AZ

Coşqun Diniyev və Vüsal İsgəndərlinin yoxluğunda heç-heçə

Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin formasını geyindiyi “Bandırmaspor” komandası bu gün növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda TFF 1-ci Liqanın 2024/2025-ci illər mövsümünün 16-cı turu çərçivəsində “Gənclərbirliyi” ilə qarşılaşıb.

Coşqunun komandası doğma meydanda baş tutan bu qarşılaşmadan heç-heçə ilə ayrılıb – 2:2.

Diniyev bu oyunun iştirakçısı olmayıb. Ötən tur qırmızı vərəqə aldığı üçün cəzalı duruma düşmüş azərbaycanlı futbolçu bu dəfə komandasına kömək edə bilməyib.

Xatırladaq ki, Coşqun Diniyev ötən mövsümü Türkiyə Birinci Liqasının digər təmsilçisi “Ümraniyəspor”da keçirib. 28 yaşlı azərbaycanlı futbolçu bu yay “Bandırmaspor”la 1 illik (2025-ci ilin 30 iyununa qədər) müqaviləyə imza atıb. O, bu komandanın heyətində 14 oyun keçirib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər azərbaycanlı futbolçu – Vüsal İsgəndərlinin komandası “Boluspor” da bu turu xal itkisi ilə başa vurub. Bolu təmsilçisi səfərdə “Fatih Karagümrük”lə qarşılaşıb. Bu oyunda da qapılara 4 qol vurulduğu halda, qalib müəyyənləşməyib – 2:2. Vüsal bu oyunun iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.

Vüsal İsgəndərli “Boluspor”a bu ilin yanvar ayında Albaniyanın “Eqnatiya” klubundan 150 min avroya transfer olunub. Onun Türkiyə klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi var. Azərbaycanlı futbolçu Bolu təmsilçisində 18 matça çıxıb, fərqlənə bilməyib.

Beləliklə, “Bandırmaspor” xal itkisinə baxmayaraq, 16 turdan sonra 32 xalla birinci pillədə qərarlaşıb. “Boluspor” isə 22 xalla 10-cudur.

phrase_var_article.chosen
40
arena.az

1phrase_var_article.sources