AZ

Səhiyyə naziri Teymur Musayev Tacikistanın ölkəmizdəki səfiri ilə görüşdü - FOTO

Azərbaycan Səhiyyə Nazirliyində Tacikistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İlxom Abduraxmon ilə görüş keçirilib.

"Unikal" xəbər verir ki, qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev ölkələrimizin bir çox sahələrdə uğurla əməkdaşlıq etdiyini diqqətə çatdırıb. O, münasibətlərimizin genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini də vurğulayıb. Teymur Musayev bu günlərdə Bakıda keçirilən SPECA Sammiti çərçivəsində Azərbaycan və Tacikistan prezidentləri arasında görüşün keçirildiyini xatırladıb. Nazir belə səfərlərin ikitərəfli münasibətlərin möhkəmləndirilməsində əhəmiyyətli olacağını bildirib.

Teymur Musayev Azərbaycanla Tacikistan arasında səhiyyə sahəsində əməkdaşlıq əlaqələrinin inkişafı üçün geniş potensialın olduğunu bildirib: “Ölkələrimizin tibb mütəxəssislərinin davamlı peşə təhsili sahəsində müasir metodiki və elmi-praktik təcrübə mübadiləsi üçün bütün imkanlar mövcuddur”.

Öz növbəsində İlxom Abduraxmon Tacikistanın Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verdiyini bildirib: “Ölkələrimiz arasında 1992-ci ildən etibarən diplomatik əlaqələr qurulub. Bu müddət ərzində Tacikistan və Azərbaycan dövlətlərinin qarşılıqlı münasibətlər müsbət dinamika ilə inkişaf edir”.

Görüşdə, həmçinin səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın genişləndirilməsi, tibb kadrlarının hazırlanması, tibb universitetləri və milli səhiyyə institutları arasında təcrübə mübadiləsi barədə faydalı müzakirələr aparılıb.

Seçilən
492
26
Mənbələr
Şərh ()
Bağla