AZ

Türkiyənin qlobal gücə çevrilmək PLANI

Xəbər verdiyimiz kimi, Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Somali Prezidenti Həsən Şeyx Mahmud və Efiopiya Baş naziri Abiy Əhməd birgə mətbuat konfransında iştirak ediblər. 

Onlar Ərdoğanın vasitəçiliyi ilə barışıq əldə ediblər.

Barışığa əsasən Efiopiya Somaliyə olan ərazi iddiasına son qoyacaq və Somali də Efiopiyaya dənizə çıxışa icazə verəcək. Tərəflər buna nəzarət üçün birgə komissiya da yaradacaqlar.

Bundan başqa, Türkiyə Somalidə yeni kosmik və ballistik raket sınaqları üçün baza quracaq.

Türkiyənin xarici siyasətində müsbət nailiyyətlər onu deməyə əsas verir ki, Türkiyə Yaxın Şərqdə geosiyasi güc mərkəzinə çevirməklə yanaşı Şimal-Şərqi Afrikada da təsir imkanlarını artıracaq və söz sahibinə çevriləcək.

Bununla bağlı Yaxın Şərq məsələləri üzrə ekspert Vüqar Zifəroğlu “Cebheinfo.az”-a bildirib ki, Türkiyə qlobal güc mərkəzinə çevrilir:

“Artıq Somali Federativ Respublikası ilə Efiopiya Federativ Demokratik Respublikası bir birinin müstəqilliyinə, ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşdıqlarını bəyan ediblər, fikir ayrılıqlarını və mübahisəli məsələləri geridə qoymaq və ümumi rifah naminə əməkdaşlıq üçün irəliləmək barəsində razılığa gəliblər.

Bu razılaşmanın əldə edilməsində isə Türkiyənin vasitəçiliyi olduqca əhəmiyyətli rol oynayıb və hər iki ölkə arasında imzalanmış Ankara Bəyannaməsində öz əksini tapıb.

Bildirim ki, Somali ilə Efiopiya liderləri bir-birlərinin suverenliyinə, birliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə, eləcə də beynəlxalq hüquqda, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində və Afrika İttifaqının Təsis Müqaviləsində təsbit olunmuş prinsiplərə hörmət və sadiqliklərini bir daha təsdiq edibər.

Sənədə əsasən, Somali Afrika İttifaqının əməliyyatlarında Efiopiya əsgərlərinin itkisini etiraf edir. Tərəflər Somali Federativ Respublikasının ərazi bütövlüyünə hörmət etməklə, Efiopiyanın dənizə təhlükəsiz çıxışı və dənizdən çıxışından əldə edə biləcək potensial faydaları tanıyırlar.

Bəyannamədə bildirilir ki, Efiopiya ilə Somali ikitərəfli razılaşmalar əsasında, Somali Federativ Respublikasının suveren hüquqları çərçivəsində, Efiopiya Federativ Demokratik Respublikasının dənizə etibarlı və təhlükəsiz çıxışdan faydalanmasına imkan verəcək müqavilələr, qarşılıqlı faydalı icarə və ticarət sazişlər imzalamaq məqsədilə yaxından əməkdaşlıq, eləcə də Türkiyənin köməyi ilə, 2025-ci ilin fevral ayının sonundan gec olmayaraq bu məqsədlər üçün texniki danışıqlara başlamaq və danışıqları 4 ay ərzində başa çatdıraraq yekun sənədi imzalamaq barəsində razılığa gəliblər.

Əslində Türkiyə Prezidentinin birbaşa iştirakı ilə əldə edilən bu razılaşma olduqca ciddi məqamlardan xəbər verir. Məsələ yalnız keçən əsrin 60-cı illərindən miras qalan və sözügedən iki ölkə arasında yüzminlərlə insanın ölümü və ya yurdlarından didərgin düşmələrinə səbəb olan qanlı müharibənin bitməsindən getmir.

Eyni zamanda diqqət çəkən əsas məqam bu qanlı münaqişə ocağının məhz Türkiyənin vasitəçiliyi ilə sonlandırılmasıdır. 

Baxmayaraq ki, “soyuq müharibə” dövründən günümüzədək davam edən bu münaqişə zaman-zaman kənar qüvvələrin imperialist və geosiyasi maraqları doğrultusunda hər zaman istifadə edilmək üçün əlverişli alətə çevrilmişdi.

Bu gün tam mübaliğəsiz demək mümkündür ki, Türkiyənin Afrika açılımı artıq öz bəhrələrini verir. Fransaya ard-arda bir çox ciddi əhəmiyyətə malik qitə ölkələrinin, yumuşaq desək çıxış qapısını göstərməsi ilə Türkiyənin bölgədə aktivliyini artırması isə, qardaş ölkənin qlobal gücə çevrilmək yolunda olduqca əhəmiyyətli addımı kimi qiymətləndirilə bilər.

Ümumiyyətlə, Türkiyənin Afrika siyasəti son illərdə regional və qlobal səviyyədə diqqət çəkən ən əhəmiyyətli xarici siyasət təşəbbüslərindən biridir.

Bu siyasət müxtəlif siyasi, iqtisadi və mədəni vasitələrdən istifadə edərək, Türkiyənin Afrika qitəsində təsirini artırmaq məqsədi güdür. Türkiyənin uğurlu Afrika siyasəti eyni zamanda qlobal gücə çevrilmək istiqamətində önəmli addımdır”.

phrase_var_article.chosen
24
cebheinfo.az

1phrase_var_article.sources