AZ

NASA Ay və Marsın tədqiqi planlarına dair sənədlər paketini yeniləyib

NASA Ay və Marsın tədqiqi planlarına dair sənədlər paketini yeniləyib. Bu iki səma cismi Günəş sisteminin tədqiqat proqramı ilə sıx bağlıdır. SİA NASA-nın saytına istinadla xəbər verir ki, Marsa uçuş üçün baza Ayda yaradılacaq və yalnız bundan sonra Marsa gedən yoldan danışmaq mümkün olacaq. Bununla yanaşı, agentlik planetar kosmik proqramlara münasibətə yenidən baxmağa çağırır və bunu əsas gətirir ki, dövlətin maliyyələşdirməsindən uzaqlaşmaq və özəl investorları cəlb etmək lazımdır.

Ay və Marsın tədqiqi üçün üç əsas məqam dəyişməz olaraq qalır, yalnız təfərrüat dəyişir – bu, planetar infrastrukturu enerji ilə təmin etmək üçün kompakt nüvə reaktorlarının yaradılması, ağır yüklərin enişi üçün Ay modulunun istehsalı və Ayda insanın daimi mövcudluq bazasının yaradılmasıdır. NASA hər il sənayenin və təchizatçıların imkanlarını nəzərə alaraq Ay-Mars proqramının “arxitekturasını” korrektə edir.

NASA-nın Marsın kəşfiyyat proqramı ilə bağlı təsəvvürlərin “paradiqmasını dəyişmək” zərurətini ortaya qoyduğu bir sənəd daha çox maraq doğurur: “Ənənəvi düşüncəyə meydan oxumaq və Marsın kəşfiyyatı üçün yeni və yaradıcı həllər axtarmaq lazımdır”. “Mars haqqında elmin sərhədlərinin genişləndirilməsi: Marsda davamlı elm proqramı Planı – 2024-2044-cü illər üçün Marsın tədqiqi Proqramı” adlı sənədi NASA-nın Elm Missiyası Direktorluğu (MEP) hazırlayıb.

NASA həmçinin etiraf edir ki, təşkilat artıq Marsın məqsədyönlü tədqiqinə sadiq olan azsaylı təşkilatlardan biri deyil. Digər ölkələrin təşəbbüsləri inkişaf edir və Qırmızı Planetin kəşfiyyatı üçün kommersiya xidmətlərinin toxumları cücərir. Bu həm də paradiqmanın dəyişməsidir.

“Marsın kəşfiyyatında ön sıralarda qalmaq üçün MEP yeni, fərqli bir modelə sadiq qalmalıdır: sərfəli və əldə ediləbilən şəkildə Marsa daha çox missiya göndərmək və bunu müxtəlif istedadları inkişaf etdirərək və ictimaiyyəti Marsın kəşfiyyatına cəlb edərək etmək”, - deyə hesabatda qeyd edilir.

Sənəddə “aşağı xərcli missiya” buraxılış və missiya xərcləri istisna olmaqla, təxminən 100 milyon dollardan 300 milyon dollara qədər qiymətləndirilir. “Orta sinif strateji missiyanın” dəyəri, raket daşıyıcısı və missiya əməliyyatları xərcləri istisna olmaqla, təxminən 1-2 milyard dollar həcmindədir.

NASA-nın Marsın Kəşfiyyat Proqramının direktoru Erik Yanson bildirir ki, “ənənəvi düşüncəyə meydan oxumaq və Marsın kəşfiyyatı üçün yeni və yaradıcı həllər axtarmaq” lazımdır. Bura “daha az bahalı elmi tədqiqatların müəyyən edilməsi, Mars ətrafında infrastrukturun möhkəmləndirilməsi, yeni uğurlu texnologiyaların axtarışı və cəmiyyətdə Marsın tədqiqatında iştirakı genişləndirən mühitin yaradılması” daxil ola bilər.

Seçilən
13
3
sia.az

4Mənbələr