AZ

Nərgiz Paşayeva: Gözəl alim, nüfuzlu pedaqoq

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının rektoru, “Şərəf” ordenli Nərgiz Arif qızı Paşayeva çoxşaxəli elmi-ictimai fəaliyyəti ilə tanınan ziyalı xanımlarımızdan biridir.

Onun doğum günü ilə bağlı qeydlər edərkən yaradıcı potensialını necə reallaşdırmasına bir daha heyran qaldım. Əməkdar elm xadimi, akademik Nərgiz Paşayeva, eyni zamanda, Bakı Dövlət Universitetinin (BDU) “Klassik Azərbaycan ədəbiyyatı” kafedrasının müdiri, BDU-nun nəzdində fəaliyyət göstərən filologiya elmləri doktoru və fəlsəfə doktoru dissertasiyalarının müdafiəsini keçirən Dissertasiya Şurasının sədri, Azərbaycan Mədəniyyət Fondu İdarə Heyətinin, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Azərbaycan-İrs” jurnalının ədəbi şöbəsinin redaktoru, ÜNS Yaradıcılıq Səhnəsinin təsisçisi və bədii rəhbəri, “İngiltərə–Azərbaycan Cəmiyyəti”nin həmsədri, Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Azərbaycan tərəfindən rəhbəri, Beynəlxalq Nizami Mərkəzinin qurucularından biridir.

O, ilk azərbaycanlı alimdir ki, 2012-ci ildə Böyük Britaniyanın İcmalar Palatasının “Çörçil” zalında, 2013-cü ildə isə Oksford Universitetində “Nizami Gəncəvinin yaradıcılığı və elmi irsi” adlı məruzələrlə çıxış etmişdir. Elə həmin il Oksford Universiteti nəzdində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin təşəbbüskarı kimi Oksford Universitetinin Şərqşünaslıq Departamentində Memorandum imzalamışdır.

2006-cı ildə ÜNS Bədii Yaradıcılıq Səhnəsini quran akademik Nərgiz Paşayevanın təşəbbüsü ilə “Molla Nəsrəddin” jurnalı yenidən çap olunub, “Səməd Vurğunun xatirələri” kitabı işıq üzü görüb, “Azərbaycan xalq çalğı alətləri” kataloqu elmi-mədəni ictimaiyyətə təqdim olunub. Azərbaycan Mədəniyyəti Dostları Xeyriyyə Fondunun İdarə Heyətinin üzvüdür. Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, Firəngiz Əlizadənin “İntizar” və “Qarabağnamə” operalarının libretto müəllifidir.

Ötən əsrin 90-cı illərində akademik Nərgiz Paşayeva universitet mühitinin yetişdirdiyi, eyni zamanda, o mühitin ənənələrini yaşadan alimlərdən, müəllimlərdən idi. O dövr müəllimlərinin çoxu kimi “azadlığı zərrə-zərrə, qram-qram” deyil, bütöv istəyənlərə şərait yaradır, rektorluqdan “komissiya” gələndə tələbələrini himayə edirdi. Bu, onun yüksək vətəndaş mövqeyi idi. O, çətin zamanda SSRİ Elmlər Akademiyasında şərqşünaslığın problemləri ilə bağlı konfranslarda anası – AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, professor Aida İmanquliyeva Dağlıq Qarabağ münaqişəsi, bu təcavüzün başında dayanan erməni və rus fitnəkarlara elmi əsaslar və tarixi dəlillərlə cavab verir, etirazını bildirirdi. Bu həm də o illər idi ki, bütün həyatını Azərbaycanın inkişafına həsr etmiş Heydər Əliyev ucalığına qısqanclıqla yanaşanlar Əliyevlər kimi, Paşayevləri, İmanquliyevləri onunla qohumluq bağlarına görə incidirdilər.

Böyüklərindən cəsarət, qətiyyət əxz edən Nərgiz Paşayeva BDU-da Azərbaycan ədəbiyyatından mühazirələr oxuyur, Sabiri, Mirzə Cəlili, Haqverdiyevi, ümumiyyətlə, “Molla Nəsrəddin” ədəbi məktəbinin təmsilçilərini sevə-sevə tədris edirdi.

