AZ

"Şamaxı" "Səbail"ə qarşı - YENİLƏNİR

Bu gün Misli premyer-liqasında 17-ci tura start veriləcək.

İkinci dövrənin sonuna yaxınlaşdığımızı nəzərə alsaq, üç gün ərzində keçiriləcək matçların yetərincə gərgin və baxımlı olacağına şübhə yoxdu. Təbii ki, azarkeşlər sevimli komandalarını dəstəkləmək üçün tribunalarda yer alsa, daha yaxşı olar. Stadiona yollana bilməyənlər isə “CBC Sport” sayəsində həyəcana ortaq olmaq imkanına malikdi.

Misli premyer-liqası
2-ci dövrə, 17-ci tur
14 dekabr
Şamaxı – Səbail 0:0

“Şamaxı”nın bu rəqiblə ev oyunlarının balansı: 12:+3=4-5, 10:15.
2017/18 – 1:0, 1:1; 2018/19 – 1:2, 0:3; 2019/20 – 1:2, 0:1; 2020/21 – 0:2, 1:0; 2021/22 – 2:2, 0:0; 2022/23 – 1:1, 2:1.
Cəzalılar: Brahim Konate (Şamaxı), Rüfət Abdullazadə (Səbail).
“Futbol+”in proqnozu: 40-30-30.
Şamaxı, şəhər stadionu. Saat 14.00.

“Şamaxı”nın düşərgəsində vəziyyət ürəkaçan deyil. Düzdü, futbolçular və klub rəsmiləri mətbuata açıqlamasında hər şeyin qaydasında olduğunu dilə gətirir. Lakin adı danışılmış oyunlarla hallanan oyunçularla yolları ayıran, idman mediasının gündəmini zəbt edən kollektivdə əhval-ruhiyyənin yüksək səviyyədə olduğuna inanmaq çətindi. O başqa məsələ ki, “şirlər” “Turan Tovuz”un meydanında döyüşkən oyunla yadda qaldı. Hər halda, son dəqiqələrdə vurulan qol komandanın təkcə bir xalını əlindən almadı, həm də qələbə həsrətini 9 oyuna çatdırdı! İndi bölgə təmsilçisi uğursuzluq seriyasına son qoymağa, “doğma divarlar” arasında qazanılan qələbə sayəsində toparlanmağa çalışacaq. “Səbail” azarkeşlərinin qəlbinə toxunmayacağını ümid edərək bildirək ki, “dənizçilər” meydan sahiblərinin hədəfə çatması üçün münasib rəqibdi. Kasad heyətə malik Bayıl təmsilçisi nə yaxşı oyun göstərə, nə də son üç oyunda qol vura bilir... Cavid Hüseynovun baş məşqçi postuna təyinatının hələ ki faydasını görə bilməyən komandada son günlərdə ciddi dəyişiklik edilməyibsə, qonaqların səfərdə uğur qazanacağına inanmaq çətindi. Qısası, şans azdı, lakin yazılmayan qanunlara görə, futbol proqnozları sevmir.

Komandalar indiyə qədər 24 dəfə qarşılaşıb. Bunların 7-də “Şamaxı”, 9-da “Səbail” qələbə qazanıb, 8-də qalib müəyyənləşməyib. Topların nisbətində “dənizçilər” öndədi – 25:23.

Araz-Naxçıvan – Sabah
“Araz-Naxçıvan”ın bu rəqiblə ev oyunlarının balansı: 2:+1=0-1, 2:1.
2023/24 – 2:0, 0:1.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 40-30-30.
Bakı, “Liv Bona Dea Arena”. Saat 16.30.

