Məhərrəm Zülfüqarlı: “44 günlük Vətən müharibəsindən və antiterror əməliyyatlarından sonra situasiya tamam dəyişdi”
Hərbi xidmətə çağırış müddətinin yuxarı həddi 35 yaşdan 30 yaşa endirilir. Bu, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 35 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarıdır. Dəyişikliyə əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları olacaq.
Bundan başqa, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi Azər Babayev deyib ki, hazırda hərbi xidmət müddətinin 1 il 6 aydan 1 ilə endirilməsi müzakirə edilir.
Ümumən, hərbi xidmətlə bağlı bu yeniliklərin nə kimi əhəmiyyəti olacaq?
Sözügedən məsələni baki-xeber.com-a şərh edən tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı hesab edir ki, hərbi xidmətə çağırış müddətinin yuxarı həddinin 5 il endirilməsi Azərbaycanın indiki vəziyyəti ilə bağlıdır: “Yəni əvvəl Azərbaycanın 20 faiz əraziləri işğal olunmuşdusa, bizi qarşıda böyük məsuliyyətli işlər gözləyirdisə, 44 günlük Vətən müharibəsindən və antiterror əməliyyatlarından sonra situasiya tamam dəyişdi. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam təmin etdi. Digər tərəfdən, Azərbaycanda hərbi xidmətdən yayınma, orduya getməmək problemi yoxdur. Halbuki, bir sıra ölkələrdə belə problemlər var. Deməyim odur ki, Azərbaycan gəncliyi bu qəhrəman mübarizədən sonra hər biri orduda xidmət etməkdən fəxr edir. O baxımdan hazırkı dövrdə xidmət müddətinin azaldılması və yaş həddinin aşağı endirilməsi ilə əlaqədar problem yoxdur. İndi biz ərazi bütövlüyümüzü bərpa edəndən sonra Azərbaycan dövlətinin sərhədlərinin qorunması, düşməndən gələcəkdə hansısa hücumun qarşısını almaq üçün müdafiə tələb olunur. Bunun üçün isə əvvəlki kimi bir qədər yaşı çox olan şəxslərin orduya cəlb olunmasına ehtiyac yoxdur. Bu baxımdan hesab edirəm ki, hərbi xidmətə çağırış müddətinin yuxarı həddinin 30 yaşa, hərbi xidmət müddətinin 1 ilə endirilməsi düzgün addımdır. Çünki daha çox sayda orduya və hərbi müddətin 1 il 6 ay olmasına ehtiyac yoxdur. Bu, çoxlu xərc deməkdir. Üstəlik, hazırkı dövrdə hərbidə müasir texniki vasitələrə - pilotsuz uçuş aparatları və s. daha çox üstünlük verilir. Ona görə də çoxsaylı ordunun saxlanılmasına zərurət yoxdur. Bir sıra ölkələr alternativ hərbi xidmətə önəm verir. Azərbaycan buna keçərsə, bu məsələləri daha da sadələşdirmək olar. Bir sözlə, verilən qərar doğrudur və bunun müsbət nəticələri olacaq”.
Vidadi ORDAHALLI