Nərgiz Paşayevanın necə cəsarətli ziyalı olduğunu göstərən bir faktı xatırlatmaq istəyirəm: 2007-ci ilin payızı idi. Tehran Universitetinin rektoru başda olmaqla bir qrup alimlə universitetlərarası əməkdaşlıq haqqında protokol imzalanırdı. Mərasimdən sonra hədiyyələr təqdim edildi. İranlı rektor əlindəki çini qabı farsca “Tehran ustalarının əl işidir”, – deyib təqdim edərkən akademik Nərgiz Paşayeva tərcüməçini gözləmədən fars dilindəcə onun sözünə düzəliş etdi: “Hədiyyəyə görə təşəkkür edirəm. Bu, Təbriz miniatür məktəbinə xas olan əl işidir”. Onun çəkinmədən, farsca, səlis şəkildə dediyi sözlər bütün tədbir içtirakçılarını heyrətləndirdi. Bu, bir azərbaycanlının üsyanı, zaman-zaman maddi-mədəni irsi fars sənətkarlıq nümunəsi kimi təqdim olunub satılan odlar yurdunun harayı idi. Onun etirazından Mir Cəlalın “Yada satmaram” kəlamının ətri gəlirdi...

BDU-nun beynəlxalq əlaqələrinə akademik Nərgiz Paşayevanın rəhbərlik etdiyi 2006–2008-ci illərdə bu sahə öz qaynarlığı ilə fərqlənib. MDB-nin, İran İslam Respublikasının, Türkiyənin, Avropa və Asiya ölkələrinin elm-tədris mərkəzləri, universitetləri ilə əməkdaşlıq protokolları, memorandumlar imzalanıb. Tələbə, müəllim, aspirant və dissertant mübadiləsi həyata keçirilib. Çoxsaylı qrant layihələri çərçivəsində universitetin maddi-texniki bazası və kadr potensialı inkişaf etdirilib. Xarici ölkələrin Azərbaycanda akkreditə olunan səfirləri, dünyanın nüfuzlu ictimai xadim, tanınmış alim və məşhur yazarları ilə görüşlər təşkil olunub.

Elmi, bədii, publisistik əsərləri, monoqrafiyaları ilə böyük nüfuz qazanan akademik Nərgiz Paşayeva MDU-nun Bakı filialını qurmaqla, təkcə elmin, təhsilin deyil, mədəniyyətlərin, xalqların da inteqrasiyasına, elmi-mədəni əməkdaşlığa təkan vermiş oldu. 266 illik böyük bir tarixi olan MDU-nun filialını Bakıya gətirməklə Güney Qafqazda, ümumən Rusiya–Azərbaycan münasibətlərində yaranan buzu əritmək üçün şərqli hərarətinə ehtiyac olduğunu təsdiqləyərək, narahat dünyamızın nicatının İşığın Qaranlıq, Kamilin Cahil üzərində qələbəsində olduğunu sübut etdi!

Əlbəttə, bu böyüklükdə elm ocağının filialına sıradan bir alim rəhbər şəxs təyin oluna bilməzdi. O, intelektual potensialı, elmi dünyagörüşü, qloballaşan dünyada baş verən proseslərə öz baxış bucağı ilə seçilən, klassik və müasir rus, Azərbaycan və Avropa dəyərlərinə bələd olan mütəfəkkir alim kimi özünü təsdiq etmiş ziyalı, ictimai xadim olmalı idi. Məhz bu səbəbdən də ölkə başçısı cənab İlham Əliyevin 2008-ci il iyunun 23-də imzaladığı sərəncamla Nərgiz Paşayeva MDU-nun Bakı filialına rektor təyin olundu.

Ondan 4 il sonra – sentyabrın 16-da filialın yeni tədris kompleksinin açılışı oldu. Təntənəli mərasimdə Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva, MDU-nun rektoru Viktor Sadovniçi, habelə ölkəmizin tanınmış ziyalıları, alim və ictimai xadimləri iştirak edirdi.

