Şirkət İtaliyanın “Intesa Sanpaolo” bankı ilə maliyyənin cəlb edilməsinə dair müqavilə imzalayıb
Azərbaycanın milli neft korporasiyası olan SOCAR qlobal enerji təchizatçısı ilə yanaşı, beynəlxalq maliyyə bazarlarında da öz mövqeyini möhkəmləndirmək niyyətindədir. Şirkət Avropanın aparıcı maliyyə institutları ilə səhm və istiqrazlar, “yaşıl maliyyə” alətləri sahəsində sıx əməkdaşlığı möhkəmləndirmək, özünün potensial maliyyə imkanlarını beynəlxalq bazarlara inteqrasiya etmək niyyətindədir. SOCAR-ın vitse-prezidenti Zaur Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyətinin bu günlərdə İtaliyanın Milan şəhərində keçirdiyi görüşlərdə də maliyyə alətləri sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Səfər çərçivəsində İtaliyanın “Intesa Sanpaolo” bankı və törəmə şirkəti olan “Vseobecna Uverova”nın rəhbər heyətləri ilə aparılan müzakirələr zamanı sözügedən bankın maliyyə vəsaitinin cəlb edilməsinə dair müqavilə imzalanıb.
SOCAR istiqrazları investorlar üçün əlverişli investisiya alətinə çevrilir
İtaliyanın səhm sektoru üzrə aparıcı investorları, o cümlədən “Intesa Sanpaolo” SOCAR-ın beynəlxalq maliyyə bazarında tədavüldə olan istiqrazlarının yerləşdirilməsinə dəstək vermək niyyətini də bəyan edib. Bu, Azərbaycanın neft şirkətinin Avropanın fond və korporativ qiymətli kağızlar bazarında potensial investor kimi çıxış imkanlarını artırmasına dərin zəmin deməkdir.
Qeyd edək ki, SOCAR bir neçə ildir ki, maliyyə investoru kimi də qiymətli kağızlar bazarında yer almaqdadır. 2016-cı ildən emissiya edilən bu qiymətli kağızlar nominal dəyəri 1000 dollar olmaqla illik gəlirliliyi 5 faiz təşkil edir. İstiqrazlardan əldə olunan dividentlərdən vergi tutulmur. Bu kağızların üstünlüyü likvid olması, asanlıqla pula çevrilməsidir. Mövcud maliyyə bazarlarında xarici valyutada təklif edilən faiz dərəcəsi baxımından SOCAR istiqrazları investorlar üçün əlverişli investisiya aləti hesab edilir və bu da investor bazasının genişlənməsinə öz müsbət təsirini göstərir. Şirkət beynəlxalq bazarlarda da öz maliyyə alətlərini emissiya etməkdə qərarlıdır.
“Yaşıl maliyyə” ilə bağlı yeni strateji baxış
Qlobal mühitdə “yaşıl maliyyə” ekosisteminin möhkəmlənməsi və qiymətli kağızlar bazarlarının gündəliyində aparıcı yer tutan “yaşıl” layihələrə sərmayələrin artması SOCAR-ın da öz strategiyasına yeni baxış formalaşdırıb. Son illər Ətraf mühit, Sosial məsuliyyət və Korporativ İdarəetmə (ESG) sahəsində yeni çağırışlar və bu sahədə artan uyğunluq tələbləri SOCAR-ın yeni strateji hədəfində ilk yerlərdən birini tutur. Bu baxımdan, şirkət beynəlxalq investorların “yaşıl maliyyə”də yeni standartların tətbiqinə geniş yer verməsinin əhəmiyyətini nəzərə alaraq, maliyyə bazarında “yaşıl istiqrazlar”ın emissiyasına başlayıb.
Qeyd edək ki, Azərbaycanda bu sahədə investorların fəaliyyəti zəifdir və SOCAR-ın bu boşluğu doldurması üçün əlverişli imkanlar yaranır. Bununla da, SOCAR beynəlxalq standartlar çərçivəsində öz borclarının düzgün idarəedilməsində ESG standartlarının tətbiqi prosesindən faydalanma komponentini nəzərə alır və “yaşıl” maliyyələşmə imkanlarına da üstünlük verəcək. Bu isə SOCAR-ın strateji bərpaolunan enerji layihələrinin səmərəli idarə edilməsində rolunu artıracaq, bu sahədə beynəlxalq tərəfdaşlar ilə əməkdaşlıq imkanlarının genişləndirilməsinə səbəb olacaq. Eyni zamanda, şirkətin neft-qaz əməliyyatlarında dekarbonizasiya proseslərində digər enerji şirkətləri ilə həmrəyliyini artıracaq.
“Yaşıl istiqraz” qlobal bazarlarda kredit reytinqini yüksəldir
“Yaşıl istiqraz”lar satışından əldə edilən vəsaitlər karbon emissiyasının azaldılmasına və ətraf mühitə müsbət təsir edən layihəyə yönəldiləcək ki, bu da SOCAR-ın COP prinsiplərindən irəli gələn təşəbbüslərdə fəal mövqeyini də möhkəmləndirəcək. Ən mühüm məqamlardan biri isə “yaşıl istiqraz”ların emissiyası SOCAR-ın ESG reytinqinə malik milli şirkət kimi qlobal bazarlarda kredit reytinqini də yaxşılaşdıracaq.
SOCAR-ın maliyyə bazarları üzrə yürütdüyü siyasətdən də aydın olur ki, şirkət Asiya və Avropanın iri investorları ilə “yaşıl səhm və istiqraz”lar üzrə inteqrasiyanı genişləndirmək, gələcəkdə də ESG standartlarının artan tələblərə uyğun yeni alətlərin emissiyasına üstünlük vermək niyyətindədir. Bu strateji konsepsiya beynəlxalq müstəvidə korporativ idarəetmənin əsas şərtlərindən olan şəffaflığın ardıcıl və davamlı təmin edilməsi üçün də mühüm əhəmiyyət kəsb edir. Həmçinin, “yaşıl maliyyə” alətlərindən istifadə şirkətin borc portfelinin strukturunun da müasirləşməsinə imkan verir. Ona görə də, SOCAR-ın bu tipli maliyyələşdirmələrin xüsusi çəkisini öz portfelində mümkün həddə artıracağını düşünmək olar. İtaliyanın aparıcı maliyyə investorları ilə əməkdaşlıq da məhz bu perspektiv siyasətə xidmət edir.
ELBRUS