Dünən Bakıya ilk qarı yağdı. Sübh tezdən yuxudan duranlar buna canlı şahid oldular.
Binaların damları, avtomobillərin üzərində yığılan qar bəzi yerlərdə hələ də qalırdı. Ötən gecədən başlayan qar sonradan sulu qara çevrildi. Doğrudur, havanın temperaturu çox aşağı olmasa da, paytaxt sakinləri uzun zamandan sonra qışı hiss edə bildilər.
Qar daha çox Yasamal, Binəqədi, Xətai rayonlarına yağdı. Qarlı hava səbəbindən sözügedən ərazilərdə avtomobillər arasında sıxlıq müşahidə olunurdu.
Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumatda isə hava şəraiti ilə bağlı sürücülərin hava durumunu nəzərə almaları və ehtiyatlı olmaları tövsiyə edilirdi. Qeyd olunurdu ki, Bakıda və Abşeron yarımadasında dekabrın 14-dən 15-nə keçən gecə bəzi şəhərətrafı və nisbətən yüksək ərazilərdə, eyni zamanda, ölkənin əksər dağlıq və dağətəyi rayonlarında gecə və səhər yolların buz bağlama ehtimalı var. BDYPİ xüsusilə külək tutan açıq ərazilərdə, enişli-yoxuşlu yollarda, körpülərdə sürüşmə ehtimalının dəfələrlə artacağını nəzərə alaraq, sürücülərdən zəruri ehtiyat tədbirləri görməyi, mövsümə uyğun təchiz edilməmiş, texniki-təhlükəsizlik baxımından yararsız nəqliyyat vasitələri ilə yola çıxmamağı, səfərləri mümkün qədər günün işıqlı vaxtına planlaşdırmağı, təcrübəsiz sürücülərdən sükan arxasına əyləşməməyi xahiş edirdi.
Hətta qarlı, buzlu yollarda sürüşmə ehtimalını nəzərə alaraq, piyadalara da ehtiyatlı olmaq, yolun hərəkət hissəsinə çıxmamaq, təhlükəsizlik qaydalarına ciddi əməl etmək tövsiyə olunurdu.
Anar ƏLİ
XQ