AZ

Gürcüstanda siyasi böhran: Cəmiyyət, hakimiyyət və xarici təsirlər arasında

Dekabrın 14-də Gürcüstanda keçirilən prezident seçkiləri ölkədə böyük rezonans doğurub . Hakim partiya  "Gürcü Arzusu" tərəfindən irəli sürülən yeni prezident Mixail Kavelashvili  nə müxalifət, nə də bəzi beynəlxalq təşkilatlar tərəfindən tanınıb.Nəticədə ölkə iki prezident iddiası ilə üzləşib: biri Salome Zurabişvili, digəri isə yeni seçilmiş Kavelashvili. Bu vəziyyət Gürcüstanda onsuz da gərgin olan siyasi atmosferi daha da qızışdırıb.

Nə baş verir? 

Bu dəfə prezident seçkiləri xalqın səsi ilə deyil, parlament qərarı ilə baş tutdu. Parlamentin 300 üzvündən 224-ü Mixail Kavelashvilinin lehinə səs verdi. Amma hazırkı prezident Salome Zurabişvili bu nəticəni tanımadı və istefa verməkdən imtina etdi. Müxalifətin liderləri isə seçkilərin saxta olduğunu iddia edərək etiraz aksiyalarına başladılar.

 Artıq həftələrdir ki, Gürcüstanda küçələr müxalifət tərəfdarları ilə doludur. İnsanlar daha şəffaf seçkilər və dəyişikliklər tələb edir.

 İki prezident iddiası isə Gürcüstanda görünməmiş bir vəziyyət yaradıb. Dekabrın 16-da Salome Zurabişvilinin Gürcüstan prezidenti kimi səlahiyyətləri rəsmən başa çatır, lakin o Gürcü arzusunun qələbə çaldığı parlament seçkisini legitim hesab etmir və heç yerə getməyəcəyini deyir. Gürcü Arzusu deputatları Zurabişviliyə "prezident kreslosunu ona verməyə hazır olduqlarını" bildiriblər. Onlar  deyiblər ki, Zurabişvili öz istəyi ilə vəzifəsini tərk etməsə, hüquq-mühafizə orqanları onu zorla prezident sarayından çıxarıb, nəzarətə götürəcək.

Xatırladaq ki, Gürcüstan parlamentli respublikadır. Ölkədə siyasi hakimiyyət  ali qanunverici orqanın və onun təyin etdiyi hökumətin əlində cəmləşib. Gürcüstan prezidentinin vəzifəsinə xaricdə ölkəni təmsil etmək və bəzi qanun layihələrinə veto qoymaq hüququ daxildir. Parlament üzvləri də səslərin üçdə ikisi ilə dövlət başçısını vəzifəsindən uzaqlaşdıra bilər.



Ümumiyyətlə şimaldan və qərbdən sıxışdırılan  Gürcüstanın coğrafiyası onu həmişə böyük dövlətlərin maraq dairəsində saxlayıb. Hazırkı siyasi böhran da bu tarixi qanunauyğunluqdan kənarda deyil. Ölkə, Rusiya ilə Qərb arasında bir növ “ip üzərində gəzən” vəziyyətdədir.

Burada eyni zamanda ABŞ ilə Rusiyanın mübarizəsi də unudulmamalıdır. 

 Hadisələr göstərir ki, Gürcüstan öz gələcəyini təyin etməkdə  çətinlik çəkir.

Qərb ölkələri, xüsusilə Avropa İttifaqı və ABŞ, seçki nəticələrini və prosesi açıq şəkildə tənqid ediblər. Avropa Parlamenti Gürcüstanda təkrar seçkilərin keçirilməsini tələb edən qətnamə qəbul edib. ABŞ isə Gürcüstanla olan bəzi strateji layihələri dayandırıb.  

"Gürcüstanın öz dəyərləri və ənənələri olmayan hər hansı təşkilata qoşulmasının mənası yoxdur. Bunu dekabrın 15-də Gürcüstanın yeni seçilmiş prezidenti Mixail Kavelaşvili “İmedi” telekanalına müsahibəsində deyib.

O qeyd edib ki, Gürcüstan öz ənənələri ilə Avropa İttifaqına daxil olmaq arzusunu ifadə edərək, Avropaya inteqrasiyadan imtina etmir. Kavelaşvili bildirib ki, Gürcüstan hakimiyyəti istənilən məsələ ilə bağlı müzakirələrə hazırdır, lakin Qərb ölkələri bunun müqabilində istək nümayiş etdirmir, sadəcə olaraq Gürcüstanı tənqid edir.

Rusiya  vəziyyəti öz xeyrinə istifadə etməyə çalışır. Gürcüstanın hakim partiyasının Qərbin tələblərinə qarşı çıxması və milli dəyərləri ön plana çəkməsi Moskvanın təsirini artırmağa kömək edir.

İç siyasətdə olan ziddiyyətlər Gürcüstan cəmiyyətini iki əsas düşərgəyə bölüb. Bir tərəf Avropa İttifaqına üzvlük və Qərbə inteqrasiyanı dəstəkləyir, digər tərəf isə milli dəyərləri qorumaq və müstəqilliyi prioritet kimi görür.

