AZ

FHN qarşıya qoyulan vəzifələrin öhdəsindən uğurla gəlir

16 dekabr FHN İşçilərinin Peşə Bayramı Günüdür

Prezident İlham Əliyevin 2005-ci il 16 dekabr tarixli sərəncamı ilə yaradılan Fövqəladə Hallar Nazirliyi (FHN) qarşısına ölkədə təbii və texnogen xarakterli fövqəladə halların vaxtında aşkarlanaraq xəbərdar edilməsi, nəticələrin çevik və səmərəli şəkildə aradan qaldırılması kimi mühüm vəzifə qoyulub. Dövlətimizin başçısının 2006-cı il 8 dekabr tarixli sərəncamı ilə hər il dekabrın 16-sı isə ölkəmizdə FHN işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi qərara alınıb.

Fəaliyyət göstərdiyi ötən illər ərzində nazirlik fövqəladə hallar sahəsində etibarlı şəbəkənin yaradılması, əhalinin və ərazilərin təbii və texnogen hallardan, mümkün terror hadisələrindən qorunması, yanğın və su hövzələrində, sənayedə, dağ-mədən işlərində, habelə digər sahələrdə əhalinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində üzərinə düşən bütün vəzifələrin icrası ilə bağlı genişmiqyaslı tədbirlər həyata keçirib.

Dövlət başçısının xüsusi diqqət və qayğısı nəticəsində FHN maddi-texniki cəhətdən hərtərəfli şəkildə təmin edilərək mobil quruma çevrilib. Nazirliyin bütün qurumlarının texnika parkı dünyada mövcud ən müasir müxtəlif təyinatlı maşın və mexanizmlərlə zənginləşdirilib, informasiya texnologiyaları infrastrukturunun yaradılması və inkişafı, elektron xidmətlərin təşkili, eləcə də respublikada baş vermiş təbii-texnogen hadisələrin statistikasının aparılması istiqamətində müvafiq layihələr gerçəkləşdirilib.

FHN-in əməkdaşlarının peşə hazırlığının artırılması daim diqqət mərkəzində saxlanılıb. Belə ki, bir sıra ölkələrin müvafiq ali təhsil ocaqları ilə bağlanan müqavilələr əsasında nazirliyin işçilərinin həmin təhsil müəssisələrində müasir biliklərə yiyələnmələrinə xüsusi önəm verilib. Bununla yanaşı, Azərbaycan Prezidentinin imzaladığı müvafiq sərəncamla 2008-ci ildə nazirliyin Akademiyası yaradılıb.

FHN yarandığı ilk gündən beynəlxalq əməkdaşlığı və tərəfdaşlığı fəaliyyətinin əsas prinsiplərindən biri kimi müəyyənləşdirib. Qurum xarici ölkələrin aidiyyəti dövlət qurumları və nüfuzlu beynəlxalq təşkilatları ilə qarşılıqlı əlaqələri inkişaf etdirib.

Beynəlxalq əməkdaşlığını da durmadan genişləndirən FHN Azərbaycan Prezidentinin tapşırığı ilə bir neçə ölkəyə humanitar yardımlar çatdırıb. Bundan başqa, FHN-in xilasetmə dəstələri İsrail, Gürcüstan və Türkiyədə meşə yanğınlarının söndürülməsində fəal iştirak ediblər. Nazirliyin şəxsi heyətinin peşəkarlığının və digər ölkələrdə baş verən fövqəladə hadisələrin qarşısının alınmasında göstərdiyi yüksək çeviklik və fədakarlığın ən bariz nümunəsi qardaş Türkiyədə baş vermiş meşə yanğınlarının söndürülməsi olub.

İkinci Qarabağ müharibəsi dövründə FHN-in strukturları Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək şanlı Zəfərin qazanılmasına töhfələrini veriblər. Nazirliyin qüvvələri düşmən tərəfindən ağır artilleriya qurğularından və raketlərdən atəşə məruz qalan yaşayış məntəqələrinin yanğından mühafizəsində və xilasetmə işlərində fədakarlıq nümayiş etdiriblər.

FHN-in qüvvə və vasitələri ilk günlərdən işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə işlərinə fəal şəkildə cəlb ediliblər. Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin istehkam qrupları 2021-ci ilin yanvarından Ağdam və Füzulidə minatəmizləmə əməliyyatları aparır. Minaaxtarma işlərinin keyfiyyətinin yüksəldilməsi və sürətləndirilməsi məqsədilə dislokasiya məntəqəsi Bərdədə olmaqla nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin ən müasir texnika və avadanlıqlarla komplektləşdirilən “N” saylı hərbi hissəsi yaradılıb.

Beləliklə, nazirliyin əməkdaşlarının fədakarlıq və peşəkarlıq örnəkləri qurumun şəxsi heyətinin ölkə rəhbərliyinin qarşıya qoyduğu vəzifələri daha yüksək keyfiyyətlə, operativ və sədaqətlə icra etməyə hər an hazırdır.

V.BİNYATOĞLU
XQ

Seçilən
23
3
xalqqazeti.az

9Mənbələr