AZ

Bu günün İranı: Qlobal səhnədə böhran

Image

İlkin sivilizasiya məskənlərindən biri sayılan İranın dərin bürokratik aparata malik olması heç də təəccüblü bir hal deyildir. Ərazisində müxtəlif imperiyaların mövcud olduğu bu ölkə tarix boyu mərkəzi bürokratik avtoritar dövlətə çevrilmək səyləri ilə mərkəzləşdirilməmiş icma nizamının hökmranlığı arasında qarşıdurmanın məhsulu olmuşdur. Ərəblərin Sasaniləri məğlub etməsinə qədər ölkədə müxtəlif məzhəblər mövcud olmuş, VII əsrdən etibarən islam hökmləri hər sahədə öz əsasını möhkəmlətmişdir. Sonrakı dövrlərdə şiəlik məzhəbinin İranda geniş yayılması və İran kimliyi anlayışı ilə inteqrasiyası nəzərə çarpan əsas tendensiyadır. XX əsrin əvvəllərində qərb dövlətləri ilə yaxınlaşmaq İran üçün səciyyəvi cəhətdir. Birinci Dünya müharibəsindən sonra hakimiyyətə gəlmiş Pəhləvilər sülaləsi, bu təlatümlü dövrdə diktatura sistemini  İranda tətbiq etmişlər. Sonrakı mərhələdə İkinci Pəhləvi dövrü başlamış, ardınca isə İslam İnqilabı İran İslam Respublikasının yaradılmasında başlıca rol oynamışdır. 

Müasir dövrdə nəhəng dövlətlər ilə hesablaşan İran möhkəm bürokratik aparata malikdir. Xalq tərəfindən seçilən prezident, səs-küylü qanunverici orqan, teokratiya təməlli güclü hakimiyyət sistemi və dövlətin hər bir əsas funksiyasını kölgədə qoyan, ideoloji və siyasi nəzarəti öz əlində cəmləşdirən mütləq dini rəhbər. Hazırki rejim şəraitində sosial siyasətin uğursuzluğu  cəmiyyətlə dövlət arasında uçurumu genişləndirmişdir. Ənənəvi bürokratik güc mərkəzlərinin daha da avtoritarlaşması bu prosesi daha da sürətləndirir. Proses bürokratik sistemin çöküşünü şərtləndirir, nəinki siyasi mühit, siyasi mədəniyyətdə də müxtəliflik özünü göstərir. Rejim zahirən demokratik təsisatlara malik olsa da, siyasi quruluş və mədəniyyət xüsusiyyətlərinə görə o qədər də demokratik xarakter daşımır. Qadınların hüquqsuzluğu, siyasi rəqiblərin aradan qaldırılması, siyasi aktivlikdə müşahidə olunan gerilik, rejimin demokratik quruluşa xas olmayan əlamətlər daşıdığını göstərdi. İlkin inqilab illərində insanların dinə olan bağlılığı indiki dövrdə müəyyən qədər əhəmiyyətini itirmişdir. Qloballaşan dünyanın bir parçası olan İran artıq yeni tendensiyalarla üz-üzə qalmışdır. Gənclərin əzadarlıq yerinə təhsilə önəm verməsi, İran əhalisinin siyasi şüurunun dini lider manipulyasiyasından qurtulduğunun göstəricisidir. Son zamanlarda qadınların azadlıq, hüquq kimi şüarları İranda patriarxal əsasda qurulan bürokratik aparatı böyük həcmdə sarsmışdır. Məhsa Amininin ölümü ölkədə böyük çaxnaşma yaratmış, liberal qüvvələri daha da qıcıqlandırmışdır. 

Son zamanlarda etirazlar daha da güclənmiş, ictimai-siyasi böhran dərinləşmişdir. Hakimiyyətin çıxılmaz vəziyyətə düşməsinə baxmayaraq, əhaliyə qarşı zorakılıqdan istifadə edərək onları susdurmaq cəhdləri hələ də davam edir.

Digər bir tendensiya isə öz daxili problemlərini həll edə bilməyən İranın Azərbaycanın daxili işlərinə qarışmaq istəyidir. Məhz din vasitəsilə insanları manipulyasiya etməsi, dini-ideoloji baxımdan yeni qruplaşmalar yaratmaq istəyi bunun əsas göstəriciləridir. Eyni zamanda İraq, Suriya kimi ölkələrdə İran tərəfindən maliyyələşdirilən dini qruplaşmaların olduğu məlumdur. Məhz Azərbaycan kimi tolerant bir ölkədə dini zəmində münaqişələr yaratmaq istəyi İranın destruktiv siyasətindən xəbər verir.

Bu hadisələrin zəminində proqnozlaşdırmaq olar ki, İranda davam edəcək olan bu vəziyyətdə liberal qruplar qalib gələ bilər, ölkə digər bir inqilab dalğası ilə üzləşə bilər. Yeni inqilab olacağı təqdirdə büroktatik aparatın tamamilə ortadan qalxması, ya da öz davamlılığını saxlayaraq mütləqləşməsi isə İranda mövcud hal ilə müəyyənləşəcəkdir. Belə bir nəticəyə gələ bilərik ki, liberal prinsiplərə xas olmayan bürokratiyanın mövcudiyyəti tərəqiyyata mane olan başlıca vasitədir. Onun aradan qaldırılması və ya demokratik prinsiplərə əsaslandırılması insanların rifahına şərait yaradacaq başlıca amil olacaqdır.


Rüqayə Abbaslı

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının  Milli təhlükəsizlik və siyasi strategiya ixtisası üzrə magistrant.






Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
798
baki-xeber.com

1Mənbələr