AZ

“Şahdağ” Turizm Mərkəzini 280 mindən artıq qonaq ziyarət edib

Qusar 14 dekabr, AZƏRTAC

Dekabrın 14-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanda qış turizmi mövsümünün açılışı münasibətilə “Şahdağ” Turizm Mərkəzinə mediatur təşkil edilib.

AZƏRTAC xəbər verir ki, mətbuat konfransında “Şahdağ” Turizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfov il ərzində mərkəzdə görülən işlər barədə geniş məlumat verib. Bildirib ki, bu ilin 11 ayında ümumilikdə “Şahdağ” Turizm Mərkəzini 280 mindən artıq qonaq ziyarət edib. Onun sözlərinə görə, mərkəzdəki hotellərdə gecələyənlərin sayı 101 mini ötüb.

Tədbirdə media nümayəndələrinə 2024-cü ilin mart ayında Şahdağda ilk dəfə olaraq xizək alpinizmi üzrə Beynəlxalq Xizək Alpinizm Federasiyasının (ISMF) beynəlxalq seriya yarışının keçirildiyi haqqında məlumat verilib.

Təqdimat zamanı “Şahdağ” Turizm Mərkəzinin əsas hədəfinin yerli və əcnəbi ziyarətçilərin sayında müsbət dinamikaya nail olmaq, müştəri məmnunluğunu artırmaq, ölkədaxili və ölkəxarici tanıtım fəaliyyətlərini intensivləşdirmək, xüsusilə Şahdağı təkcə qış turizmi baxımından deyil, il boyu fəaliyyət göstərən turizm mərkəzi olaraq təbliğini genişləndirməkdən ibarət olduğu diqqətə çatdırılıb.

 

Seçilən
18
2
azertag.az

3Mənbələr