Tbilisinin Avropa İttifaqına qoşulma prosesini 2028-ci ilə qədər təxirə salması və qrantlardan imtina etməsi Avropayönümlü qüvvələr arasında narazılığa səbəb olub. 

Ekspertlər hesab edirlər ki,  etirazlar  29 dekabrda prezidentin andiçmə mərasimi zamanı kəskinləşə bilər. Həmçinin 16 dekabrda da etirazlar baş verə bilər, çünki bu gün Avropa İttifaqının xarici işlər nazirləri Gürcüstana qarşı yeni sanksiyalar tətbiq edilməsi məsələsini müzakirə edəcəklər.

Hakim partiya "Gürcü arzusu"nun Qərblə münasibətləri son illərin ən aşağı səviyyəsindədir. Qərb və müxalifət, hakim partiyanı Avropa İttifaqı ilə münasibətləri soyutmaqda və "Rusiya yanlısı kurs"da ittiham edir. Xüsusilə, hakim partiyanın təklifiylə əvvəllər "Xarici təsirə qarşı şəffaflıq haqqında" qanun və   Gürcüstanda LGBT təbliğatının qadağan edilməsi haqqında qanun qəbul edilib (bu hərəkat Rusiyada ekstremist təşkilat kimi qəbul edilir).

Eyni zamanda "Gürcü arzusu" bildirib ki, Ukraynada müharibənin başlamasından sonra Qərbdən  Rusiya  ilə qarşıdurma yaratmaq, Moskvaya qarşı sanksiyalar və ikinci cəbhə açmaq üçün  çağırışlar gəlməyə başlayıb. Lakin Moskva hələ də Tbilisinin ən vacib ticarət-iqtisadi tərəfdaşıdır, buna görə belə bir addım Gürcüstan üçün ağır nəticələrə səbəb ola bilər. Seçkilər ərəfəsində "Gürcü arzusu"  vurğulamışdı ki, əgər hakimiyyətdə qalarsa, ölkədə müharibə olmayacaq, amma müxalifət gələcəksə, Qərbin təzyiqi ilə onu müharibəyə cəlb edəcək.

Bəzi Avropa ölkələrinin Tbilisi ilə münasibətlərinin pisləşməsinə baxmayaraq, Gürcüstanın yeni hakimiyyəti ilə əlaqələri bərpa etmək istəyənlər də var . Məsələn, parlament seçkilərindən dərhal sonra Macarıstanın baş naziri Viktor Orban Tbilisiyə səfər edib, həmçinin Gürcüstan və Macarıstan Xarici İşlər Nazirlikləri arasında əlaqə qurulub. 

Makronun İvanişviliyə etdiyi telefon zəngi də Qərbin yeni hakimiyyətlə əlaqəni davam etdirdiyini göstərir. 

Fransa prezidenti ilə müzakirədən sonra Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin istefa verəcəyi haqda yayılan məlumatlar bu iddiaları daha da gücləndirib. Eyni zamanda Makronun Tbilisiyə zəngi regiona müdaxilə kimi də qiymətləndirilə bilər. 


Qərb Gürcüstanı tamamilə itirməkdən qorxur. Bu qorxular məhz Brüsselin Tbilisiyə qarşı yeni sanksiyalar tətbiq etməsinə mane ola bilər.

İrakli Kobaxidze bildirib ki,Tbilisinin xarici siyasət kursuna dair mövqeyi  əvvəlki kimi qalır, lakin bu, suverenlik, müstəqillik və ərazi bütövlüyü hesabına olmayacaq. Gürcüstan Avropa İttifaqına üzv olmaq üçün hər şeyi etməyə hazırdır, lakin ölkə bunun üçün "qırmızı xətləri" keçmək niyyətində deyil. Gürcüstan parlamenti və prezidenti arasında vahid mövqenin olması fonunda gələcəkdə Moskva ilə iqtisadi, mədəni və humanitar əlaqələrin aktivləşməsi mümkündür. Bununla belə, ölkələrimiz arasında diplomatik əlaqələrin bərpası haqqında danışmaq hələ tezdir.

Bəs nə olacaq?

 Gürcüstanda hadisələrin necə inkişaf edəcəyini dəqiq demək çətindir. Amma bir neçə ssenari ehtimalı var:

 Əgər tərəflər bir-birinə güzəştə getməsələr, bu, daha ciddi qarşıdurmalara və vətəndaş müharibəsi təhlükəsinə yol aça bilər. Qərb  Gürcüstana qarşı yeni sanksiyalar tətbiq edə bilər.

Qərbə meyllilik "dərsini isə Gürcüstan artıq bir dəfə keçib" və düşünürəm ki ikinci dəfə eyni səhv etməz. Çünki bu səhv yalnız Gürcüstan üçün deyil, bütün Cənubi Qafqaz üçün ağır nəticələrlə səbəb ola bilər və Qərbin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına müdaxilə imkanları da artar. 


Beləliklə, Gürcüstan üçün hazırkı vəziyyət çox çətin bir mərhələdir. Ölkənin gələcəyi üçün həmrəylik, dialoq və ağıllı qərarlar çox vacibdir. Xarici təsirlərin ölkədə parçalanma yaratmaq üçün istifadə olunmaması üçün cəmiyyət daha ayıq olmalıdır. 

Səbinə Əlizadə, news365

Seçilən
13
news365.az

1Mənbələr