Premyer Liqa təmsilçisi “Vulverhempton” ingilis mütəxəssis Qari O’Nili “canavarlar”ın baş məşqçisi vəzifəsindən azad edib.
Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən məlumat verir:
“Biz Qariyə klubda olduğu müddətdə göstərdiyi bütün səy, fədakarlıq və zəhmətə görə çox minnətdarıq və ona və komandasına gələcək üçün uğurlar arzulayırıq”, “canavarlar”ın rəsmi bəyanatında deyilir.
Vurğulayaq ki, istefaya komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub. Klub rəhbərliyi İngiltərə Premyer Liqasının 16-cı turu çərçivəsində “canavarlar”ın “İpsviç Taun”a 1:2 hesablı ev məğlubiyyətdən sonra müvafiq istefa qərarını qəbul edib.
“Daily Mail” nəşrinin məlumatına görə, ingilis mütəxəssisin yerinə əsas namizəd “Mançester Yunayted”in keçmiş baş məşqçisi, norveçli mütəxəssis Ule-Qunnar Sulşerdir.
Qari O’Nil “Vulverhempton”un sükanı arxasına 2023-cü ilin avqustunda gətirilmişdi. İngilis mütəxəssis bu müddətdə “canavarlar”ı 63 oyuna çıxarıb. Komanda bu oyunlarda 20 qələbə qazanıb, 11 heç-heçə edib, 32 məğlubiyyət yaşayıb. Premyer Liqa təmsilçisinin top fərqi isə 94:117 nisbətindədir.
Qari O’Nil daha öncə İngiltərə Premyer Liqasının digər təmsilçisi “Bornmut”a da rəhbərlik edib.
Başsız qalmış “canavarlar” İngiltərə Premyer Liqasında 16 oyundan 9 xalla yarış cədvəlinin sonuncudan əvvəlki, 19-cu pilləsində qərarlaşıblar. Komanda 16 oyunda cəmi 2 qələbə qazanıb, 3 heç-heçə edib, 11 məğlubiyyətə üzülüb.