AZ

Kurban Berdiyev: “Hamı yaxşı oynadığı üçün dəyişiklik etmədik”

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Premyer Liqasının 17-ci turunda “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, rusiyalı mütəxəssis qolsuz bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Gərgin oyun oldu. Küləyi nəzərə alsaq, müəyyən çətinlik çəkirdik. Məncə, oyun qola qədər davam edəcəkdi. Qol olmadığına görə hesabı qanunauyğun saya bilərik. Oyun ərzində dəyişiklik etməməyimizə ehtiyac duymadıq. Çünki hamı yaxşı oynadı”.

Kurban Berdıyev ilin sonuna yaxın komandanı oyunlara kökləməyin çətin olmadığını bildirib:

“Xeyr. Bu mənada heç bir problem yoxdur. Uşaqlar oyunlara həm fiziki, həm də psixoloji cəhətdən yaxşı hazırlaşırlar. Bütün komandalar kimi bizim də qış fasiləsi ilə bağlı planlarımız var. Amma hələ konkret bir şey yoxdur”.

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov isə heç-heçəni belə şərh edib:

“Olduqca gərgin və hər iki komanda üçün ağır oyun keçdi. Həftəboyu bu oyuna hazırlaşırdıq. Çox yaxşı mübarizə aparırdıq, intizamlı idik. Rəqibə qol epizodu vermədik. Rəqibin heyətində təhlükəli oyunçular var. Biz də hücum xəttində daha effektiv oynayıb, nəticəni öz xeyrimizə çevirə bilərdik. Ona da “Turan Tovuz”un kompakt, müdafiə xəttinin inamlı oyunu imkan vermədi.

Bizi növbəti həftə finala bərabər oyun gözləyir. Avrokuboklara namizəd rəqiblər bir-biri ilə oynayır. Biz də “ölüm-dirim” mübarizəsi aparan “Səbail”lə qarşılaşacağıq. Özü də səfərdə. “Səbail”lə oyun bizim üçün çempionatın bəlkə də ən vacib görüşü olacaq”.

Rəşad Sadıqov qışda heyətə yeni oyunçular cəlb etməklə bağlı planlarını da açıqlayıb:

“Daxili çempionatda hər bir komandada yaxşı futbolçu var ki, heyətində görmək istəyərsən. Bəzi mövqeləri gücləndirmək və rəqabəti artırmaq istəyərik. Bütün məşqçilər bunu istəyər. Xaricdə baxdığımız hansısa futbolçu yoxdur. Qış dönəmimdə hələ ki, planımızda transfer yoxdur”.

Seçilən
35
arena.az

1Mənbələr