AZ

Suriyadakı yeni hakimiyyətin lideri:

Suriyadakı yeni hakimiyyətin lideri Əhməd əl-Şaraa ölkə prezidentliyinə namizədliyini irəli sürməyə hazır olduğunu bildirib.

 

Bu barədə "Al Arabiyya" telekanalı məlumat yayıb.

 

Bildirilib ki, vətəndaşlar və ya onun ətrafındakılar xahiş edərsə, Əhməd əl-Şaraa prezidentliyə namizədliyini irəli sürə bilər.

 

Xatırladaq ki, noyabrın 27-də müxalifət silahlı birləşmələrinin üzvləri Hələb və İdlib əyalətlərində hökumət qüvvələrinin mövqelərinə genişmiqyaslı hücuma keçib. Dekabrın 7-də axşam saatlarında üsyançılar bir neçə böyük şəhəri - Hələb, Həma, Deyr əz-Zor, Dəra və Homsu ələ keçiriblər. Bazar günü səhər onlar Dəməşqə daxil olublar, bundan sonra Suriya ordusunun bölmələri şəhəri tərk ediblər.

 

Suriya prezidenti Bəşər Əsəd həmin gün ölkəni tərk edib. Rusiyanın TASS agentliyi Kremldəki mənbəyə istinadən onun ailə üzvləri ilə birlikdə Moskvaya getdiyini, Rusiyanın onlara sığınacaq verdiyini bildirib.

 

Dekabrın 8-də Suriyanın müvəqqəti hökumətinin başçısı Əbdürrəhman Mustafa “TRT Haber” telekanalında keçid hakimiyyətinin formalaşdığını elan edib.

 

Senzor.az-dan xatırlatma:"The Wall Street Journal"ın yazdığına görə, Əbu Muhəmməd Əl-Culani (əsl adı: Əhməd Hüseyn əl-Şaraa) 1982-ci ildə Ər-Riyad şəhərində doğulub və 7 yaşına qədər orada yaşayıb. 2003-cü ildə İraqda "Əl-Qaidə"yə qoşulub.

 

2006-cı ildə ABŞ-ın silahlı qüvvələri onu həbs ediblər. Gələcək lider 2011-ci ilə qədər ABŞ zindanında qalıb. Onun bioqrafiyasının bu hissəsi kifayət qədər qaranlıqdır (İnsaf naminə deyək ki, qalan hissələri də göz qamaşdırmır).

 

2012-ci ildə azadlığa çıxandan sonra o, "Əl-Qaidə"nin Suriya bölməsi olan "Cəbhət ən-Nüsra"nı yaradıb. İŞİD-in gələcək lideri, 2019-cu ildə qətlə yetirilən Əbu Bəkr əl-Bağdadi ilə əməkdaşlıq edib.

 

"Cəbhət ən-Nüsra" qısa müddətdə Bəşər Əsədin nəzarət etmədiyi əraziləri, o cümlədən İdlib şəhərini ələ keçirməyi bacarıb. Həmin dövrdə Əl-Culani tez-tez bəyan edirdi ki, Suriyada xristianlara və ələvilərə (şiələrə) yer olmayacaq.

 

2016-cı ildə Əl-Culani "Əl-Qaidə" ilə əlaqələrini qırır, onun ideologiyasından imtina edir və özünə sadiq insanlarla "Cəbhət Fəth əş-Şam" təşkilatını qurur.

 

2017-cil ildə İdlibdə "Həyat Təhrir əş-Şam" adlanan daha bir qruplaşma yaradır. Qrupun əsas məqsədi iranpərəst qüvvələri ölkədən qovmaq və Bəşər Əsədi devirmək idi.

 

2021-ci ildə qrupun imicini yaxşılaşdırmaq üçün Əl-Culani bəyan edir ki, məqsədi yeni "İslam Dövləti" yaratmaq deyil, sadəcə, Suriyanı azad etməkdir.

 

Əl-Culani özünü radikal islamçı hesab etmir. O, nəzarət etdiyi ərazilərdə qadınların hicab örtməməsinə, kişilərin siqaret çəkməsinə icazə verir...

Seçilən
12
senzor.az

1Mənbələr