“Araz-Naxçıvan” uğurlarını davam etdirir. Deməli, biz də bu cümlələri təkrarlamağa məcburuq: ilk turda “Qarabağ”a uduzan Muxtar Respublika təmsilçisi sonradan keçirdiyi 15 matçda uduzmayıb! “Köhlən atlar”ın “Sabah”ın meydanında büdrəməsi nəticəsində (1:1) tarixində ilk dəfə liderliyə yüksələn “qırmızı-ağlar” meydana mövqeyini qorumaq üçün çıxacaq. Axı kollektiv qalib gəlsə, azı dekabrın 19-da keçiriləcək “Şamaxı” – “Qarabağ” matçına qədər birinci sırada yer alacaq. Elmar Baxşıyevin komandası bu fürsəti əldən verməmək üçün daha bir iddialı rəqibdən 3 xal qoparmalıdı. Bəs qonaqlar buna nə dərəcədə imkan verəcək? Vasili Berezutskinin baş məşqçi postuna gəlişindən sonra avrokuboklara iddialı “Turan Tovuz”u səfərdə məğlub edərək ölkə kubokunun 1/4 finalına vəsiqə qazanan, premyer-liqa çərçivəsində evdə keçirilən oyunda “Qarabağ”la heç-heçə edən “bayquşlar” “Araz-Naxçıvan”a da təslim olmaq istəməyəcək. Səfərə azı bir xal üçün yollanacaq Masazır təmsilçisi “avrokubok zonası”na qayıtmaq hədəfi uğrunda liderlə gərgin mübarizəyə atılacaq. Düzü, “Araz-Naxçıvan”ın daha şanslı göründüyünü deyə bilərik. Lakin komandalar azarkeşlərini sevindirmək üçün xeyli tər tökməli olacaq.

Bu komandalar indiyə qədər 5 dəfə üz-üzə gəlib. Bunların 1-də “qırmızı-ağlar”, 2-də “bayquşlar” qalib gəlib, 2-də “sülh” qeydə alınıb. Topların nisbətində Masazır təmsilçisi öndədi – 5:4.

15 dekabr
Zirə - Turan Tovuz

“Zirə”nin bu rəqiblə ev oyunlarının balansı: 4:+2=1-1, 6:6.
2022/23 – 2:1, 1:3; 2023/24 – 2:1, 1:1.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 40-30-30.
Zirə, İdman Kompleksinin stadionu. Saat 16.00.

Göründüyü kimi, Zirədə avrokuboklara iddialı komandaların duelinə şahidlik edəcəyik. Qəsəbə təmsilçisi ardıcıl iki böyükhesablı qələbəylə özünü xeyli toparladığını göstərdi. Bəllidi ki, Rəşad Sadıqov təslim olmaq, uğursuzluqları sıralamaq fikrində deyil. Bu üzdən evdə “Şamaxı”ya çətinliklə qalib gələn “Turan Tovuz”un çətin sınaq qarşısında olduğunu deyə bilərik. Kurban Berdıyev komandasını daha yaxşı formaya salmalı və “Zirə” kimi ciddi rəqibin meydanından azı bir xalla qayıtmağın yollarını tapmalıdı. Hər halda, “sülh” qonaqlar üçün sərfəli nəticədi. “Qartallar”ın isə məhz qələbə üçün vuruşmalı olduğu bəllidi.

Bu komandalar indiyə qədər 9 dəfə qarşılaşıb. Bunların 5-də qəsəbə, 3-də bölgə təmsilçisi 3 xala yiyələnib, 1 matçda isə qalib müəyyənləşməyib. Topların nisbətində “Zirə” öndədi – 13:10.

Neftçi – Kəpəz
“Neftçi”nin bu rəqiblə ev oyunlarının balansı: 30:+18=6-6, 58:24.
1992/93 – 2:1, 2:0; 1993/94 - -:+*; 1994/95 – 0:0; 1995/96 – 3:2, 2:3**; 1996/97 – 2:0; 1997/98 – 0:1; 1998/99 – 1:3, 3:0; 1999/2000 – 3:1; 2000/01 – 1:0; 2001/02 – 2:0, 0:0; 2003/04 – 3:0; 2004/05 – 2:0; 2005/06 – 1:2; 2010/11 – 6:2; 2011/12 – 2:0; 2012/13 – 4:1; 2015/16 – 0:0, 2:3; 2016 /17 – 2:0, 0:0; 2017/18 – 0:0, 1:0; 2022/23 – 5:2, 2:2; 2023/24 – 2:0, 5:1.
* - texniki nəticə top fərqinə daxil edilməyib.
** - neytral meydanda keçirilib.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 40-30-30.
Bakı, “Neftçi Arena”. Saat 18.30.

