Taleyimin üzü sərtdi, 

Eşqindən dönən namərddi.

Unudulmaq yaman dərddi,

Gülüm, başına gəlməsin.


Sevgi şeyrindən bir hissədir, tanınmış şairimiz Əlibala Hacızadəyə məxsusdur. Niyə yazıya bu misralarla başladım, onu da deyim. Ötən gün xəbər yayıldı ki, U-15 liqası çərçivəsində keçirilməli olan EFA - "Qəbələ" matçı baş tutmayıb. Səbəb nə olsa yaxşıdı? AFFA bu oyuna hakim təyin etməyi unudub. Bununla bağlı yazıya başlıq fikirləşəndə ağlıma ilk gələn də elə bu şeyr oldu.


İnanmıram normal futbol ölkələrində belə bir hal yaşansın. Yəni, hər iki komanda qalxıb gəlir oyuna, üstəlik, "Qəbələ" Qəbələdən Bakıya üz tutur, xərc çəkir, avtobus tutur, formalarını dəyişirlər, meydançaya çıxanda məlum olur ki, hakimlər gəlməyib. Əslində "hakimlər gəlməyib" sözü də yerinə düşmür, bu oyuna, yerli-dibli hakim təyin edilməyib, bu işə cavabdeh şəxslər bunu yaddan çıxardıb. Həqiqətən biabırçı bir durumdu. Bir insan, futbol funksioneri, hakim təyinatı kimi məsuliyyətli işə cavabdeh olan şəxs nə dərəcədə bivec olmalıdır ki, belə bir səhv buraxsın. Əslində mənim üçün o qədər də təəccüblü gəlmədi. Çünki uşaq futbolunu, uşaq liqalarını illərdi yaxından izləyən şəxs kimi dəfələrlə neqativ halların şahidi olmuşam. Məsələn, oyun olub ki, hakim təyinatının yaddan çıxması oyun günü yada düşüb və matça saatlar qala təyinat reallaşıb. Yaxud, bir neçə il bundan öncə şəxsən şahidi olmuşdum ki, yan xətt hakimlərindən biri oyuna gəlmədiyi üçün onu məşqçilərdən biri əvəzləmişdi. Son zamanlar isə uşaq liqalarında hakimliklə bağlı durum daha da bərbad hala gəlib. Xüsusilə liqalara cəlb olunan gənc xanımların adi qaydaları bilməməsi səbəbindən hər oyun qalmaqal yaşanır. Amma biabırçılığın oyuna hakim təyinatının unudulması həddinə çatacağını adam ağlına gətirməzdi. Olmaz, cənablar, olmaz. İşə bu cür məsuliyyətsiz yanaşma, biveclik, unutqanlıq, xaotik idarəçilik olmaz. Uşaq liqalarını uşaq oyuncağına döndərmisiniz. Hələ də anlamırsınız ki, ölkə futbolunun təməl inkişafı uşaq futbolundan, uşaq liqalarından keçir. Siz "əşi, uşaq liqasıdır" deyib keçirsinizsə, əmin olun ki, bir neçə ildən sonra milli komandanın FİFA reytinqindəki hazırkı yerinə şükür edəcəyik. Bu arada, Rövşən Nəcəf yeni AFFA prezidenti seçiləndə qeyd etmişdi ki, əsas hədəflərimizdən biri uşaq futbolunda ciddi islahatlara başlamaqdı. Rövşən bəyin "islahat" dediyi budursa, o zaman vay bizim futbolun gələcək halına...


Anar XANLAROV