AZ

Ali təhsil sisteminə 7 yeni ixtisas əlavə olunub - Bəs kadr hazırlığı necə gedir?

Müasir təhsil sistemi rəqəmsal çağırışlara hazır olmalıdır. Bu siqnalın əmək bazarından təhsil proqramlarına keçidini sürətləndirmək, işəgötürənləri təhsil müəssisələri ilə qarşılıqlı əlaqəyə daxil etmək artıq milli təhsilin də qarşısında duran məsələlərdəndir.

Bu günlərdə ali təhsilin müxtəlif səviyyələri üzrə ixtisasların təsnifatlarının təsdiqlənməsi də yeni reallıq üçün təhsil istiqamətində addım kimi dəyərləndirilə bilər. Belə ki, ali təhsilin bakalavriat, əsas (baza ali) tibb təhsili, magistratura səviyyəsi, eyni zamanda ali təhsilin rezidentura səviyyəsi üzrə ixtisasların təsnifatı təsdiq edilib. Bakalavriat səviyyəsi üzrə bəzi ixtisasların adları dəyişdirilib, bəzi ixtisaslar isə bu təhsil pilləsi üzrə təsnifata əlavə olunub. Təsdiq edilən yeni təsnifata bakalavriat səviyyəsi üzrə 153, əsas tibb təhsili səviyyəsi üzrə 3, magistratura səviyyəsi üzrə 129, rezidentura səviyyəsi üzrə 44 ixtisas daxil edilib. Ümumilikdə, bakalavr səviyyəsi üzrə 7 yeni ixtisas təsnifata əlavə olunub ki, onlar "Riyaziyyat və fizika müəllimliyi, "Data analitikası", "Kənd təsərrüfatı texnologiyaları", "Heyvandarlıq", "Qidalanma və diyetologiya", "Proqram təminatı mühəndisliyi" və "Qida texnologiyaları" ixtisaslarından ibarətdir. Eyni zamanda, doqquz ixtisasın adında dəyişiklik edilib.

Magistratura səviyyəsi üzrə isə 34 ixtisasın təsnifatı dəyişdirilib, 20 ixtisas təsnifatdan çıxarılıb. Qeyd edilib ki, yeni ixtisaslar növbəti ildə təhsil ocaqlarında tədris ediləcək.

Mütəxəssislər hesab edir ki, yeni yaradılan və adında dəyişiklik olan ixtisaslar təkcə milli təhsil sisteminin yenilənməsi üçün deyil, ümumilikdə ölkənin iqtisadi, texnoloji və sosial inkişafına dəstək göstərən sahələr üçün kadr hazırlığına yol açır. Tələbələrin bu imkanlardan yararlanması üçünsə təhsil müəssisələrində müasir laboratoriyaların, praktik mərkəzlərin və bu sahələr üzrə ixtisasları tədris edən müəllim heyətinin olması mütləqdir ki, tələbələr tədris prosesində nəzəri biliklərlə yanaşı, praktiki təcrübələrə də yiyələnə bilsinlər.

Bəs yeni reallıqda təhsil istiqamətində yaradılan ixtisasların tədrisi üçün kadr potensialı və mükəmməl proqram necə, varmı?

Ekspertlərimiz məsələyə ümidlə yanaşsalar da, çətinliklərin olduğunu da inkar etmirlər.

"Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edirik.

"Kadr yoxdur, amma bu, qorxulu bir şey deyil"

"Yeni ixtisasları tədris etmək üçün kadr ola bilsin ki, yoxdur, amma bu, qorxulu bir şey deyil", - deyə professor Şahlar Əsgərov bildirir: "Əsas odur ki, yeni ixtisaslar cəmiyyətin tələbatına uyğun olsun. Kadrı hazırlamaqla və ya qonşu ixtisasdan kadr cəlb etməklə bu problemi həll etmək olar. Hesab edirəm ki, yeni ixtisasları artırmaq ağıllı addımdır. Həmin ixtisaslar çox əhəmiyyətli, yeni dövrə uyğun, cəmiyyətin bütün sahələrində inkişafa təkan verə biləcək ixtisaslardır. İxtisas varsa, kadr da yetişəcək". Professor hesab edir ki, 2025-ci ildə tədris olunacaq yeni ixtisaslara marağın artırılması, təhsil və əmək bazarı arasında əlaqələrin gücləndirilməsi ilə mümkündür.

