AZ

Vergi Direktoratlığı ilə tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi müzakirə olunub - FOTO

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi, Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) prezidenti Orxan Nəzərli Almaniya Federal Maliyyə Nazirliyinin Vergi Direktoratlığının rəisi Nils Vayt ilə videoformatda görüş keçirib. SİA xəbər verir ki, görüşdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində müzakirələr aparılıb. Tərəflər həm ikitərəfli səviyyədə, həm də IOTA çərçivəsində administrasiyalar arasında əməkdaşlığın dərinləşdirilməsi yolları, həmçinin vergi sahəsindəki təcrübələrin qarşılıqlı mübadiləsi və yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Qeyd olunub ki, tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi hər iki ölkə üçün iqtisadi təcrübələrin və investisiyaların təşviqi baxımından böyük əhəmiyyət daşıyır. Bu əməkdaşlıq beynəlxalq vergi fırıldaqçılığı ilə mübarizədə və vergidən yayınma hallarının qarşısının alınmasını daha səmərəli həll etməkdə administrasiyaların potensialını əhəmiyyətli dərəcədə artırır. Belə bir tərəfdaşlıq qlobal dəyişikliklərə cavab verə bilən davamlı və uyğunlaşa bilən sistemlərin inkişafına kömək edəcək, eyni zamanda, hər iki ölkədə biznes üçün dəstəkləyici mühit yaradacaq.

Azərbaycan tərəfi, həmçinin Almaniyanın müxtəlif sektorlar üzrə vergi güzəştləri, xüsusilə innovasiyalara dəstək, vergi kreditləri, rəqəmsallaşmaya subsidiyalar və startaplar üçün güzəştlər, ekoloji vergi və vergitutma sahəsində digər təcrübələrini araşdırmaqda maraqlıdır.

Bildirilib ki, 2024-2025-ci illər üçün IOTA-ya sədrlik edən Azərbaycan, eyni zamanda, təşkilatın əməliyyat effektivliyini və üzv dövlətlər üçün cəlbediciliyini artırmaq məqsədi daşıyan hərtərəfli strateji təşəbbüslər paketini hazırlayıb və bu məsələləri alman həmkarları ilə müzakirə etmək niyyətindədir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də geniş müzakirələr aparılıb.

Seçilən
13
8
sia.az

9Mənbələr