AZ

Ermənistan üçün prioritet “soyqırımı”dırsa…

Ölkənin təhlükəsizliyindən danışmağa dəyməz

Argentinalı dələduz hüquqşünas, Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okampo yenidən “fəallaşıb”. O, İrəvanda keçirilmiş “Soyqırımı cinayətinə qarşı” V qlobal forumda iştirak edib və səfəri əsnasında erməni mediasına müsahibə verib.

Morenonun nələrdən söz açmasına, hansı cəfəngiyyatı dilə gətirməsinə nəzər salacaq, “Moreno-Melani tandemi”nin ermənipərəst mahiyyətindəki təzahürlərə diqqət yetirəcəyik. Melani kimdir, nəçidir, bu barədə biləcəksiniz. Ancaq əvvəlcə bir məqamın üzərində dayanaq. Daha doğrusu, erməni hiyləgərliyinin üzərində...

Qeyd edək ki, “Soyqırımı cinayətinə qarşı” V qlobal forum Ermənistanın xarici işlər nazirliyinin təşəbbüsü ilə təşkil olunub. Halbuki bu ilin oktyabrında qurumun rəhbəri Ararat Mirzoyan parlamentdə 2025-ci il üçün büdcə layihəsinin müzakirəsi zamanı bildirmişdi ki, qondarma “erməni soyqırımı”nın beynəlxalq aləmdə tanınması Ermənistanın xarici siyasət gündəmi üçün prioritet deyil. O, prioritetin ölkə ətrafında sülh və sabitliyin təmin edilməsi olduğunu da vurğulamışdı.

Ancaq indi Mirzoyanın nazir olduğu qurum soyqırımı ilə bağlı forum keçirir. Özü də “Soyqırımı və digər cinayətlərə qarşı erkən xəbərdarlıq və erkən reaksiya üçün beynəlxalq mexanizmlərin effektivliyinin gücləndirilməsi” mövzusunda.

Burada, məqsəd yalnız diqqəti saxta iddiaya çəkmək yox, eyni zamanda, həmin iddianın lazımi nəticə vermədiyi, Azərbaycana münasibətdə sərt ölçü tədbirinin götürülmədiyi üçün dünya birliyini ittiham etməkdir.

Belə bir misal var, dəvəquşu başını quma salır, elə bilir görünmür. Mirzoyanın şəxsində XİN, bu qurumun timsalında isə bütövlükdə Ermənistan dövləti həmin dəvəquşunun günündədir. Nazir, necə deyərlər, oxu atır, yayı gizlədir. O, foruma toplaşan ermənipərəstlərdən fərqli olaraq, Azərbaycanı dolayısı ilə günahlandırır. Yəni, ölkəmizin adını çəkmədən. Niyə? Səbəb rəsmi İrəvanın hazırda Bakı ilə sülh axtarışında olduğuna dair görüntü yaratmağa, özünü mütərəqqi kimi göstərməyindədir. Mirzoyan məhz bu görüntünün pozulmaması üçün ölkəmizin adını birbaşa mənfi tonda gündəmə gətirmir. Ancaq onun dediklərindən hər şey bəllidir, hədəf aşkardır.

Ermənistan rəhbərliyinin saxta soyqırımı məsələsində Azərbaycanı subliminal şəkildə ittiham etdiyi bir vaxtda, elə fon yaradılır ki, rəsmi İrəvan, guya, soyqırımına ümumi şəkildə qiymət verir və bütövlükdə dünyanı insanlıq əleyhinə cinayətlərə qarşı mütəşəkkil mübarizə aparmağa çağırır. Təzada baxın, soyqırımının yolverilməzliyindən danışan, qeyri-insani rəftarı dövlət siyasətinə çevirmiş ölkənin təmsilçiləridir. Utanmayasan, oynamağa nə var?

Digər tərəfdən, Ankara ilə münasibətlər amili var. Bu günlərdə Türkiyə – Ermənistan sərhədlərinin açılması, eləcə də iki ölkə arasında dəmir yolu əlaqəsinin bərpası ilə əlaqədar müzakirələr aparılır. Yəni, erməni XİN rəhbəri həm də bu səbəbdən ad çəkmir. Amma bunu onun yerinə tədbirə dəvət edilmiş ermənipərəstlər edirlər. L.M.Okampo da belələrindəndir.

