“Neftçi” azarkeşlərinin gözləri yoldadır.
“Zirə”ylə oyunda əldə olunan vacib qalibiyyətə sevinən tərəfdarlar “Qarabağ” və “Sumqayıt”la matçlardakı yenilgilərə üzülmək məcburiyyətində qaldılar.
İndi növbəti 3 xalı gözləyirlər. Rəqib isə elitada qalmaq uğrunda mübarizə aparan “Kəpəz”dir.
İlk dövrədə komandalar arasında Tovuzda baş tutan dueldə gəncəlilər əzəli rəqibini 4:3 hesabı ilə udmağı bacarmışdı. Süni örtükdə, gərgin keçən qarşılaşmada bakılıların baş məşqçisi Roman Qrriqorçuk idi.
İndi vəziyyət dəyişib. “Neftçi”yə Samir Abasov rəhbərlik edir və “ağ-qaralar” rəqibini öz meydanında, doğma azarkeşlərinin gözləri önündə qəbul edəcək.
Ancaq bu dəfəki problem başqadır. Düşərgədə yaşanan zədə epidemiyası Abasovu narahat etməyə bilməz.
Beş futbolçu – Emin Mahmudov, Rəhman Hacıyev, Rafael Quzzo, Robert Bauer və Azər Salahlı bazar günü meydana çıxa bilməyəcəklər.
Turnir cədvəlindəki vəziyyət də “Neftçi”liləri narahat etməyə bilməz. Paytaxt təmsilçisinin aktivində 13, “sarı-göylər”in 10 xalı var. “Kəpəz” qalib gələcəyi təqdirdə, “ağ-qaralar” 9-cu pilləyə yuvarlanacaq.
Məhz bu məqam “Neftçi”nin məşqçi və futbolçu heyətini məsuliyyətli olmağa çağırdığı qədər psixoloji gərginlik yaradır. Daha bir məğlubiyyət ciddi fəsadlara yol aça bilər.
Daha bir maraqlı məqam odur ki, Azər Bağırovun çalışdırdığı kollektiv Premyer Liqada son iki səfər qarşılaşmasından 4 xalla ayrılıb. “Sabah”la Masazırda 2:2 bərabərə qalıb, Şamaxıda yerli komandanı 1:0 məğlub edib.
“Neftçi” isə aktivinə yazdırdığı 13 xalın 9-nu “Neftçi Arena”dakı matçlarda bayram edib.
Bu gün “Neftçi Arena”da gerçəkləşəcək duel saat 18:30-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