AZ

Elmir Tağıyev: “Futbolsuz çox darıxıram”

“Kəpəz”in hücumameyilli yarımmüdafiəçisi, zədəli olan Elmir Tağıyev Gəncə klubunun mətbuat xidmətinə açıqlama verib.

Arena.az xəbər verir ki, bir müddət öncə İstanbulda cərrahiyyə əməliyyatı olunub vətənə dönən yarımmüdafiəçi tezliklə sıraya dönəcəyinə inandığını deyib:

“Müalicəm 4 gündür başlayıb. Özümü çox yaxşı hiss edirəm. Müalicə prosesi bitəndən sonra yüngül halda fiziki məşqlərə start verəcəyəm. Türkiyədə həkim bildirdi ki, əməliyyat çox yaxşı keçib. Narahat olmağa dəyməz. Əməliyyatdan sonra mənə tövsiyələrini verdi. Bərpa prosesində nələrə diqqət etməli olduğumu söylədi. Əsas olan odur ki, ağrılar arxada qalıb. Yavaş-yavaş yaxşılığa doğru düzəlirəm”.

Tağıyev oyunlar üçün darıxdığını söyləyərək qısa bir zamanda meydanlara dönmək istədiyini diqqətə çatdırıb: “İnanın ki, meydanda məşqlərə başlayacağım günü səbrsizliklə gözləyirəm. Açığı, futbolsuz çox darıxıram. Ona görə bərpa müddətini çox ciddi keçirirəm ki, ən tez müddətdə sıraya qayıda bilim. Həkimlərin tapşırığı əsasında çalışıram. Vəziyyətimə baxmayaraq, komandanın oyunlarını diqqətlə izləyirəm. Şükür ki, sonuncu pillədən qurtula bildik. İnşallah, daha da yuxarı qalxmaq imkanımız olacaq. Komandanın son oyunları göstərir ki, inkişaf var. Ümid edirəm göstərdiyimiz oyunla daha yaxşı nəticələr qazanacağıq”.

Xatırladaq ki, Elmir Tağıyev 2023-cü ilin yayından formasını geyindiyi “Kəpəz”də 32 oyun keçirib, 1 qola imza atıb. 24 yaşlı mərkəz yarımmüdafiəçisi daha öncə “Səbail” və “Turan Tovuz”da da çıxış edib.

“Kəpəz”də Elmir Tağıyevlə yanaşı, mərkəz müdafiəçisi İlkin Qırtımov da əməliyyat olunub. Elmirdən fərqli olaraq, İlkinin əməliyyatı Bakı şəhərində baş tutub. Onun da bərpası üç həftə sürəcək.

phrase_var_article.chosen
45
arena.az

1phrase_var_article.sources