“Sabah” bu həftə Şüvəlanda yerləşən yeni bazasına köçdü. Əvvəllər “AZAL Arena” adlanmış stadion artıq “Sabah” Futbol Mərkəzi adı ilə fəaliyyət göstərəcək. “Sabah” bazaya köçməzdən öncə futbol mərkəzinin binasında əsaslı yenidənqurma işləri həyata keçirib, stadionun süni olan ot örtüyünü təbii örtüklə əvəzləyib. Müasir futbolda klubların fəaliyyətində bazanın hansı rol oynadığını izah etməyə ehtiyac yoxdur. “Sabah” klub olaraq bu addımı atmaqla uzun illərdir ölkə futbolundan kənarda qalmış, unudulmuş stadionu yenidən ölkə futboluna qazandırmaqla peşəkarlaşmağa doğru daha bir addım atmış oldu. Azərbaycan futbolunda görmək istədiyimiz mənzərədir. “Sabah” həmçinin bu addımı ilə bu gün üçün yaşamadığını, infrastruktura ciddi önəm verdiyini, adına uyğun olaraq sabahı, gələcəyi düşündüyünü nümayiş etdirmiş oldu.
Ümumiyyətlə, son illərdə hansısa klubun stadion, hotel problemi ilə üzləşməsi faktları ilə dəfələrlə rastlaşmışıq. “Sabah” ölkəmizdə bu baxımdan adı hallanmayan nadir klublardandır ki, bu da klub olaraq bu məsələlərə ciddi yanaşmasından qaynaqlanır.
Əldə etdiyimiz məlumata görə, klub futbol mərkəzindən yalnız məşqlər üçün istifadə edəcək, ev oyunlarını isə həmişə olduğu kimi “Bank Respublika Arena”da keçirməyə davam edəcək.
SPORTİNFO.AZ