Azərbaycan Dövlət Kukla Teatrı hər il olduğu kimi qarşıdakı bayram günlərində də balaca tamaşaçılarının əyləncəsi üçün əlindəın gələni edib. Bu barədə baki-xeber.com-a Teatrın mətbuat xidmətindən məlumat verilib. Belə ki, yaradıcı heyət bu dəfə uşaqlara qoşularaq “Şaxta Baba haradadır?” sualına cavab tapmağa çalışıb. Dekabrın 27-də premyera nümayişi ilə balacaların ixtiyarına veriləcək səhnə işi hər gün 4 seans olmaqla (12, 14, 16 və 18:00) 5 yanvar 2025-ci il tarixinədək nümayiş olunacaq. Birhissəli uşaq tamaşasının (azərbaycan dilində) səhnələşdirəni və quruluşçu rejissoru Saida Haqverdiyeva, quruluşçu rəssamı İqbal Əliyevdir.
Tamaşada personajları (kukla və canlı plan olmaqla) teatrın aktyorları Aygül Ağayeva, Səriyyə Mansurova, Cavid Telman, Elnur Xəlilov, Araz Həsənli, Elxan İsmayılov, Könül Nəsibova, Vüqar İsmayılov, Səbinə Məmmədova canlandıracaqlar. Musiqi tərtibatlı tamaşanın əsas ideyası uşaqları nağıllar aləminə aparmaqla onların bu sehr dolu dünya ilə təmasına nail olmaqdır. Səhnə əsərində cərəyan edən hadisələr ümumilikdə əyləncəli məzmun kəsb etsə də burada əsas mahiyyət balaca tamaşaçılara xeyirxahlıq, dürüstlük, özünə inam və ətrafa sevgi aşılamaqla onları bəd əməllərdən, pislik və paxıllıqdan uzaq saxlamaqdır.
Bir saatlıq səhnə işində milli və dünya klassik nağıl qəhrəmanları, az qala hamımıza tanış personajlar bir səhnədə toplaşaraq şənliyə gedərkən yolunu itirib, sıx meşənin dərinliklərində azan Şaxta Babanı axtaracaqlar. Arabir bu işə tamaşaçıları da sövq edəcəklər. Macəra dolu tamaşada hadisələr komik və həyəcan dolu anların uğurlu səhnə həlli ilə davam edəcək. Şər qüvvə hesab olunan personajlar nə qədər mane olmağa çalışsalar da sonda sevilən qəhrəmanlar onların planlarını pozub, Şaxta Babanı şənliyə çatdıracaqlar.
İradə SARIYEVA