Yada salaq ki, Okampo 2023-cü ildə Ermənistanın Laçın dəhlizi məsələsində qaldırdığı isteriya dövrünün zay məhsuludur. Dələduz həmin vaxt, var gücü ilə çalışmışdı ki, beynəlxalq ictimaiyyət Qarabağ xüsusunda yaşananları soyqırımı və etnik təmizləmə olaraq qəbul etsin. 2023-cü ildə rəsmi İrəvanın özü də açıq tekstlə məhz mövcud istiqamətdə səylər göstərmiş, geniş miqyaslı iş aparmışdı. Əlbəttə ki, bütün bunlar fayda verməmişdi.

Vurğuldığımız kimi, Ermənistanın yerinə Azərbaycanı ittiham edən ermənipərəstlər var. Onlar saxta “erməni soyqırımı” məsələsini beynəlxalq tribunalara çıxarır, onu siyasi alver predmetinə çevirirlər. Okampo həm də belələrindəndir, bu, öz yerində. Deməli, indiki durumda o, nə isə sərsəmləyirsə, şübhə yoxdur ki, bu sərsəmləmənin arxasında dayanan rəsmi İrəvanın özüdür. Nəzərə alaq ki, Okamponu da Beynəlxalq Soyqırımı Tədqiqatçıları Assosiasiyası adlanan qurumun prezidenti Melani O'Brayen adlı qatı ermənipərəsti də İrəvandakı foruma dəvət edən Mirzoyanın özüdür. Bəli, əvvəldə haqqında söz açdığımız və şərti olaraq Moreno – Melani adlandırdığımız “tandemə” keçid alırıq.

***

M.O'Brayen və başçılıq etdiyi təşkilat haqqında bir neçə məqama diqqət yetirək. İlk baxışdan, elə təəssürat yarana bilər ki, bu xanım ABŞ Dövlət Departamenti rəhbərinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayenlə bağlıdır. Hərçənd, buna dair hansısa bilgi əldə edə bilmədiyimizdən, məsələnin üzərindən keçirik. Hərçənd o'brayenlərin ikisi də eyni təbiətdədir. Yəni, Azərbaycana qərəz, hiddət və nifrət pəncərəsindən baxırlar.

Əlqərəz, M.O'Brayenin rəhbərlik etdiyi Beynəlxalq Soyqırımı Tədqiqatçıları Assosiasiyası 1994-cü ildə ABŞ-da yaradılıb. Qurum Arlinqtondakı Corc Meyson Universitetində yerləşir. Assosiasiya hələ 1997-ci ildə “erməni soyqırımı”nı tanıyan yekdil qətnamə qəbul edib. “Yekdil” sözünə çox da diqqət yetirməyin. Çünki qurum cəmi beş nəfərdən ibarətdir. Beləliklə, 5 nəfərlik Amerika qeyri-hökumət təşkilatının rəhbəri İrəvanda dünya dövlətlərini saxta “erməni soyqırımı”nı tanımağa çağırıb və bu çağırış A.Mirzoyanın gözü qarşısında səslənib. Üstəlik, Melani, belə demək mümkünsə, okampoluğa keçib. O bildirib ki, Azərbaycanın 2023-cü ilin sentyabrında Qarabağda törətdiyi əməlləri soyqırımı kimi tövsif etmək lazımdır. O, fikrini əsaslandırmaq üçün müxtəlif cəfəngiyyatlara baş vurub. Xanım O'Brayen ona ünvanlanmış sualı cavablandırarkən sərsəmləyib. Sualın isə Ermənistan XİN-nin tezisləri əsasında hazırlandığına zərrə qədər də şübhə yoxdur.

***

İndi isə keçək, bilavasitə “əsərin qəhrəmanı”na. Yəni, L.Okampoya. Argentinalı dələduz deyib ki, Qarabağ ermənilərinin öz vətənlərinə qayıtmaq hüququ var. “Mən Qarabağ ermənilərinin geri qayıtma ehtimalını mütləq görürəm. Buna göz yummaq olmaz. Mübarizəmizi davam etdirməliyik. Mübarizəni davam etdirməlisən. Mübarizəni dayandırdığınız günü itirirsiniz. Onlara öz vətənlərinə qayıtmaq hüququ uğrunda mübarizəyə kömək etmək lazımdır”, – deyərək ucuz populizmi işə salan Okamponun diqqət yetirdiyi bir məsələ var. O deyib ki, Azərbaycan ermənilərin Qarabağda olmaq hüququnu tanıyır və buna görə də həmin hüquqlar uğrunda mübarizə aparılmalıdır.

