Son vaxtlar dünyada, o cümlədən Azərbaycanda hibrid və elektriklə işləyən avtomobillərin sayı artır. Məntiqlə bu, ölkədə yanacaq sərfiyyatını azaltmalıdır. Amma hələlik bunu müşahidə edə bilmirik. Cari ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 2 780,2 milyon manat xərclənib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici 2023-cü ilin müvafiq dövrünün göstəricisini 6,5 faiz üstələyir.
Xatırladaq ki, ötən il Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən avtomobil benzini və dizel yanacağına 3 063,4 milyon manat xərclənib, bu da illik müqayisədə 8,1 faiz artım deməkdir. Bəs nə zaman bu sahədə keçirilən islahatların nəticəsini az da olsa, müşahidə edə biləcəyik? Əgər yanacaqdan istifadə azalarsa, yanacaqdoldurma məntəqələrini hansı aqibət gözləyir?
Yaxın beş ildə vəziyyət dəyişməyəcək
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyevin sözlərinə görə, hazırda ölkədə yaşıl enerjiyə keçidlə bağlı mühüm işlər görülür: “Nəzərə almalıyıq ki, bizim avtoparkımızdakı maşınların 85 faizdən çoxunun yaşı 10 ildən yuxarıdır, yəni köhnə avtomobillərdir. Düzdür, bu sahədə güclü islahatlar həyata keçirilir. Elektrik və hibrid avtomobillərə güzəştlərlə yanaşı, təbliğ və təşviq də gündəmdədir. Həmçinin taksi parklarımız da yenilənir. Köhnə avtomobillər də utilizasiya prosesinə cəlb olunur”.
E.Əliyevin fikrincə, hər kəs yeni və müasir avtomobil ala bilmir. Bu zaman daxili yanma mühərrikli avtomobillərə maraq artır. Belə olduqda yalnız avtomobil parkımız yenilənir, amma yanacağa olan tələbat dəyişməz olaraq qalır: “Nəzərə alaq ki, gənc nəsildən hamı hələlik elektrikli avtomobil almır. Yaşlı nəslin əksəriyyəti də daxili yanma mühərrikli avtomobillərə öyrəşib. Onların birdən-birə elektrikli avtomobil sürməyə başlaması bir az çətindir. Utilizasiyaya gedən avtomobilə görə verilən pulla elektrikli avtomobil almaq da mümkün deyil. Belə olduqda insanlar məcbur qalıb ucuz və yerli istehsal benzinlə işləyən avtomobilə yönəlirlər. Bu amilləri göz önünə alsaq, dizel və benzinin yaxın beş ildə aktuallığını itirəcəyini görməyəcəyik. Bu illər ərzində həm elektrik, həm də ənənəvi yanacağa tələbat qalacaq”.