Türkiyənin Paxlava və Şirniyyat İstehsalçıları Assosiasiyasının (BAKTAD) və “Rəmzioğlu paxlava”nın təşkilatçılığı ilə keçirilən “13-cü Ənənəvi Qızıl Oxlova Paxlava Ustaları Müsabiqəsi və Şirniyyat Festivalı” bu il paytaxt Bakıda təşkil olunub.
Festivalın məqsədi Türkiyə və Azərbaycan paxlava istehsalçıları arasında əməkdaşlığın inkişaf etdirilməsi, iki ölkənin paxlava və şirniyyatlarının xarici ölkələrdə birgə tanıdılmasıdır.
Festivalda Türkiyəyə məxsus 60 növ şirniyyat, Azərbaycandan isə Bakı, Qəbələ, Şəki paxlavalarının da daxil olduğu 10 növ şirniyyat nümayiş etdirilib.
Sonra milli rəqslər nümayiş etdirilib, incəsənət xadimlərinin ifaları dinlənilib, festival iştirakçılarına paxlavanın hazırlanması prosesi göstərilib.
Festivalda ziyarətçilərə 20 min dilim paxlava paylanıb.
Festivalın sonunda XQ əməkdaşının müxtəlif sertifikat və mükafatlara layiq görülmüş paxlava ustalarından aldığı müsahibəsini təqdim edirik:
Mayıl Əlizadə, “Rəmzioğlu paxlava” şirkətinin azərbaycanlı təmsilçisi: Festival çox uğurlu oldu. Buna görə təşkilatçılara təşəkkür edirəm. Ən gözəl hədiyyə isə mükafata layiq görülməyim idi. Bir daha əməyi keçən hər kəsə minnətdarlıq edir, məsləkdaşlarıma uğurlar arzulayıram.
Orhan Öztürk, “Rəmzioğlu paxlava” şirkətinin türk təmsilçisi: Festival çox xoşuma gəldi. Mən də türk paxlava ustası olaraq, burada iştirak edirəm. Bu gün türk paxlavasının necə hazırlandığını iştirakçılara göstərdik. Əminəm ki, hər kəs çox bəyəndi. Azərbaycan və Türk xalqı hər zaman bir-birinə dəstək olur. Azərbaycanlıları çox sevirik.
Fidan SALMANOVA
XQ