Bakı, 14 dekabr, Ceyhun Xəlilov, AZƏRTAC
Azərbaycanda ailə, qadın və uşaq problemlərinin həlli dövlət siyasətinin prioritetlərindən biridir. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi bu sahədə mühüm işlər həyata keçirir. Komitənin sədri Hicran Hüseynova qlobal miqyasda artan sosial problemlər fonunda Azərbaycandakı mövcud vəziyyət və qanunvericilikdəki son dəyişikliklər barədə AZƏRTAC-ın suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:
- Hicran xanım, siz 2006-2020-ci illərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri olmusunuz. Yəni, bu sahədəki problemlər barədə daha çox məlumatlısınız. Dövlətimiz də ailə, qadın və uşaq məsələlərinin həllini xüsusi diqqətdə saxlayır. Ötən illərdə ailə, qadın və uşaq problemlərinin həlli ilə bağlı qanunvericilikdə müəyyən dəyişikliklər aparılıb.
- Bəli, ölkəmizdə qadın və uşaq hüquqlarının təmin olunması ilə bağlı dövlət səviyyəsində önəmli addımlar atılır. Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva da bu məsələni daim diqqət mərkəzində saxlayırlar. Qəbul olunan qanunlarda bu kimi məsələlərə önəm verilir. Ümumiyyətlə, qanunvericilik sahəsində nailiyyətlərimiz çoxdur. Biz insanlarla ünsiyyətdə olur, onlardan məlumatlar toplayır, aidiyyəti dövlət qurumları, QHT-lər bizə məlumatlar verir və görürük ki, harada boşluq var, bu boşluqları doldurmaq üçün qanunvericilikdə hansı dəyişikliklər lazımdır.
-Məişət zorakılığı qurbanlarına dəstək olmaq üçün yeni qanunvericilik təşəbbüsləri varmı? İctimai qınaq mexanizmlərini gücləndirmək üçün nə etmək lazımdır?
-Əfsuslar olsun ki, zorakılıq, xüsusən də, qadınlara qarşı zorakılıq halları müasir dövrün qlobal problemlərindən biri olaraq qalmaqdadır. Aparılan bir çox araşdırmalar da bunu göstərir. Təəssüf ki, bu kimi hallar ölkəmizdə də var. Düzdür, digər ölkələrlə müqayisədə Azərbaycanda məişət zorakılığı ilə bağlı cinayət hadisələri çox azdır. Əlbəttə ki, qadınların kişilərlə bərabər iştirakçılığı üçün həm evdə, həm də iş yerlərində təhlükəsiz şərait olmalıdır. Onların gender əsaslı zorakılığa və məişət zorakılığına məruz qalmaması üçün müvafiq normativ-hüquqi aktlar qəbul edilib, Fəaliyyət Planı və qaydalar təsdiqlənib. Nəticədə zorakılığın bu və digər formasından zərər çəkmiş şəxslərin hüquqlarının müdafiəsi gücləndirildi; zərər çəkmiş şəxsin tələbi ilə dövlət vəsaiti hesabına hüquqi yardımla təmin edildi; zərər törədən şəxsin hərəkətlərinə dair sanksiyalar sərtləşdirildi; qısamüddətli və uzunmüddətli mühafizə orderlərinin müddəti artırıldı; məişət zorakılığından zərər çəkmiş şəxslər üçün qurumlararası əlaqələndirmə mexanizmi yaradıldı; zorakılıq hallarının şahidi və qurbanı olmuş uşaqların hüquqlarının müdafiəsi daha gücləndirildi. Bundan başqa, Azərbaycanda nikah yaşının 1 ildən çox olmayaraq azaldılması halı aradan qaldırıldı, həmçinin yetkinlik yaşına çatmayanlarla qeyri-rəsmi erkən nikaha daxil olan şəxslər və buna şərait yardan valideynlər, qəyyumlar barəsində sanksiyalar sərtləşdirildi. Amma cəmiyyət də bunu dərk etməli, biganə qalmamalıdır. İctimai qınaq mühüm rol oynayır. Bu o deməkdir ki, mənim qonşuluğumda ailə yaşayır. Mən görürəm ki, bu ailədə problem var. Deyirəm ki, bu, mənim problemim deyil. Lakin düşünmürəm ki, o ailədə olan problem mənim də ailəmə təsir göstərə bilər. Ona görə də cəmiyyət bu məsələlərə münasibət bildirməlidir.
