"Sabah" böyümək və gələcəyə yatırım məqsədi ilə yeni layihəni həyata keçirib.

Offsideplus.az xəbər verir ki, Bakı təmsilçisi yeni bazaya köçüb. "Bayquşlar" köhnə "AZAL Arena"nı əsaslı təmir etdirib. Artıq bura "Sabah Futbol Mərkəzi" adlanacaq. Komanda məşqlərini burada keçirəcək, futbolçular burada məskunlaşacaq.

Bu məqamdan sonra ağıla bir sual gəlir. "Sabah" Masazırı tərk edir? Klub Şüvəlandakı bazaya nə yaxşı köçüb? Məsələ ilə bağlı redaksiyamıza informasiya daxil olub.

Əvvəla onu deyək ki, Masazırda klubun məskunlaşması üçün baza yox idi. Burada ancaq stadion və ehtiyac meydança var. Masazırda futbolçuların qalması üçün yer yox idi. Amma "Sabah Futbol Mərkəzi"də futbolçuların məskunlaşması üçün bina var. Burada üzgüçülüklə məsğul olmaq üçün hovuz, yeməkxana, trenajor zalı var. Bundan əlavə, oyunçuların istirahət etməsi üçün əlavə otaq yaradılıb. Meydançanın suni ot örtüyü təbii ilə əvəzlənib. Təbii ki, bunların hamısı klubun gələcəyi və inkişaf etməsi üçün təşkil edilib.

Əvvəllər "AZAL Arena"da Premyer Liqa və Azərbaycan Kubokunun oyunları keçirilirdi. Görəsən, "Sabah" bu məqamdan istifadə edəcək? Komandanın ev oyunları burada keçiriləcək?

Məsələ ilə bağlı klubun mövqeyini öyrəndik. Mətbuat katibi Elhur Həmidov Offsideplus.az-a açıqlamasında bunları söylədi:

"Şüvəlandakı bazadan ancaq məşqlər üçün istifadə ediləcək. Baza yenidən təmir olunub, orada komandanın hazırlıq keçməsi üçün hər cür şərait var. Çempionatda və kubokda oyunlar həmişə olduğu kimi "Bank Respublika Arena"da olacaq".