AZ

"Ritmə qarşı" rəqs müsabiqəsi yekunlaşıb

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "CAVAN" Gənclər Hərəkatı İctimai Birliyinin təşkilatçılığı və "Dəniz Mall"ın tərəfdaşlığı ilə qızlar və oğlanlar arasında keçirilən "Ritmə qarşı" rəqs müsabiqəsi yekunlaşıb. Müsabiqə istedadlı gənclərin potensialının gücləndirilməsi, incəsənətə və rəqsin müxtəlif üslublarına olan marağı artırmaq məqsədini uğurla həyata keçirib.

Hafta.az xəbər verir ki, "All styles" formatında təşkil olunan müsabiqə 16-29 yaş arası rəqqasları bir araya gətirib. Onlar səhnədə öz bacarıqlarını nümayiş etdirərək həm münsifləri, həm də tamaşaçıları heyrətləndiriblər. İştirakçılar ardıcıl "battle"larla rəqabəti zirvəyə daşıyıblar.

Münsiflər heyəti - "Nero Dance Crew"in yaradıcısı Nərgiz Useynova, “breakdance” dünyasının birincilərindən olan B-boy Stimo və Cas ən yaxşı çıxışları qiymətləndiriblər. Günün yekununda nominasiyalar üzrə "Ritmə qarşı 2024" layihəsinin qalibləri seçilib və hədiyyələrlə mükafatlandırılıb.

"Ritmə qarşı" rəqs müsabiqəsi təkcə yarışma deyil, həm də dostluq, birlik və istedadların bayramıdır. Həmin unudulmaz gün həm iştirakçılar, həm də tamaşaçılar üçün rəqsin və musiqinin birləşdirici gücünü bir daha təsdiq edib. Tədbir möhtəşəm xatirələrlə yaddaşa həkk olunub və gələcəkdə keçiriləcək oxşar layihələr üçün ilham mənbəyi olub.

"CAVAN" Gənclər Hərəkatı İB-nin icraçı direktoru Ənvər İsmayılzadə AZƏRTAC-a müsahibəsində layihənin ikinci dəfə keçirildiyini bildirib: "Keçən il martın 8-də pilot olaraq qadınlar arasında keçirilmişdisə, bu il qadınlar və kişilər arasında təşkil olunub. İştirakçılar üç nominasiya üzrə yarışdılar: cavanların seçimi, birinci və ikinci yerlər. Cavanların seçimi sırf yeni debüt etmiş rəqqaslara aiddir.

Müsabiqənin məqsədi yaradıcı gənclərin potensialının daha da yüksəldilməsi və onların daha geniş auditoriyada tanınmasını təmin etməkdir. Eyni zamanda məqsəd gəncləri asudə vaxtlarını daha səmərəli keçirməyə, onların zərərli vərdişlər əvəzinə idmana, rəqsə yönəltməkdir.

Azərbaycanda rəqs üzrə yarışlar çox deyil, gənclər öz istedadlarını çox göstərə bilmirlər. Biz onlara şərait yaradırıq ki, potensiallarını nümayiş etdirə bilsinlər.

Layihəni gələcəkdə regionlarda da keçirməyi planlaşdırırıq. Müsabiqənin azad edilmiş ərazilərdə də təşkili nəzərdə tutulur. Düşünürəm ki, müsabiqənin Şuşada keçirilməsi böyük rezonans doğura bilər".

Seçilən
8
2
hafta.az

3Mənbələr