AZ

Əsgərlik müddəti ilə bağlı vacib açıqlama

Müddətli həqiqi hərbi xidmətə çağırış yaşının yuxarı həddi 35-dən 30-a endirilir. Bu, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

 

Qüvvədə olan qanuna əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 35 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarıdır. Dəyişikliyə əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları olacaq.

 

Beləliklə, çağırışa möhlət hüququnu itirmiş çağırışçılar, habelə möhlət hüququ olmayan və ya çağırışdan azad edilmək üçün bu Qanunda nəzərdə tutulmuş əsasları olmayan, müxtəlif səbəblərə görə müəyyən edilmiş müddətlərdə müddətli həqiqi hərbi xidmətə çağırılmamış şəxslər 35 yaşına çatanadək növbəti çağırış keçirilərkən hərbi xidmətə çağırılmalı idilərsə, dəyişikliyə əsasən, həmin şəxslər 30 yaşına çatanadək növbəti çağırış keçirilərkən hərbi xidmətə çağırılacaqlar.

 

Çağırışa möhlət hüququnu itirmiş çağırışçılar, habelə möhlət hüququ olmayan və ya çağırışdan azad edilmək üçün bu Qanunda nəzərdə tutulmuş əsasları olmayan, müxtəlif səbəblərə görə müəyyən edilmiş müddətlərdə müddətli həqiqi hərbi xidmətə çağırılmamış şəxslər 30 yaşına çatanadək növbəti çağırış keçirilərkən hərbi xidmətə çağırılacaqlar. Çağırışçılara ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət də 30 yaşa qədər veriləcək. Bu yaşa qədər çağırışdan möhlət hüququnu itirməmiş şəxslər dinc dövrdə müddətli həqiqi hərbi xidmətdən azad olunacaq və ehtiyata keçiriləcəklər.

 

Hazırda hərbi xidmət müddətinin 1 il 6 aydan 1 ilə endirilməsi bizdə müzakirə edilir.

 

Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi Azər Babayev deyib.

 

O bildirib ki, əsas məqsədimiz bütün sui-istifadə hallarının qarşısının alınmasıdır: “Çağırışın ancaq elektron qaydada olması, bütün qərarların bildirilməsi nəzərdə tutulur. Bu da şəffaflığın təmin olunmasında mühüm əhəmiyyət kəsb edir. Ancaq hərbi xidmət müddətinin azaldılmasında başqa bir yol fikirləşirik. Burada ali təhsillilərlə orta təhsillilər fərqləndirilir. Ali və orta təhsillini fərqləndirmək düzgün deyil. Onların bərabərləşdirilməsi lazımdır. Konstitusiyada yazılıb ki, hər kəs hərbi xidmətdən keçməlidir, orada ali təhsil, orta təhsil fərqləndirilməyib. Amma biz buna hələ hazır deyilik. Bu layihə qəbul olunduqdan sonra o istiqamətdə təkliflərə baxa bilərik”.

 

Bu dəyişiklik hazırda 30 yaşını keçmiş hərbi xidmətdə olmayan çağırışçı olan şəxslərə də aid olacaqmı? Belə bir dəyişiklik hansı zərurətdən irəli gəldi? Ordumuzun komlektəşdirilməsi üçün kifayət qədər çağırışçı potensialımızın olması və müharibənin aradan qalxması ilə bağlı ola bilərmi? Hərbi ekspert Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna bu dəyişikliyin edilməsi çox vacib idi. Buna gedilməsi müsbətdir və alqışlanmalıdır: “35 yaş həddi çox yüksəkdir. Çünki 30 yaşdan yuxarı yaşda hərbi xidmətə gələnlər bir sıra problemlərlər üzləşirlər. İlk növbədə onların əksəriyyəti ailəli olurlar, övladları, iş yerləri var. Ailə başçısının hərbi xidmətə getməsi ailədə müxtəlif çətinliklərə gətirib çıxarır. Eyni zamanda 18-20 yaşlı əsgərlərlə 30-dan yuxarı yaşı olan əsgərlər arasında psixoloji, fiziki uyğunsuzluqlar olduğu üçün problemlər qaçılmaz olur. İdman normativlərinin yerinə yetirilməsində də problemlər meydana gəlir. Yaş öz sözünü deyir. Komandrilər də bütün bu hallara görə çətinliklərlə üzləşirlər. Hərbi məktəbi yeni birə gənc zabit özündən 10 yaş böyük əsgərə əmr verməli olur. Bəzən bu da problemlərə yol açır. Mən Respublika Hərbi Polisinin rəisi işlədiyim dövrdə qeyd etdiyim bu cür problemlərin çox yaşandığının şahidi olmuşam. 

 

34-35 yaşlı insanın 18-19 yaşlı gənclə əsgər olaraq eyni fiziki imkanlara malik olmaması da təlimlərdə, fiziki işlərdə problemlər meydana gətirir.  

 

Mən 7 ay öncə müsahibəmdə bildirmişdim ki, 35 yaş həddi həqiqi hərbi xidmətə çağırışçılar üçün çox yüksəkdir, yaş həddinin endirilməsi məqsədəuyğundur. Bununla bağlı müvafiq orqanlara müraciətlər edib fikrimi əsaslandırmışam. Hökumətin indi bu qərara gəlməsi çox yaxşı haldır.  Bu qanun layihəsi qanun olaraq qəbul olunacaqsa və təsdiqlənəcəksə yuxarıda qeyd etdiyim və etmədiyim çoxlu sayda problemlərin, çətinliklərin, bəzi hallarda qanunsuzluqların aradan qalxmasına səbəb olacaq. Hətta bu qanun layihəsi qəbul olunduqdan və qüvvəyə mindikdən sonra 30 yaşdan yuxarı yaşı olan hazırda həqiqi hərbi xidmətdə olan vətəndaşlar xidməti başa vurmamış ordu sıralarından təxris ediləcəklər. 

 

Polkovnik vurğuladı ki, qanunda ediləcək bu dəyişiklik ordumuzun komlektləşdirilməsinə qətiyyən mənfi təsir etməyəcək: “Problem yaratmayacaq. Əksinə, ordunun döyüş qabiliyyətinin daha yüksək olmasına, eləcə də bir sıra yuxarıda dediyim problemlərin aradan qalxmasına gətirib çıxaracaq. Azərbaycanda 30 yaşa qədər həqiqi hərbi xidmətə çağırışçıların sayı kifayət qədər yüksəkdir və bu imkan verir ki, silahlı qüvvələrin komlektləşdirilməsi tam olaraq həyata keçsin”.  

 

Ekspert onu da dedi ki, bu gün MDB ölkələri arasında Azərbaycan həqiqi hərbi xidmət yaşının son həddi 35 olan yeganə dövlətdir: “Hətta bu gün müharibə aparan Ukraynada həqiqi hərbi xidmətə çağırış üçün son həddə yaşı 25-dir. Rusiyada 27 yaş idi, bu yaxınlarda qanunda dəyişiklik edib son hədd yaşını 30 etdilər. Avropada yeganə dövlət Avstriyadır həqiqi hərbi xidmət üçün son yaş həddi 35-dir. Qalan bütün Avropa ölkələrində bu rəqəm aşağıdır. Azərbaycanda 2006-cı ildən həqiqi hərbi xidmətə çağırış üçün son yaş həddi 35-ə qaldırılıb”.

Tarix: 14 Dekabr 2024, 12:33   
Seçilən
4
10
pravda.az

10Mənbələr