Eyni zamanda, qadınlar da öz hüquqlarını bilməlidirlər. Çox hallarda qadın bilmir ki, hara müraciət etsin. Baxmayaraq ki, Dövlət Komitəsi var, onların qaynar xətti var, polis var, prokurorluq var və s. Deməli, biz daha çox işləməliyik.
- Zənnimcə, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi üçün ən çətin problemlərdən biri də qohum evliliklərinin qadağan olunması ilə bağlı qanun layihəsinin hazırlanması və qəbulu idi. Qanun layihəsinin qəbulu insanlar tərəfindən də müsbət qarşılandı. Yəqin ki, proses heç də sadə olmayıb...
- Biz adətən fikirləşirik ki, insanlar başa düşməz, nəyisə dərk etməz, qəbul etməz. Əslində artıq bu stereotipləri qıra bilmişik. Hələ 1970-ci illərdə Ulu Öndər Heydər Əliyev ailədə sağlam uşaqların doğulması, eləcə də, narahatlıq doğuran məsələlərdən biri olan qan qohumluğunun qarşısının alınması istiqamətində xüsusi addımlar atır, tibb işçilərinə göstərişlər verir və ən müxtəlif səviyyələrdə müzakirələr aparırdı. Bu bir həqiqətdir ki, sağlam ailə sağlam nəsil, sağlam millət deməkdir. Məsələn, altıncı çağırışda müzakirə etdiyimiz və qəbul olunan qanun layihələrindən biri Ailə Məcəlləsində nikahın bağlanmasına mane olan hallar, subyektlər dairəsinin genişləndirilməsi, yəni sadə dillə desək, qohum evliliklərinin qadağan olunması oldu. Bu, çox vacib məsələdir və uzun müddətdir ki, bizi narahat edirdi. Çünki qohum evlikliklərdə xəstə uşağın dünyaya gəlməsinə daha tez-tez rast gəlinir. Bu isə adətən ailədə münaqişələrə, zorakılıq hallarının baş verməsinə səbəb olur. Baxın, bizdə nə qədər reabilitasiya mərkəzləri yaranıb?! Niyə? Çünki bu, cəmiyyət üçün böyük problemdir. Biz hansısa addım atmalı idik və nəticədə belə qanun layihəsi hazırlandı. Artıq yaxın qohumlarla yanaşı, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu arasında nikahın bağlanmasına da yol verilməyəcək.
Elmi araşdırmalar da göstərir ki, qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin olması riski çox yüksəkdir və dünya əhalisinin bir qismi bu problemdən əziyyət çəkir. Belə nikahlar çox zaman uğursuz olur. Ailədə davamlı olaraq problemlər yaranır, münaqişələr baş verir. Biz unutmamalıyıq ki, insan sağlamlığı, reproduktiv sağlamlıq təkcə səhiyyə baxımından deyil, həm də istənilən ölkə üçün mühüm sosial-iqtisadi əhəmiyyətə malikdir. Biz hamımız ailələrimizin möhkəm olmasını arzulayırıq. İstəyirik ki, uşaqlarımız genetik və irsi xəstəliklərlə doğulmasınlar. İstəyirik ki, ailələrimiz uğurlu və uzunömürlü olsun. Ona görə də bu dəyişikliklər vacibdir. Bir çoxları deyirdi ki, bu qanun layihəsi böyük narazılıq yaradacaq. Ancaq əksinə, sosial şəbəkələrə baxdıq, insanlar bunu maraqla qarşıladılar. Deməli, dövr, insanlar, düşüncələr dəyişir. Amma bir il müddət də nəzərdə tutuldu ki, həm cəmiyyət buna tam hazır olsun, həm də müvafiq qaydalar hazırlansın. Beləliklə, biz bu problemin həllinin cəmiyyət tərəfindən də çox müsbət qarşılandığını gördük.
