AZ

"İran məğlubiyyəti ilə barışmaq istəmir" - Ekspert

"İranın Suriyada cərəyan edən prosesin gedişini əks tərəfə çevirmək üçün real güc və imkanları hazırda ya olduqca məhduddur, ya da ki, tamamilə yox dərəcəsindədir”.

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Vüqar Zifəroğlu İranın ali dini lideri Əli Xameneinin Suriyadakı yeni hökuməti tanımayacağı və hətta bu hökuməti devirmək səylərini dəstəkləyəcəyi barədə fikrini şərh edərkən deyib: 

"İranın ali dini rəhbəri Ayətullah Xameneinin Suriyanın yeni hökumətini tanımayacağı və bu hökuməti devirmək səylərini dəstəkləyəcəyi barədə açıqlaması rəsmi Tehranın Suriya itkisilə barışmağa hazırlaşmadağını göstərsə də, mövcud reallıqlar tamam fərqli mənzərəni göstərir. İranın hazırda Suriyada cərəyan edən prosesin gedişatını əks tərəfə çevirmək üçün real güc və imkanları ya olduqca məhduddur, ya da ki, demək olar yoxdur. İlk növbədə nəzərə almaq lazımdır ki, İranın Suriya ilə birbaşa quru sərhədi mövcud deyil. Bu isə hər hansı bir müdaxiləni imkansız edir. İkinci bir tərəfdən, Tehranın proksi qüvvələri vasitəsilə gedişata təsir etməsi də faktiki olaraq mümkünsüz hala gəlib. Bu proseslərin özünü də iki istiqamətdə, həm daxili, həm də xarici faktorlarla əlaqələndirmək olar”. 

Ekspert qeyd edir ki, Əsədin sürətlə devrilməsi Suriyanın gələcəyi ilə bağlı müəyyən fikir ayrılıqları olsa da, rejimin getməsi zamanının çatması ilə bağlı ümumi qənaətin mövcud olduğunu göstərdi:

"Dohada, Əsədin Suriyadan qaçmasına bir gün qalmış Türkiyə, Rusiya və İran XİN başçılarının iştirakı ilə keçirilən görüş əslində postƏsəd dövrü ilə bağlı danışıqların ilikn raundu da hesab oluna bilərdi. Təbii ki, bütün bu gedişatda "Hizbullah”ın İsrail tərəfindən vurulması ilə kifayət qədər təsirini itimiş İranı, Suriyadan da tamamilə çıxması razı sala bilməzdi”. 

V. Zifəroğlu deyir ki, Xameneinin bu açıqlamaları "biz hələ varıq və bizimlə də hesablaşmaq lazımdır”,-mesajı kimi qiymətləndirilə bilər:

"Bu həm də bölgədəki digər güc mərkəzlərinə, xüsusilə Qərb, Türkiyə, Rusiya və Körfəz ölkələrinə bir mesaj olaraq da qiymətləndirilə bilər. İran bununla, Suriyada öz maraqlarını qorumağa qərarlı olduğunu göstərmək istəyir”. 

Qeyd edək ki, İranın dini lideri Ayətullah Xamenei ölkəsinin Suriyanın yeni hökumətini tanımayacağını və hətta bu hökuməti devirmək səylərini dəstəkləyəcəyini açıqlayıb. Bu barədə "Anadolu" xəbər agentliyinin farsca bölümünün redaktoru Oğuz Akkard sosial şəbəkə hesabında yazıb. 

Rüfət Sultan
Seçilən
11
1
qaynarinfo.az

2Mənbələr