AZ

"Nine Senses" incəsənət mərkəzində "Qobustan bəşəriyyətin sirli kodu kimi" adlı unikal dəyirmi masa keçirilib

"Nine Senses" incəsənət mərkəzində qədim Qobustan sivilizasiyası fenomeninə həsr olunmuş "Qobustan bəşəriyyətin sirli kodu kimi" adlı unikal dəyirmi masa keçirilib.

"Report" xəbər verir ki, tədbir AZBRAND-ın dəstəyi ilə "Qobustan kodları" tədqiqat proqramı çərçivəsində təşkil olunub.

Dəyirmi masaya moderatorluq edən “Nine Senses” incəsənət mərkəzinin direktoru Natalya Jukova “Qobustan kodları” sərgisinin konsepsiyasından danışıb.

O vurğulayıb ki, dəyirmi masanın keçirilməsində məqsəd Qobustanın qədim irsinin öyrənilməsinə iki yanaşmanın - elmi və ezoterik yanaşmanın müzakirəsi olub.

N.Jukova qeyd edib ki, bu ecazkar yerə həsr olunmuş "Qobustan kodları" sərgisi "Nine Senses" incəsənət mərkəzində daha bir neçə ay davam edəcək.

Filmin nümayişi məruzəçilərin çıxışları və iştirakçılar arasında fəal müzakirələrlə davam edib.

Tədbirin spikeri, Qobustan şamanı Tərlan Manafov çıxışı çərçivəsində "Qobustan kodları" ilə bağlı fikirlərini bölüşüb. Məruzədə Qobustanın qədim adət-ənənələrin, mifologiyanın və dünyagörüşlərinin kəsişdiyi sirli məkan kimi unikallığına toxunulub.

"Məqsədimiz Azərbaycanın mənəvi irsinin unikallığını və əhəmiyyətini bütün dünyaya göstərməkdir. Burada kiçik bir ərazidə bir çox dinlərin kökləri, qədim biliklər cəmləşib", - Manafov söyləyib.

Onun sözlərinə görə, bu dəyirmi masa böyük möhtəşəm layihə - Sirli Azərbaycan mərkəzinin qurulması çərçivəsində keçirilir.

Tədbirdə çıxış edən yerli tarixçi, "Artifakt Ovçuları" təşəbbüs qrupunun rəhbəri Sabit Coculu türk rəmzlərinin qorunub saxlanmasının, Qobustanın qorunan obyektlər siyahısına daxil edilməsinin vacibliyini vurğulayıb.

Əsas məqamlardan biri də istedadlı fotoqraf və rejissor İlkin Zəfərlinin yaratdığı "Qobustan-3029" bədii dioramasının təqdimatı olub. Bu unikal əsər tamaşaçıları müqəddəs ərazinin mifologiya, müasirlik və futurizmini birləşdirən yeni ölçüdə görünən xəyali reallığa daşıyıb.

Dəyirmi masanın kulminasiya nöqtəsi "Niyyət haqqında Yekun Bəyannamə: Qobustan kodları - Azərbaycanın gələcəyinə yol" adlı sənədin imzalanması olub.

Tədbir iştirakçıları Qobustanın qlobal əhəmiyyətli əsas məkan kimi tanıdılması üçün səylərini birləşdirməyə hazır olduqlarını bildiriblər.

Bəyannamədə ezoterik turizmin inkişafı, inteqrasiya olunmuş turizm proqramlarının yaradılması və mədəniyyətlərarası dialoqun təşviqi ilə bağlı iddialı məqsədlər qoyulub. Bu nadir qədim abidəyə dünya ictimaiyyətinin diqqətini cəlb edəcək beynəlxalq tədbirlərin təşkili nəzərdə tutulur.

Seçilən
38
1
report.az

2Mənbələr