AZ

"Qobustan kodları" dəyirmi masası: Arxeologiya, incəsənət və mənəviyyatın qovşağında

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Dekabrın 15-də "Nine Senses" incəsənət mərkəzində qədim Qobustan sivilizasiyası fenomeninə həsr olunmuş "Qobustan bəşəriyyətin sirli kodu kimi" adlı unikal dəyirmi masa keçirilib.
Oxu.Az xəbər verir ki, bu tədbir AZBRAND-ın dəstəyi ilə "Qobustan kodları" tədqiqat proqramı çərçivəsində təşkil olunub.
İncəsənət mərkəzinin direktoru Natalya Jukova qeyd edib ki, tədbirə tarixçilər, antropoloqlar, etnoqraflar və ezoteriklər toplaşıb. Onlar bəşəriyyətin mənşəyi ilə bağlı iki elmi yanaşmanı - elmi və ezoterik fikirləri müzakirə ediblər.
"Biz insanlara bir daha xatırlatmaq istəyirik ki, Qobustan qüdrətli aktivləşmə zonası, bəşər sivilizasiyasının yarana biləcəyi nəhəng bir məkandır. Artıq bəzi antropoloqlar və tarixçilər qədim insanların məhz Qafqaz mənşəli olduqları barədə versiyanı irəli sürürlər. Bu fərziyyənin hələ ciddi elmi sübutu yoxdur, lakin biz buna diqqət yetirməyi vacib hesab edirik", - deyə N.Jukova vurğulayıb.
Dəyirmi masanın moderatoru qeyd edib ki, tədbirin vəzifəsi müxtəlif fikirləri qarşı-qarşıya qoymaq deyil, "mümkün olanın sərhədlərinə baxmaqdır, çünki reallıq hamı üçün fərqlidir":
"Alimlər sübuta yetirilə bilən faktlara arxalanır, bəziləri isə sadəcə olaraq müəyyən hadisələrin varlığına inanırlar", - N.Jukova bildirib.
O qeyd edib ki, bu ecazkar yerə həsr olunmuş "Qobustan kodları" sərgisi "Nine Senses" incəsənət mərkəzində daha bir neçə ay davam edəcək.
Tədbir Toğrul Əfşarın Qobustanın mənzərəli yerlərində lentə alınmış filminin nümayişi ilə başlayıb. Film insan və təbiət arasındakı müqəddəs əlaqəni araşdırır və tamaşaçılara "qüvvə yerlərinin" unikal enerjisini açır.
Filmin rejissoru Toğrul Əfşar Oxu.Az-a bildirib ki, ikinci hissənin çəkilişləri sözün əsl mənasında bir neçə gün ərzində baş tutub. Bir hissəsi "Nine Senses"in divarları arasında, digəri isə Qobustanda lentə alınıb.
Filmin nümayişi məruzəçilərin çıxışları və iştirakçılar arasında fəal müzakirələrlə davam edib.
Tədbirin spikeri, Qobustan şamanı Tərlan Manafov çıxışı çərçivəsində "Qobustan kodları" ilə bağlı fikirlərini bölüşüb. Məruzədə Qobustanın qədim adət-ənənələrin, mifologiyanın və dünyagörüşlərinin kəsişdiyi sirli məkan kimi unikallığına toxunulub.
O, Oxu.Az-a açıqlamasında Azərbaycanda ezoterik turizmi inkişaf etdirmək üçün həyata keçirilən möhtəşəm layihədən danışıb.
"Məqsədimiz Azərbaycanın mənəvi irsinin unikallığını və əhəmiyyətini bütün dünyaya göstərməkdir. Burada kiçik bir ərazidə bir çox dinlərin kökləri, qədim biliklər cəmləşib", - deyə Manafov qeyd edib.
Onun sözlərinə görə, bu dəyirmi masa böyük möhtəşəm layihə - Sirli Azərbaycan mərkəzinin qurulması çərçivəsində keçirilir.
"Elmi və mistik yanaşmaların sintezi dünyanın hər yerindən mistika axtaranları Azərbaycana cəlb edərək unikal turizm məhsulu yaratmağa imkan verəcək.
Qobustan planetin ibtidai sivilizasiyaların yarandığı 5-6 yerdən biridir. Bu region güclü enerji və informasiya resurslarına malikdir. Bir çox insanlar mənəvi bilik üçün Hindistana, Tibetə və Baliyə gedirlər. Amma Azərbaycan bu yerlərdən heç də pis deyil, hətta müəyyən mənada üstündür. Burada qədim mədəniyyətlər və müqəddəs biliklər daha yığcam və cəmlənmiş formadadır. Ezoterik turizmin inkişafı Azərbaycanı dünyanın incisi, qədim mədəniyyətə, nadir mənəvi irsə malik müqəddəs diyar kimi təqdim etməyə imkan verəcək", - deyə Manafov vurğulayıb.
Tədbirdə həmçinin "Həyəcan" QHT-nin sədri, meşə biomüxtəlifliyi üzrə ekspert Əliheydər Məmmədov çıxış edib. Məruzəçi Azərbaycanın qədim sivilizasiyalarını onların mənəvi və ekoloji irsi prizmasından tədqiq edib.
Tədbirdə çıxış edən yerli tarixçi, "Artifakt Ovçuları" təşəbbüs qrupunun rəhbəri Sabit Coculu türk rəmzlərinin qorunub saxlanmasının, Qobustanın qorunan obyektlər siyahısına daxil edilməsinin vacibliyini vurğulayıb.
Tədbirin ab-havasını istedadlı pianoçu Leyla Quliyevanın klassik musiqinin möhtəşəm ifası tamamlayıb.
Əsas məqamlardan biri də istedadlı fotoqraf və rejissor İlkin Zəfərlinin yaratdığı "Qobustan-3029" bədii dioramasının təqdimatı olub. Bu unikal əsər tamaşaçıları müqəddəs ərazinin mifologiya, müasirlik və futurizmini birləşdirən yeni ölçüdə görünən xəyali reallığa daşıyıb.
Dəyirmi masanın kulminasiya nöqtəsi "Niyyət haqqında Yekun Bəyannamə: Qobustan kodları - Azərbaycanın gələcəyinə yol" adlı sənədin imzalanması olub.
Tədbir iştirakçıları Qobustanın qlobal əhəmiyyətli əsas məkan kimi tanıdılması üçün səylərini birləşdirməyə hazır olduqlarını bildiriblər.
Bəyannamədə ezoterik turizmin inkişafı, inteqrasiya olunmuş turizm proqramlarının yaradılması və mədəniyyətlərarası dialoqun təşviqi ilə bağlı iddialı məqsədlər qoyulub. Bu nadir qədim abidəyə dünya ictimaiyyətinin diqqətini cəlb edəcək beynəlxalq tədbirlərin təşkili nəzərdə tutulur.
Rufina Abdullayeva
Seçilən
57
50
oxu.az

10Mənbələr