AZ

Böyük Britaniya Suriyadakı yeni rəhbərlik ilə diplomatik əlaqə saxlayıb

London, 16 dekabr, AZƏRTAC

Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi Suriya Prezidenti Bəşər Əsədin devrilməsindən sonra ölkənin nəzarətini ələ keçirən “Həyat Təhrir əş-Şam” (HTŞ) qruplaşması ilə diplomatik əlaqələrin qurulduğunu təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, HTŞ hələ də Britaniyada terror təşkilatı kimi tanınsa da, Böyük Britaniya zəruri hal səbəbindən diplomatik və kəşfiyyat kanalları vasitəsilə qruplaşma ilə əlaqə saxlayıb.

David Lemmi bu barədə açıqlama verərək Suriyada təmsilçi və inklüziv bir hökumət görmək istədiklərini deyib: “Kimyəvi silah anbarlarının təhlükəsizliyini təmin etmək və onların istifadəsinin qarşısını almaq, eləcə də davam edən zorakılığın sona çatmasını təmin etmək niyyətindəyik. Bütün bu səbəblərə görə mövcud olan bütün kanallardan istifadə edərək, yəni diplomatik və əlbəttə ki, kəşfiyyat yönümlü kanallardan istifadə edərək, HTŞ ilə zəruri hallarda əlaqə qurmağa çalışırıq”,- deyə nazir bildirib.

Qeyd edək ki, ABŞ Dövlət katibi Antoni Blinken isə şənbə günü ABŞ-ın HTŞ ilə birbaşa əlaqə qurduğunu bəyan edib.

 
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri

London

phrase_var_article.chosen
50
2
azertag.az

3phrase_var_article.sources