AZ

Türkiyənin qonşuluğundakı Suriyanın 7 kəndinin sakinləri İsrailə birləşmək haqda düşünür?..- ARAŞDIRMA

“Təxminən 15 min insanın yaşadığı druzların Hader kəndi İsrailə qoşulmağı düşünür. Bu həm coğrafi, həm də ictimai-siyasi amillərlə bağlıdır..."
 
“Bu mənada qardaş Türkiyə dövlrtinin bölgədə baş verənlərə həddindən artıq diqqətlə yanaşması tələb olunur... Türkiyə nümayəndə heyətinin Dəməşqə səfəri, keçid hökuməti ilə danışıqlar aparması, MİT rəhbərinin əməvi məscidində namaz qılmasını, həmin məscid üzərində türk bayrağının dalğalanmasını  və s. görüb qətiyyən eyforiyaya qapılmaq olmaz...”
 
13 ilə yaxındır ki, faktiki parçalanmış durumda olan Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonrakı günlərdə əksər yerli və xarici analitik və şərhçilər bu ölkədəki son hadisələrdən Türkiyənin daha çox udması haqda fikirlər səsləndirirlər. Hərçənd, əslində strateji mənada, uzaq vadədə daha çox ABŞ və İsrailin, hətta Putinin qazandığını söyləyənlər də az deyil.  Rusiya liderini Əsədin xalqından, dövlətindən oğurlayaraq Moskvaya qaçırdığı guya 135(yaxud 137) milyard dollar pula görə daha çox qazanclı hesab edirlər... Bütün hallarda Suriyadakı 61 illik partiya, 53 illik ailə rejiminin devrilməsi özlüyündə müsbət bir proses olsa da, region, Türkiyə və həmçinin Azərbaycan üçün çox həssas bir durum yaradıb. Maksimum diqqətli olmalıyıq... 
 
Məlum olduğu kimi, ABŞ və İsraili 2020-ci ildə  Suriya-Livan-Fələstin əraziərinə geniş nəzarət və güc şəbəkəsi qura bilmiş məşhur  İran- “SEPAH” generalı Qasım Süleymaninin qətlindən və s. başlanan, Qəzzada “HƏMAS”, Livanda “Hizbullah”ı çökürtmələrindən və s. sonra Suriyada da Əsəd rejiminin devrilməsi və bunun ardınca dərhal İsrailin beynəlxalq hüquqa zidd olaraq Colan təpələri və “bufer zona”nı tam ələ keçirməsi ilə yanaşı, Suriya ordusunun əksər bazalarını bombardman etməsi və hətta guya qoşunlarını Dəməşqin 20 kilometrliyinə gətirməsi və s. kimi olay və proseslərin də guya iki dövlətin birgə planları olan “Böyük Kürdüstan” və sonda onun da daxil ediləcəyi “Böyük İsrail” layihələrinin detalları olması mənasında qalib sayırlar...
 
Ötən yazılarımızdan birində də qeyd etdiyimiz kimi, İsrailin öz mediasında yayılan məlumatlarda da bəlli olur ki,  Netanyahu rejimi  Suriya ərazisində nəinki kürdlərə, hətta druzlara da dövlət qurmağa çalışır. Bu mənada qardaş Türkiyə dövlətinin bölgədə baş verənlərə həddindən artıq diqqətlə yanaşması tələb olunur. Türkiyə nümayəndə heyətinin Dəməşqə səfəri, keçid hökuməti ilə danışıqlar aparması, MİT rəhbərinin əməvi məscidində namaz qılmasını, həmin məscid üzərində türk bayrağının dalğalanmasını  və s. görüb qətiyyən eyforiyaya qapılmaq olmaz... 
Dediklərimizə əsas kimi bu günlərdə İsrail mediasında Suriya ilə bağlı dərc olunan bəzi materiallara diqqətinizi çəkmək istərdik. Dünən – dekabrın 13-də Təl-Əvivdə nəşr olunan portallardan biri, İsraildə məşhur olan "Qolos İzrailya" ("İsrailin səsi") telegram-kanalına istinadla məlumat yayıb ki, guya Suriyanın cənubundakı 6 druz kəndinin liderləri İsrailə birləşmək çağırışıyla çıxış ediblər. Hafta.az saytının tərcümə edərək Azərbaycan oxucularına da çatdırdığı xəbərdə belə deyilir:
 