Əlbəttə, Azərbaycan multikultural ölkədir. Ermənistandan fərqli olaraq, respublikamızda müxtəlif millətlərin və dinlərin daşıyıcıları sərbəst şəkildə ömür sürürlər. Ölkəmizdə hətta etnik ermənilər də yaşayırlar. Bu mənada Qarabağ İqtisadi rayonundan köçüb Ermənistana getmiş ermənilərə də Azərbaycanda qalıb yaşamaq imkanı yaradılmışdı. Lakin onlar bunu istəmədilər. Həm də ona görə istəmədilər ki, bu gün Okampo 2023-cü ildə Qarabağda baş verənləri soyqırımı kimi qiymətləndirsin, anti-Azərbaycan təbliğat aparsın. Axı, sifariş rəsmi İrəvandan gəlib.

Bəli, Ermənistan rəhbərliyi 2023-cü ildə Qarabağ ermənilərinin tez bir zamanda bölgəni tərk etmələrini ona görə reallaşdırdı ki, məsələni etnik təmizləmə və soyqırımı kimi qiymətləndirsin. Baxın, Okampo indi deyir ki, soyqırımı əməlini törətmək yalnız qətlə yetirməklə ölçülmür. “Bu, Laçın dəhlizinin blokadaya alınması, Qarabağın bütün əhalisinin qaçması, eləcə də ciddi psixoloji zədələnməsi, ermənilərin qorxusu və sair deməkdir. Bütün bunlar soyqırımının əlamətləridir”, – deyən Okampo ermənilərin, ilk növbədə, ədalət və yaddaş uğrunda mübarizə apardıqlarını da bildirib. Ədaləti başa düşdük, görəsən, yaddaş nə imiş?

Çox da düşünməyə ehtiyac yoxdur, çünki argentinalı dələduz yarımçıq bildiyi tarixə üz tutur və bu dəfə Türkiyəni ittiham etməyə başlayır. O, Türkiyənin nə vaxtsa “erməni soyqırımı”nın tanımasının mümkün olub-olmamasına dair əvvəlcədən hazırlanmış suala cavab olaraq qeyri-müəyyən tərzdə vurğulayıb: “Bilmirik, amma Türkiyəni işə cəlb edib izahat verməliyik. Gənc nəsil artıq fərqlidir. Düşünürəm ki, biz onları cəlb edib bu məsələni müzakirə edə bilərik”.

***

Sonda onu da bildirək ki, Ermənistan mənfur dövlət xislətini tarixin arxivinə gömmək istəmir. Onun rəsmiləri hər cür hiyləgərliyə baş vururlar və İrəvanda keçirilmiş “Soyqırımı cinayətinə qarşı” V qlobal forum da böyük hiyləgərlik və saxtakarlıq tamaşası kimi yadda qaldı. Başlıca məqam rəsmi İrəvanın bu gedişlə nə etmək, nəyə nail olmaq istəməsidir. Əslində, hər şey aydındır.

A.Mirzoyan ölkəsinin xarici siyasət gündəmi üçün prioritetin “erməni soyqırımı” olduğunu təsdiqlədi. Deməli, bir ay əvvəlki çıxışında dediklərinin əksinə getdi. Ermənistan rəhbərliyi haqqında söz açdığımız forumun təşkili ilə anti-türk, anti-Azərbaycan ritorikası ilə qonşularına qarşı ərazi iddiası məsələsini gündəmdə saxlamağa çalışdığını sübuta yetirdi. Prioritet saxta “soyqırımı”nın təbliğidirsə, Mirzoyanın təbirincə desək, ölkə ətrafında sülh və sabitliyin təmin edilməsindən danışmağa dəyməz. Deməli, Qərbin erməni varlığı üçün biçdiyi “amplua” öz “əhəmiyyətini” qoruyur. O amplua ki, qlobal maraqlardan qaynaqlanır və erməni varlığı həmin maraqlarda alətdir. Alət isə şahmat lövhəsindəki peşkadır və asanlıqla qurban verilə bilir. Ermənistan qurban aqibətinə doğru sürətlə irəliləyir. Vəssalam!

Ə.CAHANGİROĞLU
XQ

 

Seçilən
47
xalqqazeti.az

1Mənbələr