AZ

"Pizza.com" domenini 20 dollara satın alaraq milyonçu olan adam - SƏHƏR OXUSU

İnternetin ilk günlərində kiçik bir investisiyanın gələcəkdə böyük sərvət gətirəcəyini kim proqnozlaşdıra bilərdi? "Pizza.com" domeni ilə adından söz etdirən Kris Klark belə imkanlardan yararlanan nadir insanlardan idi. Maraqlıdır ki, cəmi 20 dollara alınan bu domen illər sonra gözlənilməz qiymətə çatdı. Bəs adi görünən bu sərmayənin arxasında nə dayanır? 

Valyuta.az Kris Klarkın milyonçu olmaq hekayəsini təqdim edir. 

1994-cü ildə Kris Klark konsaltinq firması üçün pizza şirkəti ilə müqavilə imzalamaq ümidi ilə "Pizza.com" domenini cəmi 20 dollara aldı. Lakin bu razılaşma heç vaxt baş tutmadı. Bununla belə, Klark ildə 20 dollar nominal ödəniş müqabilində domeni saxlamağa davam etdi. Əvvəlcə o, saytdan yalnız reklam gəliri üçün istifadə edib və zaman keçdikcə domenin dəyərini dərk etməyə başlayıb. Ancaq o zaman belə, bu kiçik sərmayənin bir gün onu milyonçu edəcəyini heç vaxt təxmin edə bilməzdi.

2006-cı ildə "Vodka.com" domeninin 3 milyon dollara satıldığı xəbərini oxuyan Klark öz domeninin dəyərini ölçmək üçün "Pizza.com"u hərraca çıxarmağa qərar verdi.

O, saytı 2008-ci ilin yanvarında satışa çıxarıb və ilk təklif cəmi 100 dollar olub. Amma işlər tez irəlilədi. Bir həftə ərzində təklif 2,6 milyon dollara yüksəldi və Klarkın həyatı həmişəlik dəyişdi.

Satış 2008-ci ilin böyük iqtisadi böhranı zamanı baş verdi. Belə bir dövrdə bir domen üçün milyonlarla dollar ödəmək satışın nə qədər qeyri-adi olduğunu ortaya qoydu.

Satışdan sonra Klark təəssüfləndiyini bildirərək, "Kaş ki, o vaxt daha çox domen qeydiyyatdan keçirəydim" dedi. Klark “Pizza.com” sayəsində qazandığı milyonlarla dollarla indi rahat pensiya həyatı yaşayır.

Əvəz Həsənov / Valyuta.az / SƏHƏR OXUSU 

Seçilən
57
valyuta.az

1Mənbələr