“Suriyanın cənubundakı 6 druz kəndinin liderləri İsrailə birləşmək çağırışıyla çıxış ediblər. Onlar "sələfi-cihadçı" adlandırdıqları üsyançıların hakimiyyəti ələ keçirdikləri ərazilərdə təhlükəsizliklərindən qorxaraq İsrailin idarəçiliyi altında yaşamağa üstünlük verdiklərini deyirlər. Onlar həmçinin İsrail tərəfdəki druz kəndlərində yaşayan dost və qohumları ilə bir araya gəlmək istəklərini bildiriblər. Çağırışda İsraildən Suriyanın cənubunda yerləşən bufer zonada mövcudluğunu saxlamaq tələbi yer alır və bunun yerli sakinlərin təhlükəsizliyini təmin etmək üçün zəruri olduğu vurğulanır...”
 
Yazılanların nə dərəcədə gerçək, yaxud dezinformasiya olmasını deyə bilmərik. Ancaq məsələ ondadır ki, həmin informasiyadan cəmi bir neçə saat sonra İsrailin digər məşhur “Aleksey Jeleznov” telegram- kanalı da bəhs edilən kəndlərdən birindən cəmi 7 kilometr məsafədə yerləşən 15 min sakini olan daha bir druz kəndinin İsrailə birləçmək istəyindən yazır.
 
Xəbərdə bildirilir:
 
“Təxminən 15 min insanın yaşadığı druzların Hader kəndi İsrailə qoşulmağı düşünür. Bu həm coğrafi, həm də ictimai-siyasi amillərlə bağlıdır. Haderin çox hissəsi mavi rənglə işarələnmiş "Bravo" -OONDOF" atəşkəs xətti -nin şərqində yerləşir, qərb xətti "Alfa" isə sarı rənglə işarələnib. Bu iki xətt bir hissəsi kəndin ərazisindən keçən bufer zonasını müəyyən edir. Nəticədə Hader bölünmüş vəziyyətdə qalıb: bir ərazi tamamilə Suriya tərəfində, digəri isə bufer zonada yerləşir.
 
İsrailə coğrafi yaxınlıq Haderi bölgədə əsas nöqtəyə çevirir. Ondan çox uzaqda, şimal-şərqdə Beyt Can, Arna və Hina kimi digər druz kəndləri yerləşir. Əhali sayına görə Haderdən xeyli geridədirlər, lakin düz xətt üzrə cəmi 7 kilometr məsafədə yerləşirlər. Bu yaxınlıq icmalararası əlaqələri gücləndirir və İsrail tərəfində yaşayan dost və qohumlarla mümkün birləşməyə olan marağı izah edir.
 
Suriyanın cənubunda, Haderdən 90 kilometr aralıda, Suveyda şəhəri yerləşir - təxminən 90 min nəfər əhalisi olan ən böyük druz qəsəbəsi. Suveyda druzların mədəni və etnik kimliyi üçün vacibdir, lakin coğrafi uzaqlığı onu daha yaxın yerləşməsi və potensial təhlükəsizliyi ilə İsraildən daha az cəlbedici edir”…
 
Göründüyü kimi, İsrail Suriya daxilində fəal hərbi əməliyyatlarla yanaşı, güclü informasiya savaşı da aparır. Həmin savaşların Azərbaycanın yeganə təbii müttəfiqi olan qonşuluqdakı qardaş Türkiyəyə yaxınlaşmasına imkan vermək olmaz…
 
Sultan Laçın
 
 
 
 
Seçilən
21
moderator.az

1Mənbələr