- Ailə, qadın və uşaq məsələləri komitəsi tərəfindən qadınların karyera imkanlarının, iqtisadi müstəqilliyinin genişləndirməsi, onların rolunun tanınması üçün hansı yeni təşəbbüslər irəli sürüləcək?
- Onu qeyd edim ki, ölkədə əmək münasibətlərinin gender bərabərliyi prinsipləri əsasında qurulması üçün mövcud qanunvericilikdə qadınların əməyi qadağan olunan peşə, vəzifə və iş yeri azaldılaraq 204 müəyyən edilib. Əvvəllər onların sayı 674 idi. Bununla yanaşı, qadınların kişilərlə bərabər qaydada gecə vaxtı yerinə yetirilən işlərə, iş vaxtından artıq işlərə cəlb edilmə və istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə və ezamiyyətə göndərilməsinə onların yazılı razılığı ilə icazə verilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa təklif olunan dəyişikliyə əsasən qadınlarla yanaşı, kişilər də uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdirlər. Əmək pensiyalarının tətbiqində gender bərabərliyinin təmin olunması həm də vətəndaşlarımızn konstitusion hüquqlarının müdafiəsi deməkdir. 2009-cu ildən Əmək Məcəlləsinə edilən dəyişikliyə görə ataların övladı dünyaya gəldiyi zaman 2 həftə, yəni 14 gün ödənişsiz məzuniyyətə çıxmaq hüququ var. Bu qanun həm dövlət, həm də özəl şirkətlərə şamil olunur. Qeyd edim ki, bu məzuniyyətin ödənişli əsaslarla verilməsi ilə bağlı Qanun layihəsi hazırlanıb və tezliklə bu layihənin qəbul edilməsinin şahidi olacağıq.
Qadın üçün əsas məqam nədir? Onun çalışma imkanı – iş şəraiti rahat olsun. Əlbəttə, dövlət qurumlarında çalışan qadınların şəraitinin yaxşılaşdırılması üçün işlər görürük, gələcəkdə yəqin ki, güzəştlər də olacaq. Qadın hər şeydən əvvəl anadır, ailənin əsas dayağıdr. Buna görə də çalışırıq ki, qadınlarımız müqəddəs analıq hissi ilə bərabər, ictimai-siyasi fəaliyyətlərini də həyata keçirə bilsinlər. Bunun üçün isə özünü ictimai həyata həsr edən qadın, həm də bir ana olaraq evi, ailəsi və uşağı üçün narahatlıq keçirməməlidir. Qadınlarda özünəinam hissi olmalıdır. Əgər qızlar və ya qadınlar “mən qadınam, yaxşı olmaz” deyərək, öz arzularından, istəklərindən imtina edərsə, bu, onları daha da geri salacaq. Ancaq “mən bacararam” prinsipi ilə davranarsa, əlbəttə ki, uğur qazanacaq, həm ailədə, həm də cəmiyyətdə öz layiqli yerini tutacaq. Mən Ulu Öndər Heydər Əliyevin sözlərini xatırlamaq istərdim: “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır”.
Digər tərəfdən, bizdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yaradılıb. Mən bu təşkilata çox minnətdaram. Onlarla bizim bir çox layihələrimiz olub. Qadın sahibkarlara çox böyük imkanlar yaradırlar. Misal üçün, 2006-cı ildə Azərbaycanda cəmi 4-5 qadın sahibkar var idisə, bu gün onların sayı minlərlədir. KOBİA Qarabağ və Şərqi Zəngəzurda - erməni işğalından azad olunan torpaqlarda sahibkarlıq fəaliyyəti ilə bağlı müsabiqə elan etmişdi. Həmin müsabiqədə çoxlu sahibkar qadınlar iştirak etdi. Maraqlı layihələr vardı və onların həyata keçirilməsi üçün imkanlar yaradıldı. Həmin kiçik müəssəsisələrin hər birində azı 6-7 qadın işləyəcək. Bu, həm də işsizlik probleminin həllinə töhfədir.
- Boşanma hallarının artmasının, evlilik yaşının çoxalmasının səbəbləri barədə fikirləriniz maraqlı olardı. Bu sahədə təklifləriniz nələrdir?