"İqtisadiyyatın inkişafı baxımından da əhəmiyyətlidir"

Azərbaycan Tibb Universitetinin professoru Adil Qeybulla hesab edir ki, ölkədə müxtəlif istehsal sahələri və həyatın bütün istiqamətləri üzrə mütəxəssislərin hazırlanması çox vacibdir: "Bu, bizim iqtisadiyyatın inkişafı baxımından da əhəmiyyətlidir. O cümlədən, səhiyyə, təhsil və digər sahələr üçün də önəmlidir. Bu baxımdan, təhsil sahələrinin mütəxəssislərinin və ixtisasların identifikasiyasının müəyyən edilməsi alqışlanmalıdır. Amma ilk növbədə bu ixtisasları tələbələrə öyrədə bilən mütəxəssislərin olması lazımdır. Bunun üçün infrastruktur qurulmalıdır. Məsələn tibdə rezidentura səviyyəsində, başqa sahələrdə magistr səviyyəsində hazırlayan mütəxəssislər lazımdır ki, həmin gənclər sonra lazımi səviyyədə fəaliyyət göstərə bilsinlər. Yalnız o halda biz həmin ixtisasların ali təhsildə uğurlu tətbiqini həyata keçirə bilərik. Olsun ki, lazımi qurumlar yeni ixtisasların yaradılmasını və bəzilərinin dəyişdirilməsini adekvat hesab edib və bu addımı atıblar". Professorun fikrincə, yeni ixtisasların yaranması ilə bağlı ciddi araşdırma da ortaya qoyulmalıdır.

"İxtisas artımı spontan bir iş deyil"

ADA Universitetinin professoru Gülməmməd Məmmədov hesab edir ki, əgər bu ixtisaslar üçün müraciətlər edilibsə, bunu edən ali təhsil müəssisələri o istiqamətdə yüksəkkeyfiyyətli təhsil verə biləcək kadr potensialının olmasından əmindirlər: "İxtisas artımı spontan, planlanmamış bir iş deyil. Mənim işlədiyim dövrdə ADA Universitetində də dəfələrlə yeni ixtisaslar yaratmışıq. Biz bu ixtisaslarda oxuyacaq tələbələrin alacaqları dərsləri tədris edəcək müəllim potensialının olmasından əmin olandan sonra belə ixtisasları yaradırıq və bunun üçün lazımi müraciətləri edirik. Düşünürəm ki, digər ali təhsil müəssisələri də eyni prinsiplə belə müraciətləri ediblər". G.Məmmədovun sözlərinə görə, Dövlət Proqramı çərçivəsində xarici ölkələrdə doktorantura səviyyəsində təhsil alan xeyli gənc var ki, onlar yaxın illərdə təhsillərini başa vurub ölkəmizə qayıdacaqlar. Bu, həmin ixtisaslar sahəsində kadr potensialının artması deməkdir: "Yeni yaranan ixtisaslar üzrə əminəm ki, ali təhsil alan şəxslər var və onlar yəqin ki, bu prosesə cəlb ediləcəklər. Mənə elə gəlir ki, bu müraciətləri edən ali təhsil müəssisələri o şəxslərin geri dönəcəyini göz önünə alaraq yeni ixtisaslar yaratmaq qərarını veriblər". G.Məmmədov yeni qərarı mütərəqqi addım kimi dəyərləndirir: "Çünki yeni dövrə, iqtisadi tendensiyaya uyğun olaraq fəaliyyət sahələri yaranır və o sahələrdə çalışacaq yüksək ixtisaslı kadrlara ehtiyac var. Həmin ixtisasların ali təhsil müəssisələrində mövcud olan sahələrini genişləndirmək və yeni profillər yaratmaq zərurətdən irəli gələn işdir".

Mənbə: oxu.az

Seçilən
35
1
oxu.az

2Mənbələr