AZ

“Bir hüquq müdafiəçisi olaraq, saxta ittihamlarla həbs edilən şəxslərə qarşı repressiv əməliyyatları qətiyyətlə pisləyirəm. Çox təəssüf ki, COP 29 səbəbilə təxirə salınan, lakin COP-dan dərhal sonra bərpa edilən siyasi motivli məhkəmə proseslərini izləmək imkanım yoxdur. Amma əminəm ki, insanlığa zidd olan bu repressiyaların da sonuna çox qalmayıb. Demokratiya mütləq qalib gələcək, Azərbaycan xalqı mütləq azad olacaq, ölkəmizdə ədalət hökmən bərqərar ediləcək!”

Bu barədə həbsdə olan “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərova istinadən onun bəyanatı facebook profilində yayılıb.

Hüquq müdafiəçisinin fikirncə, Azərbaycan hakimiyyəti 2024-cü ilin son ayını da “şiddətləndirilmiş repressiyalarla” başa vurmaqda israrlıdır.

“Artıq insanların tək-tək və ya dəstə-dəstə tutulmasına, ənənəvi şərləmə mexanizminin həm ayrı-ayrı şəxslərə, həm də həbs edilən qruplara eyni “uğurla” tətbiq olunmasına heç kəs təəccüblənmir. Hökümət faktiki olaraq özünün törətdiyi bütün cinayətkar fəaliyyət növlərini saxta şahidlər və arqumentlərlə öz opponentlərinə qarşı istifadə edir. Dələduzluğun, qaçaqmalçılığın, narkotiklərin qanunsuz dövriyyəsinin bu rejimin aşağıdan yuxarıya doğru bütün nomenklaturasına aid fəaliyyət növləri olduğunu kim bilmir ki? Dekabrın 8-də Meydan TV əməkdaşlarının, 9-da isə tanınmış ictimai-siyasi xadim Azər Qasımlının saxta ittihamlarla həbsi rejimin Azərbaycan cəmiyyətinə qarşı cəza əməliyyatı kimi qəbul edilməlidir. İnanıram ki, bütün mütərəqqi qüvvələr bunu məhz belə də qiymətləndirirlər”, Rüfət Səfərova istinadən onun profilində yayılan bəyanatında deyilir.

“Azərbaycanda Siyasi Məhbusların Azadlığı Naminə" İttifaqın siyasi məhbusların yeni siyahısı ilə bağlı son hesabatında deyilir ki, bu il sentyabrın 23-dən dekabrın 12-dək Azərbaycanda siyasi məhbusların sayı 17 nəfər artaraq 331 nəfərə çatıb. Yeni həbs edilənlərin əksəriyyəti “Meydan TV” internet nəşrinin əməkdaşları, digər media işçiləri, hüquq müdafiəçisi Rüfət Səfərov, politoloq Azər Qasımlı və dindarlardır.

Çoxsaylı beynəlxalq təşkilatlar, həmçinin Avropa Parlamenti, ABŞ Dövlət Departamenti “haqsız yerə həbsdə olanların” azad edilməsi ilə bağlı Azərbaycan hakimiyyətinə müraciətlər edib.

phrase_var_article.chosen
61
turan.az

1phrase_var_article.sources