AZ

33 il əvvəl Naxçıvan MR Ali Məclisi

Dünya Azərbaycanlılarının Həmrəylik Günü haqqında qərar qəbul etdi

Son yarım əsrlik tariximizin hansı səhifəsinə nəzər salsaq, orada ulu öndər Heydər Əliyevin adı, əməli ilə bağlı olan faktlar və hadisələrlə rastlaşırıq. Bu arqumentimizi əlli milyonluq xalqımızın 15 gündən sonra otuz üçüncü dəfə bayram edəcəyi Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixçəsinə nəzər salmaqla da əsaslandıra bilərik.

Zaman sübut edir ki, Heydər Əliyev bütün ictimai-siyasi fəaliyyəti ilə öndə olmuş, öz təklif və təşəbbüslərinin həyata keçirilməsini təmin etmişdir. Xatırladaq ki, onun ideya, layihə, plan, təklif və təşəbbüslərinin hamısı daim milli dövlətçilik baxımından əhəmiyyətli olub. Bu qısa yazıda onun ancaq Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi müddətdə atdığı bəzi addımların ictimai-siyasi baxımdan əhəmiyyətini yada salmaq istəyirik.

Məlum olduğu kimi, Ümummilli liderimiz 1991-ci il sentyabrın 3-də Naxçıvan MR Ali Məclisinin Sədri seçilmişdi. Bundan cəmi 4 gün sonra – sentyabrın 7-də Naxçıvan Dövlət Müdafiə Komitəsi yaradılmışdı. Həmin qətiyyətin davamı olaraq, “Naxçıvan MR-də yerləşən Silahlı Qüvvələrin hissələrinin statusu haqqında” Аli Məclisin 1991-ci il oktyabrın 26-da qəbul etdiyi qərar xüsusi önəm kəsb edirdi. Bu qərarın icrası nəticəsində keçmiş sovet ordusu hissələrinin muxtar respublikadan çıxarılması, həmin orduya məxsus silah-sursatın isə Naxçıvanda saxlanılması Ulu öndərin muxtar respublikanın erməni hərbi təcavüzündən qorunması uğrunda mühüm addımlarından biri olmuşdu.

1991-ci il dekabrın 16-da Ümummilli lider Heydər Əliyevin birbaşa təklifi ilə Naxçıvan pаrlamentinin qəbul etdiyi “31 dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” qərarla 1989-cu il dekabr ayının son günlərində baş vermiş “Sərhəd hərəkatı” tariximizin daş yaddaşına bayram günü kimi həkk edildi və artıq dünyadakı 50 milyonluq Azərbaycan xalqının böyük məmnunluğuna səbəb oldu.

Xatırladaq ki, muxtar respublika üçün çox çətin və mürəkkəb dövr olan 1992-ci ildə Ali Məclisin Sədri Heydər Əliyev Naxçıvanın müdafiəsi, sosial-iqtisadi və ictimai-siyasi vəziyyətinin yaxşılaşdırılması sahəsində bir sıra mühüm addımlar atmışdı. Onun qonşu Türkiyə və İrana səfərləri zamanı imzalanan iqtisadi-mədəni əməkdaşlıq barədə protokollar, Naxçıvanla Türkiyə arasında “Ümid körpüsü”nün (1992-ci il, 28 may) açılması, iki qardaş ölkə arasında əlaqələrin uzun illərdən sonra bərpa edilməsi sonrakı mərhələdə Naxçıvanın yalnız iqtisadi həyatında deyil, həmçinin siyasi həyatında da müstəsna rol oynamışdır.

Tarixçilər yazırlar ki, ermənilərin muxtar respublikaya təcavüzünün genişləndiyi 1992-ci ilin may ayında Naxçıvan MR Ali Məclisinin Sədri Heydər Əliyevin qardaş Türkiyə Cümhuriyyəti rəhbərliyi ilə qurduğu uğurlu münasibətlər və məqsədyönlü diplomatik mübarizəsi nəticəsində dünyanın 57 dövləti Ermənistanın Naxçıvana təcavüzünü qətiyyətlə pislədi. Bu mühüm siyasi gedişlər Heydər Əliyevin əsl xilaskarlıq missiyasının əsas faktlarından biri idi.