Akademik Nərgiz Paşayeva hansı məsələdən – ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni, ədəbi-bədii mövzulardan, ümumbəşəri problemlərdən danışırsa-danışsın, o, həmişə mütəfəkkir, böyük fikir və düşüncə sahibi, milli və bəşəri dəyərlərə ehtiram bəsləyən, ədalətli mövqe nümayiş etdirən bir şəxsiyyət kimi görünür. Çünki onun duyğularına, ruhuna Şərq müdrikliyi, Qərb analitik təfəkkürü, yerində qərar vermək, nəticə çıxarmaq kimi keyfiyyətlər hakimdir. Heç şübhəsiz ki, bu da onun intelektual potensialından, genetikasından, yetişdiyi mühitin ona bəxş etdiyi vəziyyətlərdən boy alır. Gerçək olan budur ki, bir şəxsiyyətin formalaşması, özünü dərki, cəmiyyətə təsir imkanına malik olması üçün məkanı, zamanı, mühiti və bunların fövqünə qalxan ustadlarından aldığı dərs xüsusi əhəmiyyət kəsb edir.

Akademik Nərgiz Paşayeva babaları – Mir Cəlal kimi görkəmli yazıçının, milli mətbuatın cəfakeşi olan professor Nəsir İmanquliyevin müdrikliyinə, valideynləri – “Harada ki, sülh var, xeyir var, məhəbbət var, orada Allahın özü var” – deyən professor Aida İmanquliyevanın, Milli Aviasiya Akademiyasının qurucu rektoru akademik Arif Paşayevin genetik kodlarına möhkəm bağlıdır. Böyük bir soyun daşıyıcısı olan Nərgiz xanımın müəllim, alim, ictimai xadim kimi çoxşaxəli fəaliyyətində əldə etdiyi nailiyyətlərin kökündə bu amillər dayanır.

O, “Sabirin novatorluğu”, “Müasir Azərbaycan ədəbiyyatında insanın bədii-estetik dərki”, “İnsan bədii tədqiq obyekti kimi”, “Yeniləşən ədəbiyyatın yeni insanı” monoqrafiyaları, iki hissədən ibarət Qədim Yunan və Qədim Roma ədəbiyyatını əks etdirən “Antik ədəbiyyat tarixi”, elmin, publisistikanın vəhdətindən, ilahi sevgidən, övlad məhəbbətindən yaranan “Dünya deyilən sənmişsən” kitabları ilə ədəbiyyatşünaslıq elminə töhfələr verib. Onun digər kitab, monoqrafiya, biblioqrafik kataloqlarına nəinki ölkəmizin, eyni zamanda dünyanın tanınmış elm mərkəzləri tərəfindən yüksək qiymət verilib.

Akademik Nərgiz Paşayevanın təşkilatçılığı və rəhbərliyi ilə gerçəkləşən çoxsaylı beynəlxalq elmi konfrans, simpozium və forumlar onun bəşəri dəyərlərə, sivilizasiyaların, mədəniyyətlərin dialoquna, dəyişən dünyanın maddi-mədəni irsinə ehtiram hissini özündə ehtiva edir. Təsadüfi deyil ki, məhz bu səbəbdən də ona öz vətənində olduğu kimi, dünyanın müxtəlif guşələrində də hörmət göstərilir, mükafatlar verilir. O, AMEA-nın Nizami Gəncəvi adına “Qızıl medal”ına, Azərbaycan Respublikasının “Şərəf” ordeninə layiq görüldüyü kimi, RF-nin dövlət mükafatı olan “Dostluq” ordeni, sivilizasiyalar və mədəniyyətlərarası dialoqa verdiyi töhfələrə görə bu ölkədəki Beynəlxalq Elmi və Mədəni Əməkdaşlıq Mərkəzi tərəfindən Rusiya–Azərbaycan dostluq və əməkdaşlıq münasibətlərində göstərdiyi xidmətlər müqabilində “Dostluqda göstərdiyi xidmətlərə görə” nişanı, Macarıstanın “Xidmətlərə görə” Komandor xaç ordeni, Avropa İqtisadiyyat, Sənaye və Ticarət palatasının “Xidmətlərə görə” Qızıl Ordeni, UNESCO-nun “Mədəniyyətlərin müxtəlifliyinə görə” medalı, “Akademik Palma” fransız ordeni ilə də təltif olunub.

Şərəf CƏLİLLİ,
yazıçı-publisist

Seçilən
31
xalqqazeti.az

1Mənbələr