Azərbaycanda səfərdə olan Müqəddəs Taxt-Tacın Dövlətlər və Beynəlxalq Təşkilatlarla əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Qallagerin iştirakı ilə Prezident İlham Əliyevin tapşırığına əsasən Heydər Əliyev Fondunun dəstəyi və Bakı Şəhər İcra Hakimiyyətinin sifarişi ilə Müqəddəs II İoann Pavelin şərəfinə tikiləcək katolik kilsəsinin yerləşəcəyi ərazinin təqdisetmə mərasimi keçirilib.
Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəisi, Milli Məclisin deputatı Soltan Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Katolik Kilsəsinin Apostol Prefekturasının yepiskopu Vladimir Fekete, Müqəddəs Taxt-Tacın Azərbaycan Respublikasındakı Apostol nunsisi Marek Solçinski, Azərbaycanın Müqəddəs Taxt-Tacda fövqəladə və səlahiyyətli səfiri İlqar Muxtarov və digər rəsmi şəxslərin də iştirak etdiyi mərasimdə arxiyepiskop Paul Riçard Qallager kilsənin layihəsi ilə tanış olub.
***
Azərbaycanda II İoann Pavelin şərəfinə tikiləcək katolik kilsəsinin yerləşəcəyi ərazinin Müqəddəs Taxt-Tacın Dövlətlər və Beynəlxalq Təşkilatlarla əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Qallager tərəfindən təqdis edilməsi münasibətilə dünən Bakıda qəbul keçirilib.
Mərasimdə çıxış edən Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev bildirib ki, dostluq və sıx əməkdaşlığa əsaslanan Azərbaycan-Müqəddəs Taxt-Tac əlaqələri müsbət məcrada inkişaf edir. O, 1997-ci ildə Ulu öndər Heydər Əliyevin və 2005-ci ildən etibarən Prezident İlham Əliyevin Vatikana, 2002-ci ildə Roma Papası II İoann Pavelin, 2016-cı ildə isə Roma Papası Fransiskin Azərbaycana səfərlərini xatırladıb, bu səfərlərin iki ölkə arasındakı əlaqələrin indiki səviyyəyə yüksəlməsinə böyük təkan verdiyini vurğulayıb.
Paul Riçard Qallager Bakıda katolik kilsəsinin tikintisi üçün ərazi ayırdığına görə Azərbaycan Prezidenti İlham Əliyevə, həmçinin Heydər Əliyev Fonduna dərin minnətdarlığını bildirib.
XQ