O ki qaldı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin “31 dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” qərarına, xatırladaq ki, həmin sənədin preambulasında milli tariximizin son iki əsrlik faciələrinin əksər detalları xatırladılırdı. Qeyd edilirdi ki, uzun əsrlik tarixə malik olan Azərbaycan türkləri öz inkişafının müxtəlif mərhələlərində dəfələrlə xarici istilaya məruz qalmış, onun ərazisi zəbt edilmiş və parçalanmış, dövlət müstəqilliyi və istiqlaliyyəti əlindən alınmışdır. Gülüstan (1813-cü il) və Türkmənçay (1828-ci il) müqavilələri ilə Azərbaycan türkləri və onun tarixi ərazisi bir daha parçalanaraq, Rusiya ilə İran dövlətləri arasında mənafe dairələrinə bölünmüşdür.

Xüsusilə vurğulanırdı ki, Sovet imperiyası tərkibinə qatıldığı 70 il ərzində Azərbaycana qarşı müstəmləkəçilik siyasəti yeridilmiş, Azərbaycan türkləri təqiblərə və kütləvi cəza tədbirlərinə məruz qalmışlar. İmperiya siyasəti dünya türklərini bir-birindən təcrid etmək məqsədilə pantürkizm məfhumunu Şərq aləmində təhlükəli bir ideya kimi qələmə verərək, dünya türklərini və о cümlədən Sovetlər İttifaqında yaşayan türklərin arasında əlaqələrin məhdudlaşmasına, kəsilməsinə cəhd göstərmişdi. Bu siyasətin təzahürü kimi qanunsuz çəkilən sərhəd çəpərləri Azərbaycan türklərini ikiyə parçaladı. Bütün bunlara baxmayaraq, Azərbaycan türkləri milli dövlət quruculuğu, milli və mənəvi bütövlük, müstəqillik uğrunda mübarizəni davam etdirmişlər.

Kreml rəhbərliyinin SSRİ-nin son dövrlərində yeritdiyi milli ayrı-seçkilik siyasətinə, Azərbaycanda başlanan xalq azadlıq hərəkatına, azadlıq hərəkatı fəallarının Moskva tərəfindən cəzalandırılmasına, 1988-1989-cu il hadisələrinə, 1990-cı ilin 20 Yanvar soyqırımına xüsusi qiymət verilən həmin preambulada göstərilirdi ki, qonşu ölkələrin, dünyanın müxtəlif yerlərində yaşayan Azərbaycan türklərinin, ümumən türk dünyasının 1989-cu ildəki “sərhəd hərəkatı”na parçalanmış xalqların təbii birləşmə meyli kimi baxması və müdafıə etməsi, ölkədə və dünyada gedən demokratik proseslər mövqeyindən qiymətləndirməsi xalqımıza qarşı yönəldilmiş mürtəce təbliğatın qarşısını qismən aldı:

“1990-cı ilin noyabr ayının 3-də Türkiyədə keçirilən Birinci Millətlərarası Azərbaycan türk dərnəkləri qurultayı isə Naxçıvan Muxtar Respublikasından başlanmış sərhəd hərəkatının real nəticəsi kimi milli birlik və həmrəylik yolunda atılan mühüm addım oldu. Noyabr ayının 5-də qurultayın qəbul etdiyi qərarda 31 dekabr gününün hər il geniş qeyd edilməsi zərurəti irəli sürüldü”.

Sənəddə oxuyuruq: “Bütün bunlara istinad edən Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:

1. 31 dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü elan olunsun və hər il bayram edilsin. Həmin gün Naxçıvan Muxtar Respublikası ərazisində iş günü hesab edilməsin.

2. 31 dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü kimi bütün Azərbaycan Respublikasında rəsmi qeyd edilməsi üçün qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Ali Sovetinə təklif verilsin…”

Ulu öndər Heydər Əliyevin 1991-ci il dekabrın 16-da imzaladığı beş bəndlik bu tarixi sənədin sonunda xüsusi olaraq qeyd edilirdi ki, “Bu qərarın dünya Azərbaycan türklərinə çatdırılması təmin edilsin”.

Bəli, həmin qərarın dünyanın hər yerindəki soydaşlarımıza çatdırılması təmin edildi, sonra dövlət müstəqilliyimizi bərpa etdik, qüdrətli Azərbaycan Ordusu yaratdıq, düşmən tapdağında olan ərazilərimizin yağı əsarətindən azad edilməsinə nail olduq, suverenliyimizi əbədiləşdirdik, Azərbaycanın regionun və dünyanın əsas aktorlarından birinə çevirdik və… Ulu öndərin bütün vəsiyyətlərini, ideyallarını reallaşdırdıq.

İttifaq MİRZƏBƏYLİ

Seçilən
35
xalqqazeti.az

1Mənbələr