- Bəli, bizi ən çox narahat edən məsələlərdən biri də budur, son dövrdə boşanmaların sayı artıb. Bəziləri buna sosial-iqtisadi problemlərin, evlərinin olmamasının və sairin səbəb olduğunu deyir. Mən əslində bunlara inanmıram. Çünki təcrübə belə demir. Bizim ağsaqqallar, ağbirçəklərimiz var. Hansı ki, ömür boyu bir yerdə yaşayıblar. Məgər onlar hamısı varlı ailələr idi? Onlar daha çətin dövrdə ailə qurub yaşayıblar - müharibə dövründə, özü də beş-altı, hətta daha çox uşaqla. Nümunəvi də ailələr olublar. Onu da vurğulayım ki, bizdə ağbirçək sözü də, ağsaqqal sözü də əsas olub. İkisinin də eyni nüfuzu var. Əsas məqsədimiz odur ki, bu, qorunub saxlasın və nəsildən-nəslə ötürülən ənənəyə çevrilsin. Necə ki, indiyə qədər belə olub.
Evlilik yaşının çoxalmasına gəldikdə, hesab edirəm ki, bu, daha çox Qərbin təsiridir. Bir çox gəncimiz gedir xaricdə oxuyur, qayıtdıqdan sonra karyera qurmaq istəyir və fikirləşir ki, müəyyən karyera qurum, sonra evlənərəm. Əslində bu, Qərbin baxışıdır ki, əvvəlcə karyera, sonra ailə. Mən bunun tərəfdarı deyiləm. Əlbəttə, erkən nikahın da tərəfdarı deyiləm. Düşünürəm ki, qızların təhsilini bitirdikdən sonra ailə qurması daha uyğun olar. Öz ailəmizdən bir misal çəkim, mənim atam da gec evlənib. Danışardı ki, o da fikirləşib, gərək evim olsun, ailəni dolandıra bilim və sair. Onun bir ustası var idi. Atama demişdi ki, “Sən belə getsə, heç zaman evlənməyəcəksən. Ailə qur, sonra hamısı yavaş-yavaş düzələcək”. Elə də oldu, atam ailə qurub, bir müddət əziyyət çəkib. Amma sonra vəzifədə də irəli çəkilib, ailəsini də dolandırıb. Yəni, hər şeyi vaxtında etsən və əziyyət çəksən çox şeyə nail ola bilərsən.
-Hicran xanım, sonda, gənclərə nə məsləhət görərdiniz?
- Öz üzərlərində çalışsınlar. Vaxtilə mən işdən boş vaxtım olanda fikirləşirdim ki, görəsən, nə edə bilərəm?! Sonra iki uşaq götürdüm, başladım onları universitetə hazırlaşdırmağa. Burada məsələ təkcə maliyyədən getmir. Mən bunu öz təcrübəmi itirməmək üçün edirdim. Heç özüm də bilmirdim ki, mən bunların hamısını necə çatdırıram.
Həmişə qızlara deyirəm: Bax, yoldaşın gəldi evə, ona deyəndə ki, “mən də işləmişəm, mən də yorulmuşam”, sən artıq ailədə problem yaradırsan. Əksinə, yaxşı söz deyin, nə qədər də yorulsan, çalış ki, onun diqqətini başqa yerə yönəldəsən. Belə olmayanda ailə də dağılır, uşaqlar psixoloji sarsıntı keçirirlər. Ona görə də düşünürəm ki, biz ailələrimizlə hələ çox işləməliyik.
Bundan başqa, mən fəaliyyətim dövrümdə ailələrlə işləyən zaman həmişə bir fikri çatdırmaq istərmişəm - qız uşağının uşaqlıqda ata sevgisini, münasibətini hiss etməsi çox vacibdir. Ona görə ki, qız üçün “ideal kişi” modeli onun atasıdır və qızın bütün taleyi atanın bu münasibəti ilə bağlı olur. Çünki qadını bir şəxsiyyət kimi formalaşdıran əslində elə bu münasibətdir – o, bu gücü hiss edir və gələcəkdə atasının timsalında yaratdığı “ideal kişi” modeli ilə ailə qurur. Gərək kişilər bu məsələyə xüsusi diqqətlə yanaşsınlar.