Tailandın şimal-qərbində yerləşən Tak əyalətində Qızıl Xaç xeyriyyə yarmarkasında baş vermiş partlayış nəticəsində azı dörd nəfər ölüb, 40-dan çox insan yaralanıb.
Bu barədə “Thairath” qəzeti məlumat verib.
Bildirilib ki, hadisə cümə günü yerli vaxtla saat 23:30-da baş verib. Polis partlayıcı qurğunu işə sala biləcək 16 və 17 yaşlı iki karen (xalq) yeniyetməni saxlayıb. Partlayış nəticəsində iki nəfər hadisə yerində həlak olub, daha iki nəfər isə xəstəxanada aldıqları yaralardan vəfat edib.
Tailandın Tak əyaləti məşhur turist marşrutlarından uzaqda yerləşir və vətəndaş münaqişəsinin əhatə etdiyi Myanmanın Karen ştatı ilə həmsərhəddir. Burada yerli karenlər silahlı etnik qrupu hökumət qüvvələrinə qarşı mübarizə aparır. Bu ilin aprelində Myanma ordusu ilə etnik qrupların döyüşçüləri arasında toqquşmalar nəticəsində Tak əyalətinin sərhəd şəhəri Maesota 3,5 min qaçqın gəlib. Daha sonra Tailand iqtidarı sərhəddə vəziyyətin normallaşdığını bildirib.
Mənbə: report.az