AZ

Dünya Əsəd ailəsinin milyardlarla dollarlıq sərvətinin izinə düşdü– Bəşərin B planı nə olub…

Image

Dekabrın 8–də müxalif qruplar Suriyada Bəəs rejimini devirdi və Əsəd ailəsi ilə birlikdə Rusiyaya qaçdı. Əsədin milyard dollarlıq sərvətinin necə olacağı isə maraq doğurur.

“Wall Street Journal” yazır ki, başqa diktatorların xaricdə gizlədilən sərvətlərinin geri qaytarılması cəhdlərinin illər boyu davam etməsini nəzərə alsaq, Əsədin var-dövlətinin izinə düşmək çox da asan olmayacaq və çox vaxt aparacaq. Bir çox aktivlər saxta şirkətləri vasitəsilə idarə olunur, bu da onları izləməyi çətinləşdirir.

Təhlilçilər deyirlər ki, Hafiz Əsəd 1970-ci ildə hakimiyyətə gəldikdən sonra Əsəd və ailəsi investisiya və kommersiya aktivlərindən ibarət mürəkkəb şəbəkə yaradıblar. Qəzetə danışan ABŞ-ın keçmiş rəsmiləri Bəşər Əsədin yaxın qohumlarının Rusiyada daşınmaz əmlak, Vyanada (Avstriya) otel və Dubayda (BƏƏ) şəxsi təyyarə də satın aldığını bildirirlər. Məsləhətçilər və tədqiqat firmalarının fikrincə, ailə daşınmaz əmlaka, otellərə və hətta Argentinada çay biznesinə sərmayə qoyub.

O da qeyd edilir ki, Bəşər Əsəd atası kimi xaricdəki var-dövlətini gizlətmək üçün fəal şəkildə qohumlarını işə cəlb edib. Bu sərvətin nə qədər olduğu dəqiq məlum deyil, lakin ABŞ Dövlət Departamentinin 2022-ci il hesabatına görə, 1 milyard dollardan 12 milyard dollara qədər ola bilər.

Əsəd və onun qohumları sərvətlərini inhisarçılıq və qeyri-qanuni ticarət, xüsusən də “captagon” adlı narkotik vasitəsi ilə əldə ediblər, vəsaitlərin bir hissəsi nəzarətsiz bölgələrdə yenidən sərmayəyə çevrilib. Sanksiyalar və beynəlxalq araşdırmalara baxmayaraq, Əsəd ailəsinin bir çox üzvünün isə dəqiq harada olduqları bilinmir.

 “Wall Street Journal” yazır ki, diktator rejiminin əsas fiqurları arasında JPMorgan bankının keçmiş əməkdaşı kimi ailənin maliyyə əməliyyatlarında fəal iştirak edən həyat yoldaşı Esma Əsəd seçilir.

İnsan haqları vəkilləri indi bu sərvətin izinə düşərək onları Suriya xalqına qaytarmağı planlaşdırdıqlarını və bu pulları qaytarmağı Suriya xalqına borclu olduqlarını bildiriblər. Bununla belə, Dubay və ya Rusiya kimi vergi cənnətlərində aktivlərin geri qaytarılması daha çətin proses kimi qiymətləndirilir.

Eyni zamanda, bəzi suriyalıların bununla bağlı artıq hərəkətə keçdiyi, Əsəd ailəsinin malikanələrini, lüks avtomobillərinin və sənət əsərlərinin olduğu qarajları qarət etməyə başladığı qeyd edilib.

Ağ Evin keçmiş rəsmisi Endryu Teybler isə bildirib ki, Əsəd rejiminin var-dövlətini aşkarlamaq üçün beynəlxalq axtarış olacaq: “Onların həmişə B planı olub, indi isə sürgünə hazırdırlar”.

Qeyd edək ki, Əsəd ailəsinin aktivlərinin dondurulması cəhdləri bir neçə il əvvəl başlayıb. Xüsusilə, 2019-cu ildə Paris məhkəməsi Bəşər Əsədin əmisi Rifatın dövlət vəsaitlərinin mənimsənilməsi nəticəsində əldə olunmuş qeyri-qanuni gəlirlərin yuyulması ilə əldə etdiyi 90 milyon avro dəyərində aktivlərini bloklayıb.

TAHİR





phrase_var_article.chosen
40
baki-xeber.com

1phrase_var_article.sources