AZ

“Yaşıl gələcək bizim gözümüz ilə" adlı fotomüsabiqə keçirilir

Bakı, 14 dekabr, AZƏRTAC

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı olan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi “Yaşıl gələcək bizim gözümüz ilə" adlı fotomüsabiqə elan edib. 20 fevral 2025-ci ilədək davam edəcək müsabiqə ölkəmizdə təbii ehtiyatların qorunması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatları və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi, “yaşıl iqtisadiyyat”a keçid, COP29-un fəaliyyət strategiyaları haqqında maarifləndirmə məqsədilə keçirilir.

AZƏRTAC xəbər verir ki, müsabiqənin məqsədlərindən biri də Azərbaycanın milli parkları, təbiət parkları, təbiət abidələr və su-bataqlıq ərazilərində yaşayan heyvanların (fauna) və bitkilərin (flora), mənzərə gözəlliklərinin fotoşəkillərini hazırlamaqla, Azərbaycanın zəngin təbii mühitini tanıtmaqdır. Bu, ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitinin qorunmasına, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfədir. Müsabiqə mövzuları üzrə kreativ, innovativ ideyaları özündə əks etdirən fotoların təqdimatı həm də iştirakçılarda ekoloji məsuliyyətin artırılması, ünsiyyət, əməkdaşlıq bacarıqlarının inkişafına dəstək verəcəkdir.

Müsabiqədə Azərbaycanda yaşayan bütün həvəskar və peşəkar fotoqraflar iştirak edə bilərlər. Müsabiqənin şərtləri, mövzuları və fotoşəkillərin təqdimat qaydaları haqqında geniş məlumatı bu linkdən əldə edə bilərsiniz: https://www.astirk.az/musabiqe

Müsabiqəyə qəbul edilən fotolar kodlaşdırıldıqdan sonra təşkilat komitəsi tərəfindən qiymətləndiriləcək. Müsabiqə mövzularına uyğun üç foto qalib elan ediləcək. Qaliblər mükafatlandırılacaq.

Müsabiqə prosesi və mükafatlandırma mərasimini Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi təşkil edəcək.

Müsabiqənin nəticələri təşkilatın rəsmi saytında dərc olunacaq. Yekunda iştirakçıların 30-dək fotosunun yer aldığı fotosərginin təşkili də nəzərdə tutulub. Sərgi iştirakçısı olan foto müəlliflərinə sertifikat veriləcək.

Fotolar 2025-ci il fevralın 25-dək [email protected] ünvanına göndərilməlidir. Müsabiqə barədə ətraflı məlumatı https://www.astirk.az/musabiqe saytından, eləcə də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Media və kommunikasiya şöbəsindən əldə etmək mümkündür.

phrase_var_article.chosen
38
2
azertag.az

3phrase_var_article.sources