“Neftçi” Samir Abasovun rəhbərliyi altında meydana çıxdığı 7 matçın yalnız ikisində qələbə qazanıb. Yəni xeyli xalın əldən çıxması komandanın turnir cədvəlində irəliləməsinə mane olub. “Ağ-qaralar”ın ciddi problemlə üzləşdiyi dəqiqdisə, ən qısa zamanda çarə tapılmalıdı. Bu baxımdan “Kəpəz”lə matç dönüş nöqtəsi ola bilər. Ona görə ki, bakılıların Gəncə təmsilçini məğlub etməsi həm xal ehtiyatının artmasına, həm də komandanın məğlub psixologiyadan qurtulmasına təkan verə bilər. O başqa məsələ ki, sabiq baş məşqçi Roman Qriqorçukun istefası bakılıların “sarı-göylər”ə uduzmasından sonra reallaşıb... “Kəpəz” isə arzuladığı mövqeyə doğru irəliləməyə çalışır. İş orasındadı ki, “Səbail”in sonuncu pilləyə düşməsi komandada arxayınlıq yaradıb və Azər Bağırov bunu etiraf etmək istəmir. Hər halda, bu oyunda xeyli suala aydınlıq gələcək.

Ölkənin ən zəngin ənənələrə malik klublarıindiyə qədər 60 dəfə üz-üzə gəlib. Bunların 29-da “Neftçi”, 20-də “Kəpəz” qalib gəlib, 11-də hərəyə bir xal düşüb. Topların nisbətində “ağ-qaralar” öndədi – 98:60.

Qarabağ – Sumqayıt
“Qarabağ”ın bu rəqiblə ev oyunlarının balansı: 24:+21=1-2, 63:12.
2011/12 – 1:2; 2012/13 – 3:0; 2013/14 – 5:1, 3:0; 2014/15 – 2:0, 1:0; 2015/16 – 2:2, 1:0; 2016/17 – 3:0, 2:1; 2017/18 – 4:1, 2:0; 2018/19 – 1:0, 2:0; 2019/20 – 2:0, 1:0; 2020/21 – 6:1, 4:1; 2021/22 – 2:0, 5:0; 2022/23 – 3:1 1:2; 2023/24 – 5:0, 2:0.
Cəzalılar: Elvin Bədəlov, Rövlan Muradov (hər ikisi “Sumqayıt”).
“Futbol+”in proqnozu: 50-30-20.
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu. Saat 19.00.

İsveçdə “Elfsborq”a uduzan komanda yenidən premyer-lqiada uğur qazanmağa köklənəcək. Sadəcə, Qurban Qurbanov kollektivini toparlamalı və liderlik uğrunda mübarizədə olduğu “Araz-Naxçıvan”ı qabaqlamağa çalışmalıdı. Düzü, hələ mümkün qələbənin “köhlən atlar”ı birinci pilləyə yüksəldib-yüksəltməyəcəyi bilinmir. O bəllidi ki, “Qarabağ” “Sumqayıt”la oyunlarda əzici üstünlüyə malikdə və bu dəfə də “kimyaçılar”ın bəxti gətirməyə bilər. Təbii ki, “Neftçi” üzərində qazanılan qələbə “gənclik şəhəri”nin təmsilçisi xeyli ruhlandırıb. Lakin nə ümumi səviyyə, nə də statistika qonaqların xeyrinə deyil.

Komandalar indiyə qədər 48 dəfə qarşılaşınb. Bunların 36-da “köhlən atlar”, 7-də “kimyaçılar” qalib gəlib. Topların nisbətində ağdamlılar öndədi – 117:23.

Bu komandaların duelləri ilə bağlı maraqlı məqamlar
// “Səbail” son üç matçda qol vurub. “Şamaxı” son iki görüşdən xalsız və qolsuz ayrılıb.
// “Sabah” son 3 görüşdə uduzmayıb. “Araz-Naxçıvan”ın meydanında qol vuran komanda qalib gəlib.
// “Turan Tovuz” son 6 oyunu qolsuz tərk etməyib. “Zirə”nin ev matçlarında hər iki komanda qol vurub.
// Son üç oyunda 6 və ya daha çox qol vurulub. “Neftçi” son 2 ev matçında qələbə qazanıb.
// Son üç qarşılaşmada qol vuran komanda qalib gəlib. “Qarabağ” son iki ev görüşündə quruhesablı qələbə qazanıb.

KƏNAN BAHADIR

Seçilən
0
1
football-plus.az

9Mənbələr