyunluq qələbə seriyasına son qoyublar.
"Frayburq" qarşılaşmanın 61-ci dəqiqəsinə qədər rəqibin qapısından üç top keçirib. Komandanın heyətində 42-ci və 51-ci dəqiqələrdə müdafiəçi Lukas Kübler, 61-ci dəqiqədə isə avstriyalı hücumçu Mixail Qreqoritç fərqləniblər. Lakin qonaqlar sonrakı dəqiqələrdə bu qollardan ikisinin əvəzini çıxa biliblər. Matçın 75-ci dəqiqəsində Yonas Older Vind, 83-cü dəqiqəsində isə Mattias Olof Svanberq "Fraybuq"un qapısına yol tapıblar.
"Frayburq" bu qələbə sayəsində "Volfsburq"u 3 xallıq fərqlə qabaqlayır. Komandalar çempionatda müvafiq olaraq 5-cı və 6-cı yerlərdə qərarlaşıblar. Lakin digər oyunların nəticələrindən asılı olaraq komandaların mövqeləri dəyişə bilər.
Bundesliqaya 13 turda 33 xal toplayan "Bavariya" liderlik edir. "Ayntraxt Frankfurt" 27 xalla ikinci, ondan bir xal geri qalan "Bayer Leverkuzen" üçüncü, aktivində 24 xal olan "Leyptsiq" isə dördüncü pillədə yer alıb.
Çempionatın 13-cü turuna dekabrın 15-də "Leyptsiq" - "Ayntraxt Frankfurt" matçı ilə yekun vurulacaq.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin